BolgeXeber.Com » Xəbərlər » Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR

Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR

29-07-2016, 14:53
Oxunub: 4 005 Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLARİsti yay günləri hər kəsi istirahət haqda düşünməyə vadar edir

İnsanlar şəhərin səs-küyündən, yayın qızmar istisindən qorunmaq üçün ciblərinə uyğun istirahət planları qurmağa başlayırlar. Ötən illərdə apardığımız müşahidələr göstərdi ki, istirahət mərkəzləri, o cümlədən regionlardakı otellər yenə də göstərdikləri xidmətə görə yüksək qiymətlər təklif edirlər. Təəssüf ki, bu dəfə də eyni mənzərənin şahidi olduq.

Xaricdə dincəlmək imkanı olmayan ölkə vətəndaşları yay aylarında ərazisi meşədən ibarət olan və Xəzər dənizinin sahilində yerləşən Nabranda istirahətə üstünlük verirlər. Xidmət haqqı ilə maraqlandıqdan sonra biz də Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Malibu Resort” istirahət mərkəzinə yollandıq.
Öyəndik ki, burada bir gün qalmaq şərti ilə 2 nəfərlik otağın qiyməti 50 manat, 4 nəfərlik otağın qiyməti 100 manat, 6 nəfərlik otağın qiyməti isə 120 manatdır. Bəli, bu qiymətlərə “Malibu Resort”da yalnız gecələmək mümkündür. Gündə üç dəfə yemək üçün bir adam üçün əlavə olaraq 40 manat ödəmək lazımdır. Otağa giriş saatı 14:00-dan, çıxış saatı 12:00-dan başlayır. Həmin vaxta qədər otağı tərk etməyənlər əlavə ödəniş etməli olurlar.
Otağın qapısında vurulan elanda bildirilirdi ki, əgər qonaqların “Malibu Resort”un ərazisində pulu və ya qiymətli əşyası itərsə, istirahət mərkəzi buna görə məsuliyyət daşımır. Nəysə, buracan gəlmişik, vaxt itirmədən qalaq dedik. İki nəfərlik otağı sifariş verdik. Əşyalarımızı dar və işıqlı olmayan otağa yerləşdirdik.
Günorta saatlarıdır. Hava dəhşət istidi. Hovuza daxil olmaq istədik. Bizə bildirildi ki, bu xidmətdən istifadə etmək üçün 6 manat ödəmək lazımdır. Qiymətin baha olduğundan şikayət edib, stolüstü oyunlarla məşğul olmaq istəyimizi bildirdik. Bu zaman eşitdiyimiz qiymət bizi daha da hiddətləndirdi. Qeydiyyat bölməsindən bizə deyildi ki, 1 saat billiard oynamaq üçün 10 manat ödəmək lazımdır. Bunu eşitdikdən sonra, kor-peşman hotelin əməkdaşına xitabən “yaxşı, başımızı harda qata bilərik” deyə soruşduqda, ürəklə “idman meydançasında” dedi. Nəysə, üz tutduq idman meydançasına. Yaxınlaşanda gözümüzə inanmadıq. Futbol və basketbol üçün nəzərdə tutulan meydança yararsız vəziyyətdə idi. Ot əvəzinə tikan bitən meydançaya daxil olmaq mümkün olmadı.
Yadımıza düşdü ki, elanda “Malibu Resort”da fitnes zalının olduğu qeyd olunmuşdu. Fitnesin pulsuz olduğunu öyrəndikdə sevinərək zala üz tutduq. Amma…
Daha təəccüblənməyimizə əsas qalmamışdı. Gördüyümüz xidmət və şərait onu göstərirdi ki, turist kimi bura təkrar gəlmək özünə və vaxtına dəyər verməməkdi.
Deməli, fitnes zalında işlək vəziyyətdə olan bir avadanlıq belə tapmadıq. Pasdan və kirdən avadanlıq az qala ələ yapışırdı. Burada olan su krantı yararsız vəziyyətdə olduğu üçün ətrafa su axırdı.
Əlavə xərcimiz çıxmadan başqa hansı xidmətdən istifadə edə bilərik deyə maraqlanmağa başladıq. Cavab “internet” oldu. İndi elə bir zamandır ki, informasiyasız günümüzü təsəvvür etmək mümkün deyil. Ölkədə və dünyada baş verən xəbərləri izləmək istədik. İstirahət mərkəzinin təqdimatında internet xidmətinin olduğu bildirilsə də, biz burda internet xidmətindən istifadə edə bilmədik. Yalnız istirahət mərkəzinin giriş ərazisinin “WI-FI” zonası olduğu deyildi və şifrə verildi. Amma internet xidmətindən istifadə edə bilmədik. Orada olduğumuz üç gün ərzində informasiya aclığından əziyyət çəkdik.
Bizdən əvvəl bura gələn turistlərlə söhbət zamanı məlum oldu ki, günün sonunda diskoteka olur. Ümidimizi gecəyə bağladıq. Bu zaman gecə baş tutacaq diskotekada əylənmək üçün 5 manat ödəməyin lazım olduğunu öyrəndik. Və burada davasız-qansız gecəni başa vurmaq elə də asan olmur dedilər.
Bir suala cavab tapmadan yeni sual yaranırdı. İstirahət mərkəzinin rəhbərliyi niyə xidmət təşkil etmir? Axı bura bir dəfə gələnin ikinci dəfə gəlməsinə çalışmırlar? Bu suallara özümüzdə və ətrafımızda olan insanlarla cavab axtarmağa çalışdıq və tapdıq. Deməli, bizdən “xidmət haqqı” adı ilə pul yığan şəxslər “Malibu Resort”un öz sahibi deyil, icarədardır, ona görə də fikri-zikri ancaq pul qazanmaqdı. Təəssüf olsun ki, həmin suallara bundan başqa cavab tapmaq mümkün olmadı. Şikayət etdiyimiz istirahət mərkəzlərinin əməkdaşları isə bizə “nə varsa budur, başqa heç nə gözləməyin” dedilər.
Şam yeməyi vaxtı gəldi… Bir sözlə, sadəcə ölməmək üçün burda yemək lazım idi. Gözlədiyimiz kimi qonaqlara təqdim olunan “isveç stolu”nun da başqa “xidmət”lərdən fərqi olmadı. Sıfır!
Dövlət Statistika Komitəsinin (DSK-nın) bu il açıqladığı hesabata görə, ötən il Azərbaycanda səyahət və turizm xidmətləri göstərən şirkətlərin sayı 218-dən 243-ə yüksəlib. Nəticə nədi? Deməli, daxili turizmi irəlilətmək məqsədilə yerli marşrutlar təbliğ olunsa da, turoperatorların ölkə içində təklif etdikləri xidmətlər nəinki populyar deyil, tam tərsinə, ilbəil geriləyir. Çünki uzun müddətdir ki, Azərbaycanda turizm sektorunda qiymətlərin baha olması və xidmətin aşağı səviyyədə olması əhalini narahat edir. Ekspertlər və sayahətçilər məhz buna görə də istirahət mövsümlərində insanların ölkə daxilində dincəlməkdənsə, xaricə getməyə üstünlük verdiyini bildirirlər. Hətta yol xərci əlavə olunsa belə yenə də xaricdə istirahət etmək, Azərbaycandakından ucuz başa gəlir. Və yüksək səviyyədə xidmətlə qarşılanırsan.
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR
Nabranda bahalı qiymət, sıfır xidmət – FOTOLAR