BolgeXeber.Com » Xəbərlər » Ağalar Vəliyev çətin durumda - İDDİA

Ağalar Vəliyev çətin durumda - İDDİA

15-07-2016, 15:06
Oxunub: 2 676 Ağalar Vəliyev çətin durumda - İDDİA “Azəraqrartikinti” ASC 40 filial və şirkətlə özəlləşdirildiyi ildən dövlət tenderleri almağa başlayıb

Azərbaycanda millət vəkillərinin azad sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Bunu çoxları bilir. Bilməyənlər üçün deyək ki, Konstitusiyamızın 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Qanunun qadağan etməsinə baxmayaraq, Milli Məclisdə deputatların bir hissəsi bizneslə məşğul olur. Mətbuatda adı biznesmen kimi çəkilən deputatlardan biri də Vəliyev Ağalar İsrəfil oğludur. Məlumat üçün bildirək ki, o 1996-cı il iyunun 19-da “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunub. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində çalışır. Gundelik-baku.com-un araşdırmaları zamanı məlum olub ki, «Azəraqrartikinti»nin səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub, səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə əqd bağlanıb (səhmlərin alqı satqısı ilə bağlı). Son aylar isə müəssisənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan səhmlər üçün deyilənə görə işçilərə 300 manat pul verib alırlar. “Azəraqrartikinti” ASC özəlləşərkən tabeliyində bir çox rayon filialı da var idi. Bəziləri isə özəlləşmə həyata keçirildikdən sonra yaradıldı və anında tam gücüylə fəaliyyətə başladı. Bir sözlə, “Azəraqrartikinti” ASC 40 filial və şirkətlə özəlləşdirildiyi ildən dövlət tenderleri almağa başlayıb. “Azəraqrartikinti” ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanda daha iki şirkət də qeydiyyatdadı. Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş “PZ Servis” MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş “Azital İnşaat” MMC. Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var. Belə ki, “Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də “Muğan LTD” MMC-nin təsisçisidir. “Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri İmanqulu Əliyev eyni zamanda “Bərpaçı Dizayner” MMC nin rəhbəridir. “Azəraqrartikinti”nin Bakı 3 sayı filalının rəhbəri Sabir Qaragözov daha 2 şirkətin təsisçisidir; “Qaragözova” MMC və “Tərəqqi-2008″MMC. “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti materiallari istehsali filialinın rəhbəri Nəsib Növbərov həm də “Şəki şirkəti” adlı başqa bir müəssisənin də təsisçisidir. “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib: İtaliyanın “Eleca”, “İmpronta”, Fransanın OTV şirkəti, Türkiyənin “Metabronz”, “Turan Xəzinədarlığı”, PİM PROJE, “ŞUKO”, “QRANİTAS” şirkətləri, Rusiyanın “Foton” firması ilə, Almaniyanın “Rayzinq”, PERİ, “VİRTGEN” şirkətləri. … Dövlət qurumlarının saytlarında tenderlərin hamısının məbləği göstərilməsə də, göstərilən rəqəmlər artıq milyonlardan xəbər verir. 1998-ci ildən bu günə kimi müəssisə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası ədliyyə, müdafiə, mədəniyyət və turizm, səhiyyə, təhsil nazirliklərinin, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Baş Prokurorluğun və digər sifarişçilərin xətti ilə xeyli sayda müqavilə icra olunaraq başa çatdırılıb, yaxud icra olunmaqdadır. Rəsmi mətbuatda tender elanı belə verilməyib. Layihələr isə 20-30 podratçıya yüklənib. Konkret, qəsəbələrdə "Azəraqrartikinti" SC-yə məxsus 4 müəssisə - "Füzuli" ATF, "Bərdə" ATF, "Ağcabədi" ATF, "Gəncə" Yol Tikinti Firması, "Azəri Servis" LTD, "Şəms-95", "Alıbəyli", "İnşaatçı", "MIH" LTD, "Imişli" Yol Tikinti, "Azərisutəchizattikinti" SC, "Şəki-62", "Bakıelektrikşəbəkətikinti" ASC, "Azərikəndtikinti" ASC, "Elnur-2" MMC, «Meliorator Tikinti və Quraşdırma» Məhdud Məsuliyyətli Cəmiyyəti, ARTIM Məhdud Məsuliyyətli Cəmiyyət, türk və azərbaycanlı iş adamlarının birgə müəssisəsi olan "IMAY" şirkətləri işləyib. Sənədlərə əsaslansaq, qəsəbələrin salınmasında ən çox iş "Azəraqrartikinti" SC-dədir - evlərin tikintisində 29%, sosial obyektlərdə isə 42% işi Səhmdar Cəmiyyətin nəzdində olan müəssisələr görüb. Cəmiyyət bu işləri həmin müəssisələrə məhz subpodratçı təşkilatlar kimi həvalə edib. Əslində müəssisələr birbaşa şirkətin özünə məxsusdursa, onlar işi subpodratçı kimi görməməlidilər. Qeyd edək ki, əldə edilən tender məlumatlarında göstərilən məbləğlər 90 milyon manatdan yuxarıdır. İddialara əsasən, deputat qeyd olunan layihələrin hesabına milyonlara sahib çıxıb. Və özünə ən yüksək səviyyəli şərait yaradıb. Əldə etdiyimiz məlumatlara görə, "Azəraqrqrtikinti"ASC-nin sədri Xəzərin bir neçə yüz metrliyində, Novxanı kəndində prezident sarayı ilə müqayisə edilə biləcək layihə reallaşdırır. Bu məqsədlə bir sıra Avropa, Şərq və qədim Çin memarlıq mədəniyyətinin biliciləri cəlb olunub. Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gözəllikdə tayı-bərabəri olmayan çoxqübbəli villanın dəyəri milyonlarla ölçülür. Deyilənə görə, deputat sözügedən villanın təkcə dam örtüyünə 7 milyon manat pul xərcləyib. Bütün bunlar onu göstərir ki, Milli Məclisin deputatı aktiv biznes fəaliyyəti ilə məşğuldur və bu sahədən hər ay külli miqdarda gəlir əldə edir. Hesab edirik ki, deputat qanunları pozaraq bizneslə məşğul olduğuna görə mandatından məhrum edilməlidir. Qarşı tərəfi də dinləyə bilərik.