BolgeXeber.Com » Xəbərlər » Repetitor yanına getmədən də yüksək bal toplamaq mümkündür

Repetitor yanına getmədən də yüksək bal toplamaq mümkündür

20-07-2016, 14:27
Oxunub: 2 579 Repetitor yanına getmədən də yüksək bal toplamaq mümkündürTəhsil eksperti: “İstedadlı uşaqları bir-bir seçib, onların təhsilinə xüsusi diqqət ayırmaq lazımdır”

İyulun 15-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanının nəticələri elan edilib. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 25 min 956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 24 min 921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İyunun 15-də keçirilən I və IV qruplar üzrə imtahan nəticələrinə görə 6 nəfər 700 bal toplayaraq ən yüksək həddi nümayiş etdirib. Yüksək bal toplayan abituriyentlər bunlardır:

I ixtisas qrupu üzrə: Tural Ağayev Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.

Rəvan Nəzərəliyev - Xırdalan 5 saylı tam orta məktəbin məzunudur. Rəvanın atası maşın ustasıdır, anası riyaziyyat müəllimidir. Ailədə üç qardaşdılar. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Böyük qardaşları da 600-dən yuxarı bal toplayaraq universitetə daxil olublar. Hansı ixtisası seçəcəyini dəqiqləşdirməyib.

Nadir Sultanlı - Ankara məktəb-liseyin məzunudur. Onun anası evdar qadındır, atası isə BP-də işləyir.

IV ixtisas qrupu üzrə: Orxan Zülfüqarov Şəmkir rayonu, Çinarlı qəsəbəsi 2 saylı orta məktəbin məzunudur. Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır. O, Tibb Universitetində təhsil almaq istəyir.

Ağalətif Lətifov - İsmayıllı rayonu, 5 saylı orta məktəbin məzunudur. Ağalətifin atası da İsmayıllı rayon 5 saylı orta məktəbdə riyaziyyat müəllimi, anası isə evdar qadındır. O da Tibb Universitetində təhsil almaq istəyir.

700 bal yığanlar arasında yeganə qız olan Səbinə İsmayılova isə Qazax rayonu Canallı kənd orta məktəbinin məzunudur. S.İsmayılovanın heç bir fənn üzrə repetitor yanına getmədiyi bildirilir. Bu qızın repetitor yanına getmədən ən yüksək balı toplaması bir daha göstərir ki, repetitor yanına getmədən də ali məktəbə qəbul olmaq və ən yüksək nəticəni göstərmək mümkündür.
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, istedadlı uşaqların təhsillərinə xüsusi diqqət yetirmək lazımdır: “Ötən ilin nəticələri də göstərdi ki, regionlarda yüksək bal toplayanların sayında müsbət dəyişiklik var. Ancaq bu bir nəfərin nümunəsi onu göstərir ki, istedadlı uşaqlar repetitor xidməti olmadan belə ən yüksək nəticəni göstərə bilirlər. Ümumiyyətlə, istedadlı uşaqları bir-bir seçib, onların təhsilinə xüsusi diqqət ayırmaq lazımdır. Son vaxtlar uşaqların fənn olimpiadaları, ədəbiyyat müsabiqələri kimi tədbirlərin keçirilməsi və uşaqların bura cəlb olunması kimi hallar uşaqlarda təhsilə, oxumağa güclü motivasiyalar yaradır. Hesab edirəm ki, bu cür həvəsləndirici tədbirlərin sayı çoxaldılmalıdır. 600 baldan yuxarı göstəricilərin sayının çox olması əlbəttə ki, uşaqlarda daha yaxşı hazırlaşmağa həvəs oyadır. Bu cür uşaqların təşviqi ondan sonra gələn uşaqlara müsbət təsir göstərir. Bunun mətbuat vasitəsilə təbliği də normal səviyyədə qurulmalıdır. Qeyd etdiyim fənn olimpiada mərkəzlərinin fəaliyyət göstərməsi, uşaqların bilik yarışlarına cəlb olunması bu cür uğurları gücləndirə bilər. Hesab edirəm ki, bu həm də yaxşı məktəb mühitinin yaradılmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, ictimai-siyasi sektorda tanınan bir sıra simaların da övladları bu il qəbul imtahanlarında iştirak edib və yüksək bal yığıb. Onlardan biri Hacı İlqar İbrahimoğludur. Onun övladı yüksək bal toplayaraq ali məktəbə qəbul olub. “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin qızı Sevilay Həziquliyeva da 640 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq. II və III qrup üzrə qəbul imtahanı isə iyulun 23-də keçiriləcək.