BolgeXeber.Com » Xəbərlər » Bizdə nədən Baytarlıq idarəsinə qəssab təfəkkürü ilə yanaşırlar? - İTTİHAM VAR

Bizdə nədən Baytarlıq idarəsinə qəssab təfəkkürü ilə yanaşırlar? - İTTİHAM VAR

10-06-2016, 14:42
Oxunub: 1 985 Bizdə nədən Baytarlıq idarəsinə qəssab təfəkkürü ilə yanaşırlar? - İTTİHAM VARDövlət Baytarlıq Nəzarəti Xidmətində idxal və ixrac edilən hər yükün öz «haqqı» var

Əslən Göygöl rayonu, Pənahlılar kəndindən olan, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər İdris oğlu Süleymanov son dövrlər sərgilədiyi fəaliyyətilə ona göstərilən etimaddan sui-istifadə edərək bəzi özbaşına işlər həyata keçirməyə başlayıb.

Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxs qeyd edir ki, bu sahədə çalışan peşəkar kadrları hədəfə alıb. Belə ki, Azər Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təcrübəli əməkdaşlarını müxtəlif bəhanələrlə işdən uzaqlaşdırmağa çalışdığını vurğulayan mənbənin sözlərinə görə, o, bu məqsədlə kənd təsərrüfatı naziri Heydər Əsədovun adından istifadə etməkdən belə çəkinmir: «İlk öncə məlumat üçün bildirim ki, Azərbaycan Dövlət Aqrar Universitetini bitirən Azər Süleymanov 1982-1983-cü illərdə Göygöl rayonu Kuybişev adına kolxozda kolxozçu, 1988-1992-ci illərdə Göygöl rayon heyvanların xəstəlikləri ilə mübarizə stansiyasında aparıcı baytar həkim, rəis müavini, 1992-2014-cü illərdə Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi, 2014-2015-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini vəzifələrində çalışıb. O, 07.09.2015-ci il tarixdən etibarən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edir. Beləliklə, deyilənlərə görə, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat almaqdan ötrü qurum daxilində ona müxalif mövqedə dayanan şəxsləri «zərərsizləşdirməyə» çalışır. Belə ki, xidmətin rəisi vəzifəsini icra edən Azər Süleymanov anlayır ki, onun qurumun rəhbərliyinə gətirilməsində əsas maneə məhz həmin şəxslərdir. Bu səbəbdən də o, kənd təsərrüfatı naziri Heydər Əsədovun adından istifadə edərək özünə qarşı müxalif mövqedə dayanan peşəkar kadrları tutduqları postlardan uzaqlaşdırmaq niyyətindədir. Lakin bu, o qədər də asan məsələ deyil. Çünki Azər Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinatının əleyhinə olanlar qurumdan uzaqlaşdırılarsa, o zaman xidmətin işi tamamilə iflic ola bilər.

Məhz elə bu səbəbdən də Heydər Əsədov Azər Süleymanova bir qədər gözləməyi, təmkinli olmağı məsləhət görüb». Bu arada, hazırda bir çox işbazların istehlakçılara xəstə, yararsız və daha çox ölmüş atların, uzunqulaqların və camışların ətini mal əti adı ilə sırıdıqlarını iddia edən məlumatlı şəxs bildirir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin normal qaydada fəaliyyət göstərməməsi səbəbindən son dövrlər bu cür hal intensivləşib: «Deyilənlərə görə, Azər Süleymanovun rəhbərlik etdiyi qurum normal işləmir, nəticədə minlərlə murdar cəmdəyə yalançı möhür vurulur. Bütün bunlar onu deməyə əsas verir ki, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətini ozünün səxsi biznes strukturu kimi idarə edir. Elə buna görədir ki, adıçəkilən quruma ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin alınması üçün müraciət edən iş adamları əlavə ödənişlərlə üzləşirlər. Deyilənlərə görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətində idxal və ixrac edilən hər yükün öz «haqqı» var.

Məsələn, olkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük cücənin birinə 1 sent alınır. Xaricdən iş adamları tərəfindən gətirilən bir baş iri buynuzlu heyvana 25 man, qoyun-keçiyə 12 manat tələb olunur. Hər partiyada 100 tonlarla idxal olunan ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və konservləri, həmçinin digər heyvandarlıq məhsullarının bir tonuna 10- 20 manat haqq alınır. Baytarlıqda işlədilən dərman preparatlarının ölkəmizdə qeydiyyatı üçün Baytarlıq İnstitutunda Preyskurantda nəzərdə tutulan 2500 manat alınır. Bundan başqa, hər növ dərmanın qeydiyyatı üçün isə əlavə dərmanın invoisində olan qiymətin 20 faizi «əlavə ödəniş» qismində alınır. Dərman pereparatlarından söz düşmüşkən nəzərinizə çatdırım ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanovun həm paytaxt Bakının, həm də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda baytarlıq apteki mövcuddur. Deyilənlərə görə, geniş biznes şəbəkəsinə sahib olan Azər Süleymanovun obyektlərini yaxın adamlarından biri idarə edir. Maraqlıdır, görəsən o, bütün bunları nəyin hesabına əldə edib?» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.