BolgeXeber.Com » Xəbərlər » Bakıda sərxoş həkim əməliyyatdan qaçdı

Bakıda sərxoş həkim əməliyyatdan qaçdı

19-07-2016, 09:38
Oxunub: 4 692 Bakıda sərxoş həkim əməliyyatdan qaçdıElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi Fikrət Qafarov rüşvətxorluqda və məsuliyyətsizlikdə ittiham olundu

Ölkəmizin səhiyyə sistemində müşahidə olunan müxtəlif problemlər mövzusunda qəzetimizin səhifələrində dərc etdiyimiz materiallarda, biz dəfələrlə dövlət tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlər müqabilində onlardan pul tələb olunması hallarına dair konkret faktlar təqdim etmişik. Etiraf etmək lazımdır ki, bu gün məhz bu məsələ dövlətin balansında olan səhiyyə müəssisələrində həllini tələb edən bir nömrəli problem kimi çıxış edir. Əlbəttə, bu heç də o anlama gəlməməlidir ki, bizim səhiyyə sistemində yeganə mövcud olan neqativ hal rüşvətxorluqdur. Sadəcə məsələ bundadır ki, bu sistemdə son illər həyata keçirilən dövlət islahatları sayəsində bir çox digər problemlər tədricən öz həllini tapır. O cümlədən yeni, müasir tipli xəstəxana və poliklinikaların inşası, tibb müəssisələrinin qabaqcıl texnologiyalar əsasında istehsal edilmiş avadanlıq və cihazlarla təmin olunması və bir çox digər tədbirlər Azərbaycan səhiyyəsinin inkişafını stimullaşdıran və təmin edən amillər kimi çıxış etməkdədirlər. Yalnız məhz bu rüşvətxorluq mərəzindən qurtulmaq zəminində hələ ki, heç bir dövlət tədbiri nəzərəçarpacaq bir nəticəyə səbəb olmayıb. Elə dünən bizimdovr.az-a daxil olmuş növbəti şikayət ərizəsi də bu deyilənləri bir daha təsdiqləmiş oldu.

Redaksiyamıza ərizə ilə müraciət edən İsmayıllı rayonu, Qoşakənd sakini Salmanov Qalib Abutalıb oğlu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda eyni zamanda qarşılaşmalı olduğu həm rüşvət tələbindən, həm də həkim məsuliyyətsizliyindən şikayətçi olduğunu bildirir. Bu barədə aldığımız ərizədə və Qalib Salmanovun telefon danışığı zamanı verdiyi açıqlamalarda deyilir: “İyul ayının 16-da, odun doğrayarkən ehtiyatsızlıq üzündən öz əlimə balta ilə zərbə endirdim. Məni təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırdılar. Burada mənə ilkin tibbi yardım göstərildi. Sonra məni göndəriş vərəqəsi ilə Bakıya, Travmatologiya İnstitutuna göndərdilər. Bakıya təxminən saat 5-6 radələrində çatdım. Travmatologiya İnstitutunda məni həkim Fikrət Qafarov qəbul etdi. İlk öncə həkim yaramı müayinə etdi və sarğını dəyişdirdi. Sonra mənə bildirdi ki, sabah mütləq əməliyyat olunmalıyam və əməliyyata hazırlıq işləri üçün məndən 300 manat pul aldı. Qeyd edim ki, əməliyyatın qiymətini 500 manata danışıb razılaşdıq. Bundan sonra məni xəstəxananın 2-ci mərtəbəsində 3 saylı palataya yerləşdirdilər. Onu da deməliyəm ki, Fikrət Qafarov məni müayinə edərkən onun içkili olduğunu açıq-aşkar hiss etmişdim. Buna görə də məndə artıq müəyyən şübhələr yaranmışdı. Amma yenə də fikirləşdim ki, bəlkə şənbə günü axşam saatları olduğuna görə həkim bunu özünə rəva bilib. Lakin səhəri gün bütün şübhələrimin heç də əsassız olmadığına əmin oldum. Fikrət həkimlə ikinci görüşüm əməliyyatın təyin olunduğu gün, 17.07.2016-cı il tarixində, səhər saat 09:00 radələrində baş tutdu. Bu görüş zamanı həkim artıq mənə bildirdi ki, əməliyyat 500 manat deyil, 1000 manata başa gələcək. Vəziyyətimi təsəvvür edə bilərsiniz. Mən canımın hayındayam, Fikrət Qafarov isə, sanki dövlət müəssisəsində deyil, öz şəxsi klinikasında oturubmuş kimi məndən necə artıq pul almaq barədə düşünür. Hələ bir ona öz etirazlarımı bildirdiyimə görə, məni təhqir etməyə də özündə haqq görür. Bundan sonra həkim çıxıb getdi. Nə əməliyyatın təyin olunduğu saatda, nə də ondan sonra gəlib çıxmadı. Zənglərimə də cavab vermədi, sonra isə ümumiyyətlə telefonunu söndürdü. Bundan sonra məcbur olub özəl kliniklardan birinə müraciət etdim. İndi müvafiq dövlət qurumlarından xahiş edirəm ki, Fikrət Qafarovun qanunsuz əməlləri araşdırılsın və bu həkim barədə lazımi ölçülər götürülsün”.

Qeyd edək ki, Qalib Salmanov öz ərizəsini Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə də ünvanlamışdır.

Məsələyə qarşı tərəfin də münasibətini öyrənmək istərdik.