BolgeXeber.Com » Xəbərlər » Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

15-07-2016, 16:26
Oxunub: 3 019 Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdirHesabat dövründə vətəndaşlar tərəfindən 447 müraciət olmuşdur

Bolgexeber.com bildirir ki,“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları” üzrə Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçılari əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini yad etmişlər. Tədbir Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilmişdir. Toplantı iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra rayon icra hakimiyyətinin başçısı M.Məmmədovun hesabat məruzəsi dinlənilmişdir.
Rayon rəhbəri məruzəsində bildirmişdir ki, iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016- cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbəri aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən igidliklə alındığını, əks hücum əməliyyatı nəticəsində 2000 hektar ərazi, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəkliyin düşməndən azad edildiyini, Azərbaycan ordusunun öz hərbi mövqelərini möhkəmləndirdiyini qeyd etmişdir. O, Dağlıq-Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır. “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”,-deyən dövlətimizin başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırmışdır.
Rayon rəhbəri aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra respublika prezidentinin öz xanımı ilə birgə rayonumuza səfərinin, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşünün, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsinin rayonumuzun sakinlərinin əhval ruhiyyəsini, ölkə rəhbərinə-Ali Baş Komandana inamını daha da artırdığını vurğulamış, qeyd etmişdir ki, tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının şahidi olmuş, bir daha əmin olmuşlar ki, Ali Baş Komandan öz dediyi kimi hər bir vətəndaşın prezidentidir.
Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün prezidentin ehtiyat fondundan 3 milyon manat pul ayırmışdır.
Ərazidə döyüşlər gedərkən erməni silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə atılan ağır artilleriya atəşləri nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, işıq, qaz, su və rabitə təsərrüfatına ziyan dəymiş, 3 nəfər dünyasını dəyişmişdir ki, onlardan ikisi məcburi köçkündür. Atəş kəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılmış, nəticədə 198 nəfər evsiz qalmışdır. Xeyli sayda mal-qara və toyuq-cücə tələf olmuşdur.
Möhtərəm prezidentimizin diqqət və qayğısı sayəsində zərər çəkmiş yaşayış evlərinin təmir-bərpası işlərinə başlanılmışdır. Belə ki, 932 min 641 manat dəyərində layihə-smeta sənədləri hazırlanmışdır. Ağır dərəcədə zərər çəkmiş 27 yaşayış evindən 13-də təmir-bərpa işləri başa çatdırılmışdır. Qalanlarında isə hazırda işlər davam etdirilir. Məcburi köçkünlərin yaşadığı 51 yaşayış evinin təmir-bərpası Dövlətqaçqınkoma həvalə edilmişdir. Bu sahədə lazımı işlər aparılır. Qismən zərər çəkmiş 130 yaşayış evinə dəymiş zərərin aradan qaldırılması məqsədi ilə Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi xətti ilə mal-material verilmişdir. Qismən və orta dərəcədə zərər çəkmiş qalan evlərə isə mal-verilməsi üçün hazırlıq işləri aparılır.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Qapanlı kəndində sakinlərin həyət evlərində təmizləmə və zərərsizləşdirmə işlərinə də başlanılmışdır.
2016-cı ilin birinci yarısı rayonumuz üçün də uğurlu olmuşdur.
Rayonda tikinti-quruculuq abadlıq işləri geniş vüsət almışdır. Hesabat dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir.
Bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 6 milyon 427.6 min manat olmuşdur. Onun 6 milyon 10.7 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmiş, 3.6 milyon manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi keçən ilin müvafiq dövrünə nisbətən 80.2 faiz artmışdır.
Tərtər rayonunda ev növbəsində olan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri tikilir. 2016-cı ilin birinci yarısında 4 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Hazırda 6 fərdi yaşayış evlərinin tikinkinti işləri davam etdirilir.
Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Park ərazisindən keçən Buruc arxı 300 metr məsafədə beton kanal şəklinə salınmışdır.
Tərtər şəhərinin Nizami və Ə.Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllərdə 2 ədəd müasir yaşıl örtüklü kiçik idman meydançaları tikilib istifadəyə verilmişdir.
2016-cı ilin 6 ayı ərzində rayonda respublika əhəmiyyətli avtomobil yollarında 379.2 min manatlıq, yerli əhəmiyyətli avtomobil yollarında 57.4 min manatlıq cari və saxlanma işləri görülmüşdür. Respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun 18-36 kilometrilərində əsaslı təmir və yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanır. Həmin yolun 18-ci kilometrində yerləşən İncə çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan körpünün layihə-smeta sənədləri hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.
