BolgeXeber.Com » Xəbərlər » Su şokundan ayılmayan əhaliyə yeni zərbə: Qaz və elektrik də bahalaşacaq?

Su şokundan ayılmayan əhaliyə yeni zərbə: Qaz və elektrik də bahalaşacaq?

16-05-2016, 16:20
Oxunub: 2 526 Su şokundan ayılmayan əhaliyə yeni zərbə: Qaz və elektrik də bahalaşacaq?““Azərsu” ASC-də hansı xərclər artıb ki, maya dəyərində nə yüksəliş baş verib ki, suyun və kanalizasiyanın qiymətini qaldırır?

“Metropoliten” QSC, “Azərenerji” və “Azəriqaz” QSC zaman-zaman qiymət artımı ilə bağlı Tarif Şurasına müraciətlər edirlər. Əgər heç bir əsaslandırma olmadan qiymət artımı baş verirsə, ola bilər ki, növbəti addımlardan biri kimi digər inhisarçılardan gələn təkliflər qəbul olunsun”.

Savash.org xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli “Azərsu” ASC-nin müraciəti əsasında Tarif Şurasının içməli suyun və kanalizasiyanın qiymətini qaldırmasına münasibət bildirərkən deyib.

İqtisadçı bildirib ki, heç bir islahat olmadan, iqtisadi əsaslandırma aparılmadan bir gecənin içində Tarif Şurası vasitəsilə qiymətlər qaldırılır:

“Amma əslində öncədən bunun əsaslandırması və anonsu olmalı idi. Təəssüf ki, Azərbaycanda belə bir praktika yoxdur. “Azərsu” ölkədə təbii inhisarçıdır, hər hansı qiymət artımından öncə mütləq əhaliyə məlumat verməli, atdığı addımı əsaslandırmalıdır. Amma bu baş vermir. Bu halda insanlar digər sahələrdə də buna bənzər addımların atılma ehtimalının yüksək olduğunu düşünürlər.

İdarəetmənin fəlsəfəsini dəyişmədən, təbii inhisarçılarda korrupsiya hallarını aradan qaldırılmadan qiymətlərin qalxması heç bir effekt verməyəcək. İdarəetmənin effekti artırılmalıdır ki, qiymət artımı baş vermədən belə insanlara normal xidmət göstərmək olsun və itkilərin qarşısı alınmış olsun. Azərbaycanda isə təəssüf ki, idarəetmə forması dəyişdirilmir, ancaq qiymət artımı hesabına müəyyən problemlərin həllinə çalışırlar”.

Qeyd edək ki, mayın 13-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub. Yeni tariflər 2016-ci il mayın 16-da qüvvəyə minəcək.