BolgeXeber.Com » Xəbərlər » Dayanacaq aparatı nəzarətçilərinin ÖZBAŞINALIĞI - “Sən kimsən axı?”

Dayanacaq aparatı nəzarətçilərinin ÖZBAŞINALIĞI - “Sən kimsən axı?”

18-07-2016, 14:49
Oxunub: 2 073 Dayanacaq aparatı nəzarətçilərinin ÖZBAŞINALIĞI - “Sən kimsən axı?”“Bəzən bir saatlıq qəbz vurursan. Beş dəqiqə gecikən kimi səsləri buraları götürür. Adam həyasından utanır. Cavab vermirsən”

Hafta.az-ın sosial mediada yayılanlara istinadən verdiyi xəbərə görə, son günlər dayanacaq aparatları önündə duran nəzarətçilərlə avtomobillərini icazə verilən yerdə saxlayan sürücülər arasında narazılıq hallarının sayı artıb. Qeyd olunur ki, buna səbəb dayanacaqlardakı parking aparatlarına nəzarət edənlərin özbaşınalığıdır. Belə ki, dayanacaq aparatlarına nəzarət edən bir sıra şəxslər ödəniş üçün yaxınlaşan sürücülərə maneə yaradırlar. Onlar parkingə ödənişin sürücülərin yox, nəzarətçilərin etməli olduqlarını bildirirlər.

Məsələni yerində araşdırmaq üçün paytaxtın “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən dayanacaq aparatlarına baş çəkdik. Əvvəlcədən qeyd edək ki, Bəxtiyar Vahabzadə küçəsində təxminən 50 metrlik ərazidə 10 dayanacaq aparatı qoyulub. Bu aparatlara isə ümumilikdə 5 nəfər nəzarət edir.

İlk olaraq ərazidə parking aparatlarına nəzarət edən Təbriz adlı şəxsə yaxınlaşdıq. O, suallarımızı cavablandırmaqdan yayınmaqla yanaşı, bizi çox sərt qarşıladı:


“Sən kimsən axı? Kim göndərib səni? Get, işinlə məşğul ol. Sənin nəyinə lazımdır, burada aparatlara pulu kim vurur? Get, rəisimdən soruş, axtar tap, mən onun yerini sənə deyə bilmərəm. Sənə cavab verməyə ixtiyarım yoxdur”.

Bir qədər aralıda dayanan iki nəzarətçiyə yaxınlaşırıq. Cavid Ağazadə adlı nəzarətçinin sözlərinə görə, onlar yalnız sürücülərin xahişi əsasında kömək edirlər:
“Əslində, biz iki məqsədlə burada dayanırıq. Birincisi, aparatdan istifadə edə bilməyən insanlara kömək etmək üçün. İkincisi də, aparatların təhlükəsizliyini təmin etmək məqsədi ilə. Kimsə, aparatdan istifadə edə bilməyəndə, onlara kömək edirik. Pulun hamısı aparata vurulur. Buradan şəxsi mənfəət üçün cibinə pul qoymaq qeyri-mümkündür. Eləsi olur ki, heç pul vermir. Yaxud da, maşını qaydalara uyğun saxlamır”.

Digər nəzarətçi Niyaz Zeynalovun sözlərinə görə, onlar burada qeyri-qanuni dayanmırlar:
“Biz Bakı Şəhər İcra Hakimiyyətinin işçiləriyik. Hər ay 250-300 manat maaş alırıq. Çətin işdir. 15 dəqiqəlik dayananlar üçün pul almırıq. Adam var ki, gəlib deyir, 15 dəqiqəyə çıxıram, bir saat çəkir. Xəbərdarlıq edirik, çıxıb gedir. Heç pul da vermir, deyir yoxumdur. Bir də görürsən ki, biri gəlir. Deyir cüdoçuyam, güləşçiyəm. Get, müdirini çağır, sözümü ona deyim. Hər tip insanla qarşılaşırıq. Baxırsan ki, 100 minlik maşın sürür, amma 50 qəpik verməyə can çəkir. Elə kasıb adamlar da olur ki, 50 qəpik-1 manat verib qəbz vurdurur, üstəlik, bizə də 40-50 qəpik verir ki, gedib su alıb içərsiniz. Yayın istisində burada durmağımıza görə. Sürücülərlə həmişə narazılıq olur”.


Niyaz Zeynalov hafta.az-a açıqlamasında onu da bildirdi ki, müdriyyət bəzən 15 dəqiqəlik avtomobil saxlayan sürücülərdən də pul almaqlarını xahiş edir:

“Deyirik ki, bu mümkün deyil. Müdir də bildirir ki, 15 dəqiqə adı ilə bir saat dayanacaq. Çox vaxt müdirin dediyi olur. Maşının sahibi yarım saatdan, 40 dəqiqədən sonra gəlib avtomobilini çıxarır. Biz də çıxılmaz vəziyyətdə qalırıq, danlanırıq”.

Ərazidə olarkən avtomobillərini park edən bir neçə sürücü ilə də sorğu keçirdik. Dayanacaq aparatına nəzarət edənlərlə aralarında hər hansı konfliktin, narazılığın yaranıb-yaranmadığını soruşduq. Bir çoxları nəzarətçilərlə aralarında narazılıq olmadığını bildirsə də, bir neçə sürücü “göy papaqlı”lardan nəzarətçilərdən narazılıqlarını gizlətmədilər.

Sürücü Sübhan Diriyevin sözlərinə görə, bəzən nəzarətçilər sürücülərlə çox sərt danışırlar:

“Bəzən bir saatlıq qəbz vurursan. Beş dəqiqə gecikən kimi səsləri buraları götürür. Adam həyasından utanır. Cavab vermirsən”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Adıçəkilən qurumdan mövzu ilə əlaqədar açıqlama almaq cəhdimiz baş tutmadı.
Dayanacaq aparatı nəzarətçilərinin ÖZBAŞINALIĞI - “Sən kimsən axı?”
Dayanacaq aparatı nəzarətçilərinin ÖZBAŞINALIĞI - “Sən kimsən axı?”
Dayanacaq aparatı nəzarətçilərinin ÖZBAŞINALIĞI - “Sən kimsən axı?”