BolgeXeber.Com » Xəbərlər » Ağsuda maliyyə sistemi böhran həddində... - İTTİHAM VAR

Ağsuda maliyyə sistemi böhran həddində... - İTTİHAM VAR

17-05-2016, 13:12
Oxunub: 2 501 Ağsuda maliyyə sistemi böhran həddində... - İTTİHAM VARAğsu rayon Maliyyə İdarəsinin rəisi vəzifə başına keçdikdən bir qədər sonra bütün idarə və müəssisə rəhbərlərinə onun razılığı olmadan işə adam qəbul etməməyi tapşırıb

«Ağsu rayonunda dövlətin maliyyə siyasəti düzgün şəkildə həyata keçirilmir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunmur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparmırlar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət etmir, israfçılığa yol verirlər». Bu sözləri gundelik-baku.com-a Ağsu rayon sakinləri bildiriblər. Məlumatlı şəxslər iddia edirlər ki, maliyyə idarəsinin rəisi Vaqif Hüseynov rayon rəhbərliyində təmsil olunan bəzi yetkililərlə, eləcə də icra başçısı Ənvər Seyidəliyevlə müvafiq razılığa gəldikdən sonra dövlət büdcəsindən maliyyələşən müəssisələrə ayrılan pulları qəsdən gecikdirir və bu vaxt ərzində həmin vəsaitdən öz maraqları naminə istifadə edir. Hazırda Ağsu rayonunda az qala bütün idarə və müəssisələrin, habelə büdcə təşkilatlarının Vaqif Hüseynovun əməllərindən təngə gəldiklərini qeyd edən mənbənin bildirdiyinə görə, Ağsu rayon Maliyyə İdarəsinin rəisi vəzifə başına keçdikdən bir qədər sonra bütün idarə və müəssisə rəhbərlərinə onun razılığı olmadan işə adam qəbul etməməyi tapşırıb: «Vaqif müəllim bütün qurumların rəhbərliyinə xəbərdarlıq edib ki, əgər onun məlumatı olmadan kimisə işə götürsələr, o zaman onların hər birində yoxlama aparıb, bütün yeyinti faktlarını üzə çıxaracaq. Bu gün Ağsuda əksər büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını işə yazdırıb, sonra da onların əmək haqqlarını özlərinə götürürlər. Maliyyə idarəsinin rəisi öz növbəsində bundan xəbər tutduqdan sonra həmin işə götürülənlərə şərik olmağa başlayıb. Yəni o alınan əməkhaqlarının yarısını özünə istəyir. Əks təqdirdə, yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir». Mənbə bildirir ki, idarə rəisi icra hakiminə güvənərək özbaşına işlərə imza atır: «Bu adam əvvəllər İsmayıllı rayon maliyyə idarəsinin rəisi işləyib. Uzun illər rayonun maliyyə sektorunu çökdürüb. İsmayıllı hadisələrindən sonra onu mənimsəmə əməliyyatlarında mahir olduğu üçün Ağsu rayonuna dəyişdilər. Rayonda bütün idarə və müəssisələr üçün ayrılan maliyyə vəsaitlərinə görə Hüseynov müəyyən faizlər tələb edir. Məsələn, rayondakı uşaq bağçalarından nəysə umur. Bundan başqa, Ağsudakı MMC-lərin əksəriyyəti maliyyə idarəsinin rəisinin və icra başçısının yaxın qohumlarının adınadır. Rayonda keçirilən bütün tenderləri məhz bu MMC-lər udur. İdarə rəisinin təhsil şöbəsi və xəstəxana rəhbəri ilə də ortaq qaranlıq işləri var». Növbəti yazımızda Vaqif Hüseynovun mülklərinin siyahısını dərc edəcəyik. Ümidvarıq ki, nazir Samir Şərifov bu məlumatlarla tanış olduqdan sonra Vaqif Hüseynovun fəaliyyətini nəzarətə götürüb onun barəsində müvafiq tədbirlər həyata keçirəcək. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.