BolgeXeber.Com » Xəbərlər » “Zeytun” şirkəti aptek sahiblərini şantaj edir – İDDİA

“Zeytun” şirkəti aptek sahiblərini şantaj edir – İDDİA

15-06-2016, 11:01
Oxunub: 3 574 “Zeytun” şirkəti aptek sahiblərini şantaj edir – İDDİAŞikayətdə bildirilir ki, aptekləri inhisarda saxlayan "Zeytun” deposu öz dərmanlarını olduqca baha qiymətə satdığı üçün apteklərdə bahalaşma yaranır

"Ölkə prezidenti inhisarçılığa qarşı çıxış etdikdən sonra inhisarçı dərman depoları özlərini yığışdırmışdılar. Lakin indi yenidən hərəkətə keçiblər, apteklərin sərbəst işləməsinə imkan vermirlər. Xüsusilə "Zeytun” dərman deposu dərman bazarının tək inhisarçısına çevrilir. Bu inhisarın nəticəsi olaraq, dərmanların qiymətləri əhalinin alıcılıq qabiliyyətini üstələyərək, durmadan artır”.

Bu sözlər bir qrup aptek sahibi adından redaksiyamıza daxil olan şikayət məktubundan götürülüb. Aptek sahibləri bildirir ki, ölkədə ümumilikdə 2500-ə yaxın aptek fəaliyyət göstərir: "Bu apteklərin təqribən yarısı "Avromed”in nəzarətində idi. İndi "Zeytun” şirkəti apteklərin qalan hissəsini öz inhisarına götürür. Bu şirkətin adamları öz nəzarətində olan apteklərin başqa şirkətlərdən dərman götürməsinə imkan vermir”.

Şikayətdə bildirilir ki, aptekləri inhisarda saxlayan "Zeytun” deposu öz dərmanlarını olduqca baha qiymətə satdığı üçün apteklərdə bahalaşma yaranır.

"Bir çox dərmanlar var ki, onların qiyməti Gürcüstanda bizim apteklərlə müqayisə 2-3 dəfə ucuzdur. Halbu ki, Gürcüstanda da bu dərmanları xarici valyuta ilə alırlar. Qiymətlərdə olan bu fərq isə "Zeytun” şirkəti rəhbərliyinin əndazəni aşan tamahının nəticəsidir. Bunun nəticəsində apteklərdə dərmanların vahid qiymətə satılması ilə bağlı Tarif Şurasının qərarı da əksər hallarda pozulur. Qonşu ölkələrdən daha ucuz qiymətə keyfiyyətli dərman və qeyri-dərman məhsulları gətirən şirkətlər, sahibkarlar var. Lakin apteklərin onlarla iş qurmasına imkan verilmir. Adi qulaq çöpünün, yaxud pambığın başqa şirkətlərdən alınmasına imkan vermirlər” – şikayətdə belə deyilir.

Aptek sahibləri qeyd edir ki, "Zeytun” şirkəti bu inhisarı əldə saxlamaq üçün ən müxtəlif üsullara, o cümlədən hədə-qorxuya, şantaja əl atır: "Onlar bir çox aptek sahiblərini özlərindən asılı vəziyyətə salıblar. Bir çox hallarda bizi aldadaraq, aptekləri ələ keçiriblər. Öz təşəbbüsləri ilə apteklərin lisenziya pulunu ödəyiblər, sonra isə apteklərin üzərinə "Zeytun” şirkətinin reklamını vurublar. Əgər onların şərtlərinə əməl etməyəcəyimiz təqdirdə, lisenziyaları ləğv etməklə hədələyirlər. Bəzən də, Vergilər İdarəsindən yoxlamalar göndərtdirəcəkləri, aptekləri bağlatdıracaqları ilə şantaj edirlər. "Zeytun” şirkətinin kimə məxsus olduğu bizə məlum deyil. Amma özləri belə bir şaiyə yayırlar ki, bu şirkət Azərbaycan yüksək dövlət vəzifəsi tutan şəxsin kürəkəninə məxsusdur”.

Qeyd edək ki, "Zeytun Farma” dərman bazarına 2015-ci ildə daxil olub. Aşağıda təqdim etdiyimiz fotoşəkillərdən də göründüyü kimi, bu şirkət qısa müddət ərzində apteklərin xeyli hissəsinə öz "möhürünü” vura bilib.

Şirkətin rəsmi internet səhifəsində bu qurumun rəsmi olaraq kimə məxsus olması göstərilməyib. Saytda təqdim olunan əlaqə telefonları vasitəsilə bu ittihamlara şirkətin münasibətini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Redaksiyamıza bir qrup aptek sahibi adından daxil olan müraciətdə həmçinin qeyd edilir ki, qaldırılan məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə şikayət hazırlanıb.

Mövzuya qayıdacağıq.

Bastainfo.com
“Zeytun” şirkəti aptek sahiblərini şantaj edir – İDDİA
“Zeytun” şirkəti aptek sahiblərini şantaj edir – İDDİA
“Zeytun” şirkəti aptek sahiblərini şantaj edir – İDDİA