2016-cı ilin 6 ayı ərzində ərzində Tərtər şəhərinin H.Əliyev prospektində (0.4 km/5200 kv.metr və F.Qulami (1.3 km/13202 kv.metr), Ş.Qurbanov (1.2 km/10666 kv.metr), M.Mahmudov (0.3 km/2030 kv.metr), E.Məmmədov (210 metr/2100) kv.metr, E.Hüseynov (3.2km/32000 kv.metr) küçələrində və E.Hüseynov küçəsinin davamı olan magistral yola Şıxarx qəsəbəsinədək asfalt-beton örtüyü salınmışdır. Hazırda R.Mürsəlov küçəsinə asfalt örtüyünün salınması üçün hazırlıq işləri görülür.
“Azərbaycanın Bayrağı” Ordenli Mehrac Mahmudovun adı verilmiş küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində M.Mahmudovun barelyefi quraşdırılmışdır.
Tərtər şəhərində yeni tikilən 100 yerlik yeni uşaq bağçasında, müasir tələblərə cavab verən yeni şahmat məktəbində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında son tamamlama işləri aparılır. YAP Tərtər Rayon Təşkilatı üçün yeni tikilmiş inzibati bina mebel və avadanlıqlarla təchiz olunmuşdur.
2016-cı ilin 6 ayı ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 21 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmişdir.
2016-cı ilin birinci yarısında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən rayonda aparılmış əməliyyatlar nəticəsində 2880106 kv.metr ərazi təmizləmə və ləğv etmə üsulu ilə təmizlənmiş, 150 ədəd mina və partlamamış hərbi sursatlar (PHS) aşkar edilərək zərərsizləşdirilmişdir.
2015-ci ilin iyun ayından Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Layihədə 110 km içməli su xəttinin və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Tərtər şəhərində 52317 metr kanalizasiya xətti, 51836 metr içməli su xətti çəkilmişdir. Layihədə nəzərdə tutulmuş yerüstü qurğulardan tutumu 5000 kub metr olan su anbarlarından birinin tikintisi 100 faiz başa çatdırılmış, ikinci su anbarının tikintisi isə 55 faiz yerinə yetirilmişdir. Artezianlararası yüksək gərginlikli elektrik xəttinin çəkilişi 80 faiz yerinə yetirilmişdir. Layihədə nəzərdə tutulmuş 9 ədəd subartezian quyusundan 8 ədədi qazılmış, bunlardan 3 ədədi işlək vəziyyətdədir.
Tərtər şəhərində 17 ədəd, Qapanlı kəndində 3 ədəd yeni transformator quraşdırılmış və sxemaya qoşulmuşdur. Bundan başqa Tərtər şəhərində 5 ədəd və Azadqaraqoyunlu kəndində 1 ədəd yeni transformator quraşdırılmış və sxemaya qoşulmağa hazırdır. Yeni transformatorlardan çıxan 0.4 kv-luq hava xəttlərində dayaqlar metal dayaqlarla əvəz edilmiş və naqillər kabel xətti ilə əvəz edilmişdir.
2016-cı ilin birinci yarısında rayonda 5 yaşayış məntəqəsi Sarov, Bəyimsarov, Dəmirçilər, Kəbirli, İlxıçılar kəndləri qazlaşdırılmışdır, 4 yaşayış məntəqəsində Seydimli, Xoruzlu, Ağkənd, Azad Qaraqoyunlu kəndlərində isə son tamamlama işləri aparılır. Yaxın günlərdə əhalinin istifadəsinə veriləcəkdir.
Qalan kəndlərin və Tərtər şəhərində yeni narlıq massivinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanır və ilin sonuna kimi bu kəndlər də qazla təchiz olunacaqdır.
Cari ildə rayonda pambıqçılıq və baramaçılığın inkişafına münbit şərait yaradılmışdır. 1035 hektar sahədə pambıq əkilmişdir ki, bu da ötən ildəkindən 2 dəfə çoxdur. Rayonun gümçüləri tərəfindən 959 kiloqram barama təhvil verilmişdir.
Rayon rəhbəri rayonda sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, ekologiyadan, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Xüsusilə səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.
Hesabat dövründə vətəndaşlar tərəfindən 447 müraciət olmuşdur.
Rayon icra hakimiyyəti başçısının 6 ay ərzində yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmişdir. Bütövlükdə, 2016-cı ilin 6 ayı ərzində 23 yaşayış məntəqəsi və məhəllədə icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə iştirak edən 2853 vətəndaşdan 205 nəfər vətəndaş müraciətlə çıxış etmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, çıxış etmişlər.
Hesabat yığıncağında söylənən təklif və qeydlər nəzərə alınaraq müvafiq qərar qəbul olunmuşdur.
Bolgexeber.com
Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
Tərtər rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir