BolgeXeber.Com » Xəbərlər » Mərkəzi Kliniki Xəstəxana: Bura tibb ocağından daha çox BAZARA bənzəyir... - Nazirin nəzərinə...

Mərkəzi Kliniki Xəstəxana: Bura tibb ocağından daha çox BAZARA bənzəyir... - Nazirin nəzərinə...

4-08-2016, 11:53
Oxunub: 3 081  Mərkəzi Kliniki Xəstəxana: Bura tibb ocağından daha çox BAZARA bənzəyir... - Nazirin nəzərinə... Özəl tibbi xidmətin siması kimi az qala şöhrət tapmış Mərkəzi Kliniki Xəstəxananın rəhbərliyi üzərinə götürdüyü məsuliyyəti qismən də olsa doğrultmaq üçün gərəkli işlər görməliydi

Necə olmasa, xəstəxanada dövrümüzün ən bahalı həkimləri fəaliyyət göstərir. Bəri başdan qeyd edək ki, klinikada çalışan həkimlərin peşəkarlıq səviyyəsi barədə fikir yürütmək fikrimiz yoxdur. Lakin deməyə məcburuq ki, buradakı tibbi personalın xidmətdən razı qalan vətəndaşlar olduqca azdır. Bu o deməkdir ki, müalicə aldığı müddətdə sağlamlığı ilə bərabər pulunu da itirmiş xəstələrin təkrar müalicə üşün xarici ölkələrdəki müalicə müəssisələrinə üz tutması faktları kifayət qədərdir.Odur ki, özəl səhiyyə sektorunda ayaq açıb "yeriyən" neqativlərin insanların sağlamlığına xeyirdən çox ziyanı dəydiyini görməmək ən azı insafsızlıqdır. Düzdür, son günlər özəl tibbi fəaliyyət göstərən bir neçə səhiyyə müəssisəsininə qarşı tədbirlər görülüb. Lakin, bu tədbirlər kifayət qədər effektli sayıla bilməz. İnsanların cibinə "işləyən" belə tibbi xidmətin ağrılarından imkanlı-imkansız əksər xəstələr onsuz da əziyyət çəkir. Əldə etdiyimiz məlumatdan görünür ki, Mərkəzi Kliniki Xəstəxananın daxili qaydalarına görə, burada müalicə alan xəstə və xəstə yaxınları nizam-intizama riayət etməlidir, əks təqdirdə Mərkəzi Klinika rəhbərliyi tərəfindən bu səhiyyə ocağından kənarlaşdırıla bilərlər. Kənarlaşdırmalar ən müxtəlif formada həyata keçirilir. Bu "qayda" əslində xəstənin cibi ilə birbaşa "qanuni" təmasını rəsmiləşdirir. Bə bu təmas nədən ibarətdir? Qaydaya görə, klinikada yatırdılacaq xəstədən ona göstəriləcək xidmətlərə görə xəstənin müəyyən etdiyi məbləğdə ilkin avans tələb olunur. Müalicə müddəti boyunca göstərilən xidmətin məbləği günlük olaraq bu avansdan çıxılır. Avansa xəstələr "kontur" adı veriblər. Elə ki, xəstənin "konturu" bitir, yeni avans dərhal ödənilməlidir. Əks təqdirdə heç bir məsləhətləşmə aparılmadan xəstəni palatadan çıxarıb verirlər yaradanın ümidinə. Azərbaycan səhyyəsinin pullu siması bax belədir. Ara-sıra baş verən biabırçılıqlar pullu səhiyyənin bütün eybəcərliklərini üzə çıxarır. Xəstəxanaya stasionar və ya reanimasiya şəraitində müalicə üçün qəbul edilmiş xəstə yaxınlarının şahid olduqları antihumanist hərəkətlər barədə "xatirələrini" dinlədikcə sanki adamın qanı donur. Özünüz fikirləşin, xəstəxanaya müalicəyə gəlmiş xəstə hansı intizamsızlığı edə bilər? Bəzi tibb bacıları kimi durub kiminsə kürəyinə bıçaq sancası deyil ki, pulumu qaytar... Saçyolduya bənzər belə münaqişələr klinikada ara-sıra baş verib. Ödənişlərin vaxtında, özü də avans şəklində xəstə məsləhətçilərinə ödənilməsi gecikdirildkdə belə münaqişələr qaçılmaz olur. Məbləği isə qeyd etdiyimiz kimi, astronomik göstəricilərilə kəllə-çarxa vurur. Burada günlük müalicənin bəzi preyskurantları adamı dəhşətə gətirir. Qiymətlər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artan sıra ilə dəyişir. Ən ucuz müalicə hesab edilən ambulans xidmətinin qiyməti Bakıda saatda 80 manatdan az deyil. Artıq olarsa hər növbəti 15 dəqiqə üçün "sayğac" əlavə hesab tələb edir. Təcili yardım xidmətləri iş günlərindən asılı olaraq 43-85 manat civarındadır.Təcili yardım manipulyasiyalarının siyahısına nəzər salın: bunların "şotçiki" birdəfəlik yara sarğısına görə 22 manat udur. Əzələ daxilinə inyeksiya-3 manat, vena daxilinə iynə vurdurmaq-11 manat, reanimasiyada yatan xəstə təqibi digər tibbi xidmətlərlə birlikdə gündə 1500-2500 manat civarında dəyişir. Bu məbləğ qeyd edim ki, şərtidir. Bəzi xəbərlərə görə, son zamanlar xeyli artırılıb. Belə ki, özəl Mərkəzi Kliniki Xəstəxanada xəstələrlə hesablaşmalar məlumata görə, ABŞ valyutası ilə aparılır. Ən dəhşətlisi odur ki, Kliniki xəstəxana həyatını həkim səhvi üzündən itirən xəstələrə görə heç bir məsuliyyət daşımır. Bu barədə heç bir kompensasiyadan söhbət belə gedə bilməz. Burada həkimə səhvini sübuta yetirmək kimi presedent hələ ki, baş verməyib.