BolgeXeber.Com » Xəbərlər » Velosiped sürmək üçün səbəb çox, yer isə yox...

Velosiped sürmək üçün səbəb çox, yer isə yox...

30-07-2016, 12:27
Oxunub: 2 693 Velosiped sürmək üçün səbəb çox, yer isə yox...  Velosiped həvəskarları Veloparkdakı kirayə qiymətlərindən və vaxtdan narazıdır “Azərbaycanda velosiped sürmək üçün nə yer, nə də şərait var

Bunu Veloparkda rastlaşdığımız paytaxt sakini Tural Əliyev deyir. Velosiped sürənlərin üz tutduğu yeganə təhlükəsiz yer Veloparkdır. Ancaq buradakı şərtlər və qadağalar heç də hamının ürəyincə deyil. Bir çox ölkələrdə velosiped əsas nəqliyyat vasitələrindən biri hesab edir. Hətta məmurlar, nazirlər belə işə velosipedlə gedib gəlirlər. Azərbaycanda isə bunun əksidir. Yolları böyük, hündür maşınlar tutub, tıxac yaratmaqla yanaşı ekologiyanın da çirklənməsinə səbəb olur. Amma bir sıra ölkələrdə əksinədir. Məsələn, sosial durumuna görə Avropanın ən yaxşı ölkələrindən hesab olunan Hollandiyada, ümumiyyətlə, Azərbaycanda gördüyümüz iri, bahalı maşınlar yoxdur. Varsa belə, bu, diqqət çəkməyəcək qədərdir. Şəhərdə daha çox velosipedlərdən istifadə olunur. Elə Amsterdamın özəlliklərindən biri də budur. Bu şəhərdə velosipedlərin sayı insanların sayından çoxdur. Amsterdamda 810 min civarında adam yaşayır, ancaq velosipedlərin sayı 1 milyonu keçib. Velosiped sürmək üçün xüsusi yollar var. Şəhərin müxtəlif yerlərində maşın, avtobus yox, məhz velosiped dayanacaqlarına rast gəlinir. Ən böyük dayanacaq “Amsterdam central”dadır ki, burada 10 minə yaxın velosiped dayanır. Velosiped sahiblərinin öz əmlakını buradan necə tapa bildiyi hər bir turisti təəccübləndirir. Çünki dayanacaqda heç bir nömrə-filan yoxdur, bütün velosipedlər də bir-birinə bənzəyir. Bir sözlə, burada yaşından, cinsindən asılı olmayaraq hər kəs velosiped sürür. Arxasına uşaq oturacağı bağlanmış velosipedlər də çoxdur. Hətta velosiped sürən hamilə qadınlara da rast gəlinir. Azərbaycanda velosipedlərin qiyməti baha sayılmır. Yəni istənilən insan aylıq gəlirinin bir qismi ilə velosiped ala bilər. Monreal və Vaşinqton da daxil olmaqla, dünyanın bir çox şəhərlərində kredit kartı olan şəxs asanlıqla velosiped kirayə stansiyasına gedib velosiped kirayələyə bilir. Fransada isə velosiped kirayələyən zaman onun ilk yarım saatı pulsuzdur. Azərbaycanda da velosiped kirayələyə bilərsiniz. Amma onların nəzərdə tutduğu ərazidə sürmək şərti ilə və yalnız 1 saatlıq. Qaydalarla daha yaxından tanış olmaq, velosiped sürənlərin olub-olmadığını öyrənmək üçün yolumuzu Veloparkdan saldıq. Velosiped sürənlər kifayət qədər idi. Hətta kassanın qarşısında növbə vardı. Qiymətlərə gəlincə isə 1 saat tur 3 manat, sürətli velosipedlə isə 5 manata idi. Velosipedi götürərkən şəxsiyyət vəsiqənizi, əgər onu üstünüzdə götürməmisinizsə, telefonunuzu girov qoymalısınız. Kağızlara adınız yazılır və telefonun altına qoyulur ki, telefonlar səhv düşməsin. Qaydalara əsasən velosipedlə dəniz kənarına və köhnə bulvara çıxış qadağandır. Əgər kimsə qadağan olunmuş əraziyə çıxarsa, 20 manat cərimə olunacaq. 