Qarabağın mədəniyyət mərkəzi-Bərdə
28-07-2016, 18:18
Oxunub: 12 151
Bu adı şərəflə daşıyan Bərdə öz inkişafının yeni mərhələsini yaşayır
Hər bir xalq ilk növbədə milli-mənəvi dəyərləri, zəngin və özünəməxsus mədəniyyəti ilə bəşər sivilizasiyasına töhfələrini verə bilər. Bu baxımdan Azərbaycan xalqı özünü xoşbəxt saya bilər. Odlar yurdunun dilbər guşələrindən biri olan Bərdə ta qədimdən Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi diqqəti cəlb etmişdir. Şərqin möhtəşəm şəhəri adlandırılan Bərdə orta əsrlərdə zəngin mədəniyyət mərkəzlərindən olan Bağdad, Rey, İsfahan kimi yerlərlə müqayisə olunur, adı elləri dolaşırdı.
Söz mülkünün sultanı ulu Nizami Gəncəvi Bərdənin gözəlliyindən vəcdə gələrək şeirlərində onu daim vəsf etmişdir...
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin qədim Bərdə torpağına, bu diyarın sözü ilə əməli bir, qədirbilən, dövlətə sədaqətli insanlarına həmişə xüsusi diqqət göstərmiş, hakimiyyətdə olduğu dövrdə 14 dəfə Bərdəyə səfər etmişdir. Onun hər bir gəlişi bərdəlilərin həyatında əlamətdar hadisəyə çevrilmiş, qədim Nüşabə yurdunun simasında silinməzizlər qoymuşdur. Məhz bu qayğının nəticəsidir ki, ötən əsrin 70-ci illərindən başlayaraq qədim Bərdə özünün yeni inkişaf mərhələsini yaşamışdır. Rayonda çoxlu sayda müxtəlif istehsal və emal müəssisələri ilə yanaşı, həm də saysız-hesabsız mədəniyyət ocaqları-klub və kitabxanalar, kino-teatrlar tikilib istifadəyə verilmiş, özfəaliyyət kollektivləri yaradılmışdır.
Bərdə rayonunun qədirbilən sakinləri də öz sevimli rəhbərinin ətrafında həmişə sıx birləşmiş, ideyalarının, tövsiyə və tapşırıqlarının həyata keçirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməmiş, ona öz sədaqətlərini dəfələrlə əməli işdə sübut etmişlər. Bu gün artıq aforizmə çevrilən “Bərdə ulu öndər Heydər Əliyevə əbədi sevginin, yüksək məhəbbətin, sonsuz hörmət və ehtiramın mərkəzi şəhəridir" deyimi də elə bu istəkdən qaynaqlanmışdır. Mədəniyyətimizin, incəsənətimizin hamisi ulu öndər Heydər Əliyev Bərdəyə səfərlərinin birində bu qədim şəhərin regiondakı mövqeyini layiqincə qiymətləndirərək demişdir: “Bərdəlilər öz tarixi keçmişləri ilə də fəxr etməyə layiqdirlər... Biz təkcə respublikamızda deyil, bütün Şərqdə milli mədəniyyət mərkəzi olduğu üçün Bərdə ilə fəxr edirik".
Eyni zamanda, xalqımızın bu dahi oğlu Bərdənin inkişaf etmiş müasir şəhərə çevrilmək arzusunu belə ifadə etmişdir: “Mən istəyirəm ki, Azərbaycanın qedim paytaxtı, nizamilərin, nüşabələrin Bərdəsi qısa müddətdə müasir tipli gözəl şəhərə çevrilsin”. Mübaliğəsiz demək olar ki, Heydər Əliyev irsinə həmişə sədaqətli olan bərdəlilər onun bu arzusunu Prezident İlham Əliyevin rəhbərliyi altında tam reallığa çevirirlər. Bərdə Qarabağın mədəniyyət mərkəzi kimi bu gün inkişafının yeni mərhələsini yaşayır. Artıq bir çox regional mədəni tədbirlərin bu qədim və gözəl şəhərdə keçirilməsi ənənə halını almışdır. Mədəniyyət sahəsində həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar Bərdənin region üzrə mərkəzə çevrilməsi də bunun real təsdiqidir.
