BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın xəstə səhiyyə sistemi...

Azərbaycanın xəstə səhiyyə sistemi...

29-09-2016, 09:59
Oxunub: 3 841 Azərbaycanın xəstə səhiyyə sistemi..."Yaxşı olar ki, Səhiyyə Nazirliyi ləğv olunsun və onun səlahiyyətləri Sosial Təminat Nazirliyinə verilsin"

Mən 23 il Kliniki Tibbi Mərkəzdə həkim kimi calişmışam. Səhiyyədə yaranmış acınacaqlı duruma və səhiyyə nazirliyinin apardığı kadr siyasətinə etiraz əlaməti olaraq dövlət xəstəxanasından öz ərizəmlə işdən azad olundum. Bununla bağlı Bakı Baş səhiyyə idarəsinin rəisi və müavini tərəfdən gəbul olundum və söhbət zamanı həmin rəsmilər də dövlət sektorunda tibbi xidmətin yarıtmaz halda olmasını və dövlət tabeçiliyində olan xəstəxanalarda hətta özəl klinikalardakı xərcləri xeyli üstələyən geyri-legal ödəmələrin mövcud olmasını etiraf etdilər.

Hal-hazırda Azərbaycanda olan səhiyyə sistemini analoqsuz hesab etmək olar. Belə ki, icbari tibb sığortası olmadığından vətəndaşlar tibbi xidmətin əvəzini ödəmək zorunda qalır, həkimlər isə aldığı gülünc məvacibin fonunda əməyinin real əvəzini almaq üçün çəhdlər edirlər. Əvvəla, qeyd edim ki, dövlət xəstəxanalarında tibbi təhcizat Səhiyyə Nazirliyinin bəyan etdiyinin əksinə olaraq son dərəcə bərbad vəziyyətdədir. 160 adda dərmanla təhcizatdan dəm vurulsa da, əslində ağır xəstələr üçün lazım olan antibiotiklər, infuziya üçün zülal və aminturşu məhlulları, operasiya ləvazimatı, ağlar çatışmır, əslində bunlar bir qayda olaraq xəstələrin özlərinə aldırılır. Deklarativ olaraq xəstə yaxınlarına dərman və tibbi ləvazimat aldırmaq qadağan olunsa da, real həyatda bunun tam əksi baş verir. Çünki, operasiya sonrası xəstələr bir neçə gün qida qəbul etmədikdə onlara venadaxili lazımi qidalandırıcı dərmanlar köçürülməlidir. Bu dərman preparatlarını xəstəxana vermirsə, haradan alınmalı?

Kliniki Tibbi Mərkəz Cənab Prezident tərəfindən 2009-cu ilin əvvəlində açılmışdir. Lakin bu günə qədər də açılış zamanı vəd olunan avadanlıqların çoxu klinikaya verilməyib, verilənlər isə kəsirlə verilmişdir. Bu günə qədər xəstəxananın girişində asılmış və üzərinə “1 saylı xəstəxana” yazılmış lövhə qalmaqdadır. Yəni 7 il ərzində həmin lövhəyə xəstəxananın düzgün adını yazmağa Səhiyyə Nazirliyinin və xəstəxananın vəsaiti olmamışdır. Səhiyyə Nazirliyi dövlətin ayırdığı vəsaiti keyfiyyətsiz və bəzi hallarda lazımsız tibb ləvazimatlarına xərcləyir. Belə ki, xəstəxananın açılışı zamanı Prezidentə göstərilən laparoskopik əməliyyat mulyajı üçün 140 min avro vəsait xərclənmişdir. Prezidentə təqdim olunan gündən sonra da həmin mulyaj bağlı qapi arxasında saxlanılmaqda davam edir, çünki bu xəstəxana üçün lazımsız bir cihazdır. 7 il öncə bunun əvəzinə cərrahi əməliyyatlar zamanı çox lazım olan, hər biri 15 min dollara 9 ədəd “Liqaşur cihazı” almaq olardı. Bu cihaz cərrahi əməliyyatların müddətini azaldır, daha effektiv aparılmasını təmin edir, həkimin işini xeyli yüngülləşdirir. Laparoskopik əməliyyatlar zamanı isə bu cihazın əvəzi yoxdur. Bu zaman xəstənin stasionarda qalma müddəti qısalır və dövlət büdcəsinə xeyli qənaət edilmiş olardı. Kliniki Tibbi Mərkəzə 7 il əvvəl “Ştors” firmasının laparoskopik əməliyyatlar dəsti verilmişdir. Bu günə gədər həmin dəstin sıradan çıxmış alətlərinin alınması həkimlərin vəsaiti hesabına aparılır. Laparoskopik əməliyyatlarda işlədilən qiyməti bir dəst klips (6 ədəd) (maya dəyəri 9 manat) müdiriyyət tərəfindən həkimə 60 manata satılır. Digər tərəfdən 2-ci laparoskopik əməliyyat dəsti 2 ilə yaxındır ki, rəhbərliyin qohumlarının istifadəsi üçün bağlı qapılar arxasında saxlanılır. Təəssüflər olsun ki, bu iki ildə həmin qohumlar laparoskopik cihazdan istifadəni öyrənə bilməmişlər. Qiyməti 100 min dollardan yuxarı olan və nazirlik tərəfindən şişirdilən bu cihaz isə galdıqca mənəvi baxımdan aşınınr və köhnəlir.

Səhiyyə sistemində baş alıb gedən özbaşınalıqlardan çıxış yolu səhiyyə islahatlarının təcili tam başa çatdırılmasından, icbari tibbi sığorta sistemin qurulmasından, əhalinin bütün təbəqələrinin sığorta polisi (vəsiqəsi) ilə təmin olunmasından və ən ümdəsi Səhiyyə Nazirliyinin administrativ-bürokratik orqandan təşkilatlandırıcı və metodik tövsiyə verən bir mərkəzi orqana çevrilməsindən ibarətdir. Daha yaxşı olar ki, Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə idarəsi ləğv olunsun və onun səlahiyyətləri Sosial Təminat Nazirliyinə verilsin.

Tezliklə bu istiqamətdə ciddi addımlar atılmazsa, genofondun sağlamlığının keşiyində duran səhiyyəmizin durumu cəmiyyəmizdə daha acınacaqlı vəziyyətə gətirib cıxaracaqdır.

Qafar İsgəndərov

Kliniki Tibbi Mərkəzin keçmiş həkimi

Redaksiyadan: Biz burada qeyd edilən ittihamların nə dərəcədə həqiqəti əks etdirdiyindən xəbərsizik. Odur ki, qarşı tərəfə də cavab haqqı tanıdğımızı bəyan edirik.