BolgeXeber.Com » Xəbərlər » KÜRDƏMİRDƏ SƏHİYYƏDƏ “ÖLÜ CAN”LAR BAZARI

KÜRDƏMİRDƏ SƏHİYYƏDƏ “ÖLÜ CAN”LAR BAZARI

9-05-2016, 09:33
Oxunub: 2 177 KÜRDƏMİRDƏ SƏHİYYƏDƏ “ÖLÜ CAN”LAR BAZARIMəhəmməd Musayev staj həvəsində olan şəxslərin adlarının RMX-nın ştat cədvəlinə yazdıraraq, onların məvaciblərinə sahib çıxır

Kürdəmir rayonunun səhiyyə sistemində müşahidə olunan ciddi nöqsanlardan bəhs edən şikayət məktublarının ardı-arası kəsilmir. Müraciət edən rayon sakinləri, üz-üzə qaldıqları problemlərin həllini gözləməkdə, Kürdəmir səhiyyəsinə rəhbərlik edən Məhəmməd Musayev isə bu problemləri dərinləşdirməkdə davam edirlər.

Həmçinin daxil olan məlumatlarda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəmməd Musayevin rayonun bir çox kəndlərində də özünə "sadiq” kadrları yetişdirə bildiyindən söz açılır.Bolgexeber.com bizimdovr.az-a isttinadən xəbər verir ki, elə bir müddət əvvəl aldığımız rayonun Karrar kənd ərazi xəstəxanasının baş həkimi Mənsim Əliyevin də rəhbərlik etdiyi müəssisədə eynən öz "rəhbərinin” iş üsullarını tətbiq etdiyi vurğulanmışdı. Mənbənin deməyinə görə, Karrar xəstəxanasında yaranmış vəziyyət bura müraciət edən xəstələri çıxılmaz durumda qoyur: "Xəstəxanada antisanitar vəziyyət hökm sürür. Pasiyentlər oradakı mövcud durumdan narahatdırlar. Xəstəxana xəstələri heç nə ilə təmin etmir. Adi şorbanı da xəstələrə çox görürlər. Elə bu səbəbdən də xəstə hər şeyi özü ilə gətirir. Bundan başqa, tibb ocağının əməlli-başlı təmirə ehtiyacı var. Bu da hamıya bəllidir ki, xəstəxanaların təmir olunması üçün dövlət tərəfindən maliyyə ayrılır. Lakin baş həkim Mənsim Əliyev Kürdəmir səhiyyəsinin baş həkimi Məhəmməd Musayevlə əlbir olaraq, bu vəsaitləri mənimsəyirlər. Həmçinin Məhəmməd Musayevlə Mənsim Əliyev əlbir olaraq, müxtəlif dərman maxinasiyaları, eləcə də saxta xəstəlik tarixçələrinin açılması ilə bağlı çoxsaylı maxinasiyalar həyata keçirirlər. Təəccüblü deyil ki, Məhəmməd Musayev yalnız onun korrupsiya əməllərinə şərik olan həkimləri "etibarlı” kadrlar kimi qəbul edir...” Rayonun digər kənd xəstəxanaları və ambulatoriyalarında da ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən şikayətçilər bildirirlər ki, Kürdəmirdə ağır xəstələrin paytaxta gətirilməsi də həmin xəstənin yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün böyük məbləğdə pul tələb edir: "Baş həkim xəstələrin Təcili Tibbi Yardım maşınları ilə Bakıya gətirilməsi üçün xəstə yaxınlarından pul istəyir. Əgər qabaqcadan bu məbləğ Məhəmməd Musayevə verilməzsə, xəstənin vəziyyətindən asılı olmayaraq, onun Bakıya gətirilməsi mümkün olmur. Bu barədə Səhiyyə Nazirliyinə dəfələrlə müraciət olunub. Lakin hələ ki, baş həkim barəsində müvafiq ölçü götürülməyib...”

Daha sonra Kürdəmir səhiyyə sisteminin ən zəif nöqtələrindən biri kimi də, mərkəzi xəstəxanada fəaliyyət göstərən doğum şöbəsi göstərilir. Bu xüsusda mənbələr iddia edirlər ki, şöbənin müdiri doğuşların qəbulunda əsil monopoliya yaradıb. Belə ki, burada doğuş üçün konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların çox hissəsi RMX-nın baş həkimi Məhəmməd Musayevə çatır.

Digər tərəfdən də mərkəzi xəstəxanada həm xəstələrə, həm də tibbi personala şamil olunan "ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Birinci halda RMX-da əslində olmayan pasientlərə saxta "xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərman preparatları mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, mənbələrin iddialarına görə bu "xəstəlik tarixçələri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır. Tibbi personala aid olan maxinasiyalara gəlincə isə, mənbələr bildirirlər ki, bu halda baş həkim sadəcə staj həvəsində olan şəxslərin adlarının Kürdəmir RMX-nın ştat cədvəlinə yazdıraraq, onların maaş kartlarına və aylıq yazılan məvaciblərinə sahib çıxır.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.