BolgeXeber.Com » Xəbərlər » Əhmədzadənin Beyləqandakı adamına qarşı ittiham - NARAZILIQ VAR...

Əhmədzadənin Beyləqandakı adamına qarşı ittiham - NARAZILIQ VAR...

18-05-2016, 19:27
Oxunub: 2 195 Əhmədzadənin Beyləqandakı adamına qarşı ittiham - NARAZILIQ VAR...«İdarə rəhbəri dövlət büdcəsindən yayındırdığı vəsaitlər sayəsində Beyləqanda və Bakıda mülklərə sahib çıxmağı bacarıb"

Azərbaycanda regionların sosial–iqtisadi inkişafına dair dövlət proqramında aqrar sahənin daha güclü inkişafını əhatə edən tədbirlər silsiləsində torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılmasına, təsərrüfatların suya olan ehtiyaclarının daha dolğun ödənilməsinə dair bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə rayonlarımızda yeni kollektor–drenaj şəbəkələri tikilib istifadəyə verilib, mövcud şəbəkələr və suvarma kanalları lildən təmizlənib, hidrotexniki qurğular əsaslı təmir olunub. Lakin bəzi rayonlarımız var ki, orda bu tip tədbirlərin həyata keçirilməsi yox dərəcəsindədir. Gundelik-baku.com-u məlumatlandıran mənbə deyir ki, Beyləqan rayon Suvarma Sistemləri İdarəsində mövcud olan nöqsanlar rayonda əkin sahələrinin suvarma suyuna həsrət qalması ilə nəticələnib. Məlumatda bildirilir ki, idarənin rəisi Ələmşah Məmmədquliyev şəxsi maraqlarını daha önəmli hesab etdiyindən ona tapşırılan işlərə bir o qədər də məsuliyyətlə yanaşmır. Buna görə də Şərq, Türklər, Sarısu ərazilərində, Hərami düzündə minlərlə hektarda meliorasiya tədbirləri görülmür: «Belə ki, bu sahələrdən keçən kollektor–drenaj şəbəkəsi neçə müddətdir ki, təmizlənmir. Hidrotexniki qurğuların böyük bir qismi bərbad vəziyyətdədir. Kanalların və şəbəkələrin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmirinə dair nəzərdə tutulmuş tapşırıqlar vaxtında icra olunmur. Bu səbəbdən əkin sahələri vaxtında suvarılmır. Buna görə də rayonda aqrar bölmə inkişafdan qalıb. İdarə rəisi nasos stansiyalarının təmiri adı altında büdcə vəsaitlərini öz bildiyi kimi xərcləyir. İdarənin balansındakı ekskavator, buldozer, maşın və mexanizmlərin ehtiyat hissələrinin alınmasına ayrılan pullar təyinatı üzrə xərclənmir». Məlumatlı mənbənin iddiasına görə, artıq 25 ilə yaxındır ki, Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyən bu şəxs sözün həqiqi mənasında oliqarx məmura çevrilib: «İdarə rəhbəri dövlət büdcəsindən yayındırdığı vəsaitlər sayəsində Beyləqanda və Bakıda mülklərə sahib çıxmağı bacarıb. Ələmşah Məmmədquliyev əldə etdiyi obyektləri oğlu Bəylər Məmmədquliyevin adına rəsmləşdirib. Həttta idarə müdiri rayonda elə bir rəy formalaşdırmağa çalışır ki, guya oğlunun adına olan mal-mülk, obyektlər onun öz zəhməti hesabına əldə olunub. Amma Beyləqanda hər kəs uşaqdan böyüyə kimi hamı yaxşı bilir ki, Bəylər Məmmədquliyev atasının köməyi olmasa 50 il işləsə belə heç nə qazana bilməz. Amma bu gün Bəylər Məmmədquliyevin adına olan kiçik müəsissənin fəaliyyəti və əldə etdiyi qazancın 99 faizi atası Ələmşah Məmmədquliyevin hesabınadır. İdarə rəhbəri oğlunun rəhbərlik etdiyi kiçik müəssisəyə kanalların çəkilməsi, təmizlənməsi və tikinti işləri tenderlərini verir. Bu tenderlər əsasən Beyləqan Suvarma Sistemləri İdarəsi və Meliorasiya İdarəsi hesabına udulur. Meliorasiya idarəsinin müdiri Nadir Əliyev Ələmşah Məmmədquliyevin ən yaxın adamıdır. Çünki Nadir Əliyevi bu vəzifəyə Məmmədquliyev gətirib. Bu adam dövlət idarəsinin hesabına əldə etdiyi qazanclar sayəsində oğluna dəyəri 50 min manat olan xarici avtomobil, oğlunun adına Bakıda ev, həmçinin yeznəsinə ev, obyekt hədiyyə edib. Bundan başqa RTS qəsəbəsindəki avtomobillərin təmiri və restoran - çayxana tipli obyekti də var. Təkcə bu obyektin tikilməsi üçün idarə rəisi 200 min manatdan çox xərc çəkib. Ancaq ən maraqlı məqam Beyləqan şəhərində Mərkəzi Xəstəxananın yaxınlığında Ələmşah Məmmədquliyevin qiyməti yüz min manatlarla ölçülən dəbdəbəli imarət tikməsidir. Beyləqanda heç bir məmur bu cür bahalı bir ev tikməyib». Növbəti yazıda idarə rəisinin rayonun icra başçısı Vaqif Abdullayevlə birlikdə həyata keçirdikləri maliyyə əməliyyatları və ASC sədri Əhməd Əhmədzadəyə göndərilən hədiyyələr haqda söhbət açacağıq.