Ölkə başçısı tərəfindən mədəniyyət və incəsənət sahə¬sində həyata keçirilən ciddi islahatlar, qəbul olunan uzun¬müddətli dövlət proqramları, imzalanmış fərman və sərəncamlar rayonun mədəniyyət işçiləri tərəfindən uğurla həyata keçirilir. Son illərdə respublikamızın hər yerində olduğu kimi, Bərdədə də mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni obyektlər tikilib istifadəyə verilir, mövcud mədəniyyət abidələri əsaslı təmir edilir. Bərdənin simvoluna çevrilən, el arasında Nüşabə qalası kimi tanınan “Bərdə" türbəsi son dövrlərə qədər baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüşdü. Nəhayət, maddi- mədəniyyət nümunələrimizə, tarixi keçmişimizin qaranlıq səhifələrinə işıq salan abidələrimizə həssaslıqla yanaşan Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Bərdə rayonunda başlanan geniş-miqyaslı quruculuq-abadlıq işləri bu türbənin də təmirini gündəmə gətirmişdir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorun¬ması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən Bərdə türbəsində təmir işlərinə başlandı. Bərpaçılar tarixi abidəni ilkin görkəminə qaytar¬maq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Eyni zamanda, abidənin həyətyanı sahəsində də tikinti-abadlıq işləri həyata keçirilir.
Ölkə rəhbəri ötən il martın 12-də Bərdə rayonuna növbəti səfəri zamanı Bərdə türbəsində apanlan təmir və bərpa işlərinin gedişi ilə əyani şəkildə tanış olmuş, əlavə tövsiyə və tapşırıqlarını da vermişdir.
Bərdəyə başqa bir tarixi səfərində isə Prezident İlham Əliyev Tərtər çayı üzərindəki VI əsrə aid qədim körpü ilə tanış olmuş, onun bərpası üçün müvafiq dövlət orqanlarına tapşırıqlar vermişdir. Bu körpü son illərdə Bərdədə salınan və res¬publikada analoqu olmayan Heydər Əliyev adına park-bulvarla birləşdirilmişdir. Sözügedən bu mədəniyyət və istirahət parkı indi Bərdədə mədəni mərkəzə çevrilmişdir. Əhalinin asudə vaxtının, mədəni istirahətinin səmərəli təşkili üçün burada maraqlı tədbirlər keçirilir. Mədəniyyət və incəsənət işçilərimizin hər şənbə və bazar günlərində burada konsert proqramları təşkil etmələri ənənə halını almışdır.
Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi geniş və çoxsahəli struktur şəbəkəsinə malikdir. Hazırda rayonda 148- müxtəlif mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında 1365 nəfər işçi çalışır. Ümumiyyətlə, ötən il rayonda 900-dən çox müxtəlif səpkili mədəni-kütləvi tədbirlər keçirilmiş, həmin tədbirlərdə 100 min nəfərə yaxın əhali iştirak etmişdir.
Fəaliyyətimizin digər mühüm istiqamətini gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin, əsgər və zabitlərimizin isə düşmənə nifrət hissinin, qələbə əzminin artırılması təşkil edir. Bu məqsədlə mədəniyyət və incəsənət işçilərindən ibarət xüsusi təşviqat briqadası yaradılmışdır. Onlar müntəzəm olaraq ərazidəki hərbi hissələrin şəxsi heyəti ilə görüşür, zəngin konsert proqramları ilə çıxış edirlər.
Ölkə başçısının tapşırığına uyğun olaraq turizmin inkişafı məqsədi ilə son illər rayonda mövcud olan 2 ölkə, 17 yerli əhəmiyyətli tarixi abidələrin ətrafında əsaslı abadlıq işləri aparılmışdır. Onların tarixi, yaradıcıları dəqiqləşdirilərək, ad göstəriciləri yeniləşdirilmişdir. Təkcə bu ilin birinci rübündə rayonun tarixi abidələrini minlərlə yerli və xarici turist ziyarət etmişdir.
Kənd yerlərində mədəni- kütləvi tədbirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına da xüsusi diqqət yetirilir. Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən hər ayın sonunda mədəniyyət işçilərinin bir növ, hesabat xarakteri daşıyan seminar-müşavirələri keçirilir. Ənənəvi olaraq bu tədbirlərin sonunda kənd mədəniyyət evlərinin nəzdindəki özfəaliyyət-folklor kollektivlərinin çıxışları dinlənilir və qiymətləndirilir. Keçirilən mədəni tədbir-lərin hamısı sosial şəbəkələrdə, informasiya və xəbər portallarında yerləşdirilərək geniş əhali kütləsinin müzakirəsinə verilir. Bu baxımdan Bərdə Turizm İnformasiya Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi ölkə Prezidentinin qarşıya qoyduğu möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi üçün qüvvə və bacarığını əsirgəmir. Qədim, zəngin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, tarixi abidələrimizin bərpası və mühafizəsi, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün bütün qüvvə və bacarığımızı səfərbərliyə almışıq. Əldə olunan nəticələr isə onu deməyə əsas verir ki, Bərdə bu gün Aranın, Qarabağın, bütövlükdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən birinə çevrilir.
İlyas Hacıyev
Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər