BolgeXeber.Com » Xəbərlər » “Ticarət mərkəzlərinin girişində gənc oğlanları yoxlayırlar” - ilginc iddia

“Ticarət mərkəzlərinin girişində gənc oğlanları yoxlayırlar” - ilginc iddia

12-05-2016, 10:48
Oxunub: 3 656 “Ticarət mərkəzlərinin girişində gənc oğlanları yoxlayırlar” - ilginc iddia”28 Mall"ın mühafizə xidmətinin əməkdaşları əksər hallarda yalnız 20-29 yaşlı gənc oğlanları yoxlayırlar

Bugünlərdə redaksiyamızın ünvanına maraqlı bir məktub gəlib. Oxucumuz paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərindəki mühafizə sistemini təhlil edib. Professional bir baxışla ticarət mərkəzlərinin durumunu təhlil edən oxucumuz yazıb ki, mühafizə anlamı yalnız binanın qorunması ilə bitmir.

Mühafizə zamanı binanın təkcə daxili deyil, ora gələn müştərilərin və digər insanların hamısı yoxlanmalıdır. Məktub müəllifi daha sonra diqqəti “28 Mall” ticarət mərkəzinə çəkib: “Burada mühafizə xidməti hər hansı bir təhlükəli hadisənin, o cümlədən də terror hadisəsinin qarşısını almaq üçün hazır deyil.

Müşahidələrimə əsasən deyə bilərəm ki, ”28 Mall"ın mühafizə xidmətinin əməkdaşları əksər hallarda yalnız 20-29 yaşlı gənc oğlanları yoxlayırlar. Ticarət mərkəzinin mühafizə xidmətinin C. Məmmədov adlı növbə rəisi də təsdiq etdi ki, bütün insanları, xüsusilə qadınları fiziki baxımdan yoxlamaq imkanları yoxdur. O qeyd etdi ki, “28 Mall” ticarət mərkəzinin mühafizə xidməti standartları beynəlxalq təcrübəyə əsaslanır. Buna görə də onlar face kontrol (üz yoxlaması) strategiyasından istifadə edirlər. Ticarət mərkəzinə daxil olan və üzündən təhlükəli hesab etdiyi vətəndaşların əlindəki çanta, eləcə də digər əşyalar giriş-çıxışlarda detektorlar vasitəsilə yoxlanılır. Əslində isə yoxlama təkcə 20-29 yaşlı gənc oğlanlar üzərində aparılır. Bu isə müştəriləri binanın girişində mühafizə xidmətinin əməkdaşları tərəfindən ciddi diskriminasiyaya məruz qoyur. Binanın girişindən mərkəzə daxil olan qadınların çanta və digər əşyalarına bir o qədər də ciddi diqqət yetirilmir və bir çox hallarda, ümumiyyətlə, yoxlanılmır. Təkcə 20-29 yaşlı gənc oğlanları yoxlamaq nəinki imitasiya xarakteri daşıyır, bu, həm də ticarət mərkəzinə gələn müştərilərin təhlükəsizliyini ciddi şübhə altına salır".

Bu məktubun izi ilə paytaxtda fəaliyyət göstərən bir neçə ticarət mərkəzinin təhlükəsizliyi ilə bağlı kiçik reyd keçirdik. Yeni fəaliyyətə başlayan “Gənclik Mall” ticarət mərkəzində hələlik mühafizə xidməti yoxdur. Giriş qapısından rahatlıqla, heç bir yoxlamadan keçmədən daxil olmaq mümkündür.

Dənizkənarı Milli Parkda yerləşən “Park Bulvar” ticarət mərkəzində də mühafizə xidməti var. Hər mərtəbədə iki mühafizəçi müşahidə olunur. Amma binanın girişində mərkəzə daxil olan şəxslərin təhlükəsizliyinə bir o qədər də ciddi diqqət yetirilmir.

“Metropark”da isə təhlükəsizlik xidməti yüksək səviyyədədir. Bu mərkəzin bütün girişlərində təhlükəsizlik aparatı var. Çantaların yoxlanılması ilə yanaşı, müştərilər X-ray cihazlarından da keçirlər. Bu məkanın avtodayanacağına daxil olan müştərilərin maşınları başdan-ayağa yoxlanır, baqajlarına və salonuna baxış keçirilir.

Yazının girişində qeyd olunan oxucu məktubuna əsasən isə “28 Mall”da suallarımıza cavab verəcək heç kimi tapmadıq.

“Yeni Müsavat” beynəlxalq standartlara uyğun olaraq, ticarət mərkəzlərində mühafizə xidmətinin səviyyəsi ilə bağlı gəzişmə edib. Ümumiyyətlə, alış-veriş mərkəzlərinin (bundan sonra AVM-müəl.) girişində X-ray cihazları və metal detektorlar xüsusi rol oynayır. Xüsusən X-ray cihazları son texnologiyaa məhsulu olmalıdır. Ümumiyyətlə, insanların çanta və torbalarını yoxlayan X-ray cihazları mütləq bu sahə üzrə savadı olan opartorlara həvalə edilməlidir.

AVM-lərdə çalışan özək təhlükəsizlik şirkətləri ilə çalışan əməkdaşların mütləq özəl təhsili olmalıdır. Hər hansı bir təhdid ünsürü gördükləri halda professional müdaxilə şərtdir. Bundan başqa, giriş və çıxışlarda hər kəs tək-tək yoxlanılmalı və alınmsı qadağan olan maddələr saxlanmalıdır. Bundan başqa, avtodayanacaq girişlərində də maşınları mütləq yoxlamadan keçirməlidilər.

Maraqlıdır ki, bir neçə il bundan öncə Türkiyədə Birləşmiş Markalar Dərnəyinin üzvləri AVM-lərin girişindən X-ray cihazlarının, eləcə də təhlükəsizlik əməkdaşlarının ləğv olunmasını tələb etmişdi. Onlar bildirmişdi ki, bu təhlükəsizlik tədbiri AVM-lərin müştərilərinə, markalara və ümumi alver əhvalına pis təsir edir. Onların müraciətində bu cümlələr yer almışdı: “Mövcud təhlükəsizlik tədbirlərinə görə detektorların qabağındakı müştərilər sıxlıq yaşayır. Əl detektoru ilə aparılan yoxlama zamanı vəzifəlilər aldıqları siqnallara reaksiya vermirlər. Qərb və Körfəz ölkələrində, eləcə də Rusiyada AVM girişlərində bənzər tədbirlər yoxdur. Ölkəmizdə də AVM girişlərindəki bu yoxlamalar ancaq narahatlıq yaradırlar”.

Bu məsələdə bilmədiyimiz başqa bir nüans isə ondan ibarətdir ki, AVM-lərdəki qapı təhlükəsizlik nöqtələri, orada çalışan işçi və təhlükəsizlik cihazları ortaq xərclərdən qarşılanır. Bu da ordakı firmaların narazılığına səbəb olur.
Bolgexeber.com