1 saat vaxt bitdikdən sonra kirayəçi velosipedi 5 dəqiqə gec gətirsə, ondan əlavə bir saatın pulu alınır. Əgər velosipeddə nasazlıq baş verərsə, məsuliyyəti kirayəçi daşıyır. Burada növbə o qədər çox idi ki, velosipedlər qurtarmışdı və qaytarılmasını gözləyirdilər. İcarədarın sözlərinə görə, velosipedlər Çindən və Almaniyadan gətirilib. İcarədar sadə vətəndaşlarla yanaşı, burada müxtəlif sənət adamlarının, aktyor və müğənnilərin də velosiped sürdüyünü deyir. Ərazidə öz velosipedləri ilə gəzib dolaşanlar da vardı. Pərviz Əliyev adlı velosiped sürənə yaxınlaşırıq. O, adi yollarda velosiped sürmək üçün şərait olmadığından hər gün bura gəlib 2-3 saat velosiped sürdüyünü dedi: “Velosiped sürmək həm səhhətə xeyirlidir , həm də əyləncəlidir. Bu mənim öz velosipedimdir. Şəhərdə sürməyə şərait yoxdur və təhlükəlidir. Maşın sürücüləri bəzən təhqir-söyüşlə velosiped sürənlərə irad tuturlar ki, yoldan çəkilin. Velosiped zolaqları yoxdur”. Onunla bərabər velosiped sürən dostu Tural Ağayev də eyni fikirdə idi: “Maşınım var, amma velosiped sürməyi daha məqsədəuyğun hesab edirəm. Benzin tələb etmir, xarab olmur. Maşınla gedib-gələndə insan oturaq həyat sürür, əl-ayaq işləmir, kökəlmə gedir. Amma velosiped hər cəhətdən yaxşıdır. Çox yaxşı olardı ki, yollarda xüsusi velosiped xətləri olsun ki, özümüzü Veloparkla çərçivəyə salmayaq, istədiyimiz yerə velosipedlə gedib gələk”. Velosiped sürməkdə çətinlik çəkən və yeni öyrənməyə başladığını deyən Aygün Səlimova velosiped sürməyin çox əyləncəli olduğunu deyirdi: “Mən rəfiqəmlə gəlmişəm. O sürə bilir, mən isə öyrənirəm. Heç bilmədim 1 saat necə keçdi. Həm insanın yorğunluğu çıxır, həm də maraqlı olur. Əslində burada velosiped sürməyi bacarmayanlara öyrətmək üçün müəllim olsaydı, yaxşı olardı. Amma təbii ki, baha qiymətə yox”. Alimlərin araşdırmalarına görə, velosiped sürmək ürəyin də dərmanı sayılırmış. Belə ki, alimlər gündə 10 dəqiqə velosiped sürməklə daha sağlam bir ürəyə sahib olmağı mümkün sayırlar. Həmçinin mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır. Yuxuya getməkdə və ya səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, velosiped sürərək bu problemləri aradan qaldırın. Stanford Universitetinin tədqiqatçılarının apardıqları araşdırmalar gündə 30 dəqiqə velosiped sürənlərin yuxu rejiminin qaydaya düşdüyünü açıqlayıblar. Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər sürməyənlərə nisbətən daha arıq olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir. Bir saat velosiped sürərək 500 kalori xərcləmək mümkündür. Halbuki qaçış da daxil olmaqla, digər idman növlərində saatda sadəcə 100-200 kalori xərcləyə bilərsiniz. Bir sözlə, velosiped hərtərəfli xeyirlidir. Ona görə də Azərbaycanda da tezliklə digər ölkələrdə olduğu kimi avtomobillərin yox velosipedlərin çoxluq təşkil edəcəyinə ümid edirik. musavat.com
Velosiped sürmək üçün səbəb çox, yer isə yox...
Velosiped sürmək üçün səbəb çox, yer isə yox...
Velosiped sürmək üçün səbəb çox, yer isə yox...