BolgeXeber.Com » Xəbərlər » Himayəsində 6 uşaq olan Bakı sakini: “Sosial yardım üçün 17 sənəd və 4 ayın pulunu istəyirlər”
Himayəsində 6 uşaq olan Bakı sakini: “Sosial yardım üçün 17 sənəd və 4 ayın pulunu istəyirlər”
23-05-2016, 20:18
Oxunub: 4 125
Himayəsində 6 uşaq olan Bakı şəhər sakini 2 ildir sosial yardım almaq üçün döymədiyi qapı qalmayıb
Sosial yardım alması üçün tələb olunan bütün sənədləri hazır olsa da vətəndaş iddia edir ki, yardımın ayrılması üçün ondan rüşvət tələb olunur.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi A.Krılov küçəsi ev 27-də yaşayan 1979-cu il təvəllüdlü Əliyev Əkbər Qurbanəli oğlu musavat.com-a müraciət edərək bildirib ki, 2 il əvvələ qədər sosial yardım alasa da indi Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində get-gələ salınır.
Sosial yardım almaq üçün lazımi sənədlərinin qaydasında olduğunu deyən Ə.Əliyev qarşılaşdığı vəziyyəti belə izah edir: “Hər dəfə bir bəhanə ilə məni geri qaytarırlar. 17 sənəd tələb edirdilər. Mən də bir-bir hamısını topladım. Uzun müddət sənədlərdə səhv axtarmağa başladılar. Əvvəlcə ilk 8 ayın yardımının onlara qalmasını istədilər. Razı olmayandan sonra get-gələ salmağa başladılar. Bütün sənədlər qaydasındadır. Sonra müharibə iştirakçısı olduğumu, əsirlikdə olduğumu deyib guya mənə güzəşt etdilər. Dedilər ki, ilk 4 ayı verərsən. Bununla da razılaşmadım. İndi nə vaxt gedirəmsə, bir bəhanə tapıb geri qaytarırlar. Deyirlər ki, get, biz səni özümüz çağırarıq”.
Ə.Əliyev məsələ ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib, Prezident Administrasiyasına da məktublar göndərib. Lakin bu şikayətlər Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbər şəxslərini daha da qəzəbləndirib: “Sabunçu Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Qəzənfər Həsənovun qəbulunda olmuşam. Çox gözəl qarşılandım və oradan mərkəzə mənə köməklik göstərilməsi ilə bağlı müraciət edildi. Bu müraciətdən sonra qara günlərim başladı. Niyə bizdən şikayət etmisən deyib məni daha da incitməyə başladılar. İndi nə edəcəyimi bilmirəm. 4 uşağım var. Qardaşım vəfat edib. Onun iki körpəsini də himayəmə götürmüşəm. Özüm satıcı işləyirəm. Yaşadığımız ev bərbad vəziyyətdədir. Ailəni dolandıra bilmirəm. Sosial yardım almaq haqqımız deyilsə, desinlər istəməyək. Ancaq bu qədər özbaşınalıq olmaz. Niyə mən öz haqqımı kiməsə verməliyəm? 2014-cü ildə sosial yardım alandan sonra icraçı 200 manat istədi. Verəcəyimi dedim. Baş məsləhətçi Sultan Həsənov iş yerimə gəldi və dedi ki, sən fırıldaqçısan. 50 manat verdim, deyir bu nədir?”.
Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Sultan Həsənov Əkbər Əliyevin iddialarına cavab verib. S.Həsənov musavat.com-a açıqlamasında bildirdi ki, Ə.Əliyevin sonradan sosial yardım ala bilməməsinin səbəbi onun banklardan birində adına kreditin olmasıdır: “Bu ilin fevral ayından sosial yardım almaq üçün vətəndaşlar müraciətlərini elektron formada etməlidirlər. Biz də vətəndaşa bunu izah etmişik. Əvvəlki illərdə isə sosial yardım ala bilməməsi banklardan birində adına kreditin olmasıdır. Özü müraciət edib və izah olunub ki, kredit borcu olduğundan ona sosial yardım ayrılmır. Borcunu ödədikdən sonra yenidən müraciət edəcəyini bildirmişdi. Fevral ayından isə elektron şəkildə müraciət edilməsinə başlanılıb”.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman