BolgeXeber.Com » Xəbərlər » Başçının müavini nə istəyir, onu da edir... - Özbaşınalıq...

Başçının müavini nə istəyir, onu da edir... - Özbaşınalıq...

17-05-2016, 17:33
Oxunub: 3 098  Başçının müavini nə istəyir, onu da edir... - Özbaşınalıq... Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz tənqidi materiallarda da biz göstərmişdik ki, bu gün Ağsu rayon sakinlərinin müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə ünanladıqları şikayət məktublarının sayında bir artım müşahidə olunmaqdadır

Səbəb isə budur ki, Ağsu Rayon İcra Hakimiyyətində rəhbər vəzifələr tutan bəzi məmurlar, öz maraq və mənafeylərini vətəndaşların maraqlarından üstün tutur və öz ambisiyalarını təmin etmək məqsədilə sakinlərin hüquqlarının pozulması ilə müşayiət olunan bir çox özbaşınalıqlara yol verirlər. Bu məmurlar qarşılıqlı formada biri-birilərinin əməllərini sığortalayaraq vəziyyətdən sui-istifadə etməklə rayonda əməlli-başlı ağalıq edirlər. Ağsunun əksər kəndlərində isə, əhalinin sosial-məişət problemləri ildən-ilə ağırlaşmaqdadır. Bəzi kəndlərin bu gün də faktiki olaraq təcrid durumda olması dəfələrlə ölkə mətbuatında dərc olunan məlumatlarda da öz əksini tapmışdır. Bu kəndlərdən bəzilərinin sakinləri isə, hələ də məktəb, xəstəxana, qaz, içməli su, yol, işıq, poçt üzünə həsrətdirlər. Təbii ki, bu vəziyyət əhalinin əksəriyyətinin kəndləri tərk etməsinə səbəb olmuşdur. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda Ağsu sakinlərinə qarşı xüsusi etinasızlığı ilə seçilən məmurlardan biri kimi də Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İqbal Mikayılovun adı hallandırılır. Belə ki, hələ bir müddət bundan əvvəl redaksiyamıza İqbal Mikayılovun biznes fəaliyyətinin Ağsu sahibkarlarının fəaliyyətlərinə davamlı olaraq əngəl yaratması barədə məlumatlar daxil olmağa başlamışdı. Həmin məlumatlara əsasən, başçının müavini rayondakı keçmiş bəzi “vəzifə sahibləri” ilə ortaq biznes layihələri quraraq, həmin sahədə fəaliyyət göstərən iş adamlarını sıxışdırmağa başlamışdır. Ağsudan olan bəzi iş adamları bizimdovr.az-a verdikləri açıqlamalarda bildirirlər ki, onlar mütəmadi olaraq İqbal Mikayılovun güclü təzyiqlərinə və məhz onun tərəfindən həyata keçirilən sürəkli “haqq yığımları”na məruz qoyulurlar.

Artıq dəfələrlə qeyd olunduğu kimi, son vaxtlar bəzi rayon və bölgələrdə yerli vətəndaşlar, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda regional oliqarxlıq iddiasına düşmüş məmurların təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu və ya digər rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, həmin rayonda yenicə formalaşdığı an, dərhal yerli icra strukturlarının yüksəkçinli məmurları tərəfindən nəzarətə götürülür. İstər istehsal sahəsinə aid olsun, istər ticarət, istərsə də xidmət sahəsinə - fərq etməz, əgər rayonda iş qurmaq istəyirsənsə, o zaman mütləq bu məmurlardan birinin “qanadı” altına girməlisən. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, Ağsu RİH-nin başçısının müavini İqbal Mikayılov da öz vəzifə səlahiyyətlərindən daha çox şəxsi mənafeyi üçün yararlanmağa üstünlük verir.

Ötən yzılardan birində biz artıq göstərmişdik ki, İqbal Mikayılovun qohumu olan Nadir Orucov adlı şəxsə məxsus “Asiman” şadlıq evinin tikintisi də bir çox qalmaqallarla müşayiət olunmuşdu Hətta FHN-nin müvafiq komissiyası da bu obyektin nə inşasına, nə də sonradan istismarına razılıq verməyib. Səbəb isə bu olub ki, tikinti üçün ayrılmış ərazi yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Buna baxmayaraq, məhz İqbal Mikayılovun səyləri nəticəsində şadlıq evi artıq çoxdan tikilib istifadəyə verilib. Obyektin rentabelliyinin təmin olunması üçün isə, İqbal Mikayılov tərəfindən bir çox “rəqib” müəssisələrə qarşı müəyyən sanksiyalar da tətbiq olunub. Mənbələrin deməyinə görə, belə sanksiyalara qeyri-qanuni cərimələrdən tutmuş, obyektin qəfil “sanitar müayinəsi”nə qədər, bir çox xüsusi əməliyyatlar aid oluna bilər...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.