BolgeXeber.Com » Xəbərlər » Yeni tikililər üçün sayğac 1000 manata satılır? - İDDİA (VİDEO)

Yeni tikililər üçün sayğac 1000 manata satılır? - İDDİA (VİDEO)

26-07-2016, 09:42
Oxunub: 4 133 Yeni tikililər üçün sayğac 1000 manata satılır? - İDDİA (VİDEO)Əslində fiziki şəxslər üçün bu xidmət pulsuz həyata keçirilməlidir

Yeni tikililərdə sayğac quraşdırmaq üçün 1000 manata qədər pul tələb olunur.

Əslində isə fiziki şəxslər üçün bu xidmət pulsuz həyata keçirilməlidir.

Hüquqşünaslar qeyd edir ki, MTK hüquqi şəxs hesab olunduğundan sayğaclar onlara pulla satılır və MTK da bunun pulunu vətəndaşdan toplayır. Halbuki, bu məbləğ evin ümumi qiymətində hesablanmalı və əlavə məbləğ tələb olunmamalı idi. Müqavilədə əgər sayğac xərci qeyd edilibsə belə, bu məbləğ bazara uyğun olmalıdır. Tələb olunan məbləğin bazar qiymətinə uyğunluğu isə sual doğurur.

Məsələ ilə bağlı sözügedən tikinti şirkəti ilə əlaqə saxladıq. Şirkətin təsisçisi müsahibə verməkdən boyun qaçırsa da, qaz sayğacı üçün ödədikləri pulun qəbzini göstərdi. Qəbzdə 20 sayğac üçün 5260 manat, başqa sözlə, 1 sayğaca görə 263 manat ödənildiyi aydın olur. Maraqlısı budur ki, "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbalıyev 1 sayğacın 183 manat 10 qəpiyə satıldığını qeyd edir.

Sayğacın quraşdırılması və xəttin çəkilməsi xərcləri də nəzərə alındıqda MTK-nın təqdim etdiyi 263 manat başa düşüləndir. Ancaq MTK nümayəndəsi digər sayğaclar üçün müəyyən səbəblərdən hər hansı qəbz göstərə bilmədi.

Digər sayğacların neçəyə başa gəldiyi ilə də maraqlandıq. “Azərsu” ASC-nin sözcüsü Anar Cəbrayıllı smartkart tipli su sayğacının bina evinə bütün xərcləri ilə birlikdə 237 manata başa gəldiyini bildirdi.

"Bakıelektrik şəbəkə" ASC-dən isə sualımıza konkret cavab verilmədi. Amma MTK-nın tələb etdiyi 950 manatdan su və qaz sayğaclarının xərcini çıxdıqda ortada 400 manat qalır ki, bu da işıq sayğacının payına düşür. İşıq sayğacı üçün 400 manat isə insanda yenidən sual yaradır.

Bolgexeber.com “Xəzər Xəbər”'-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: