BolgeXeber.Com » Xəbərlər » Bakıda ''Range Rover''li qadının sifarişi ilə mühafizəçini döyən “VİP-persona” kimdir? - FOTO

Bakıda ''Range Rover''li qadının sifarişi ilə mühafizəçini döyən “VİP-persona” kimdir? - FOTO

4-10-2016, 15:38
Oxunub: 2 159 Bakıda ''Range Rover''li qadının sifarişi ilə mühafizəçini döyən “VİP-persona” kimdir? - FOTOBəs şahid və hadisəni görən başqaları niyə mühafizəçinin xüsusi amansızlıqla döyülməsinə müdaxilə etməyiblər?

Bir neçə gün əvvəl Bakıda ''003'' nömrə nişanlı ''Range Rover''in xanım sürücüsünün mühafizəçini ölümcül döydürməsi ilə bağlı xəbər vermişdik. Səbail rayonu ərazisində, ''Marriot Abşeron'' mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala saldırmışdı. Bu gün Criminal.az saytına daxil olan məlumata görə, mühafizəçini döyən şəxsin həmin xanımın həyat yoldaşı olduğu, onun həbs edilməsi barədə məlumat daxil oldu.

Virtualaz.org bu hadisəni araşdırıb və bəzi yeni detalları öyrənə bilib. Məlum olub ki, hadisə bir həftə əvvəl baş verib. Həmin yaşayış kompleksinin həyətindəki mühafizə postunda dayananlar əməkdaşımıza hadisə barədə “xəbərsiz olduqlarını, heç nə bilmədiklərini” deyiblər. Bununla belə yaxınlıqda işləyən şəxslərdən biri adının açıqlanmaması şərti ilə hadisənin təfərrüatlarını danışıb. Hadisə şahidinin dediklərindən:

“Bəli, belə hadisə olub. Həmin qadın “Range Rover”lə gəlib, parklama ərazisində boş yer yox idi deyə mühafizəçidən tələb edib ki, maşını binanın həyətinə buraxsın. Deyib ki, yaxınlıqdakı “Room” mebel salonuna baş çəkib qayıdır. Ancaq deyəsən qadın oradan çıxıb gözəllik salonuna gedib və maşınını götürməyə gec qayıdıb. Ola bilsin mühafizəçi gec qayıtdığı üçün ona irad tutub, yaxud nəsə qadının xoşuna gəlməyən söz deyib. Mən hadisəni aralıdan müşahidə edirdim, onu gördüm ki, AA seriyalı qara avtomobillə gələn ortaboylu gənc mühafizəçini amansızlıqla döyməyə başladı. İnsanı elə döyməzlər, bu, qəddarlıqdır, vəhşilikdir. Mühafizəçi zəif cüssəli gənc idi, heç bir müqavimət göstərə bilmədi. Yaxınlıqdakıların da heç biri müdaxilə etmədi. O qədər döydü ki, mühafizəçi huşunu itirdi, qadının çağırdığı şəxs isə onu küçənin ortasında qoyub heç nə olmamış kimi getdi. Tutaq ki, həmin mühafizəçi qadına nəsə irad tutub, buna görə adamı elə döyərlər? ”.

Şahidin bildirdiyinə görə, qadın və onun çağırdığı şəxs getdikdən sonra yaxınlıqdakılardan kimsə təcili yardım çağırıb. Təcili yardım huşsuz vəziyyətdə olan mühafizəçini xəstəxanaya aparıb. Daha sonra hadisə yerinə polislər gəlib, ətrafdakı videomüşahidə kameralarından görüntülər götürülüb.

“Görünür mühafizəçi xəstəxanaya aparıldığı üçün istər-istəməz polisə məlumat verilib. Ancaq hadisənin sonrasının necə olduğu haqda məlumatım yoxdur. Bu ərazidə hər tərəf kameradır, yəqin ki, istəsələr həmin adamı tapmaq heç bir çətinlik törətməz”-mənbə bildirdi.

Bəs şahid və hadisəni görən başqaları niyə mühafizəçinin xüsusi amansızlıqla döyülməsinə müdaxilə etməyiblər? Şahid deyir ki, heç kim buna cəhd etməyib. “Neyləsinlər? İndi bilmirik hansı zəmanədir? Elə harın, pullu adamlar üçün kimisə öldürüb qanını batırmaq nə çətin şeydir?”-şahid acizanə şəkildə çiyinlərini çəkib deyir.

Səbael rayon 39-cu polis bölməsindən növbətçi deyib ki, belə hadisə haqda eşitməyib. “Həmin adamın adı, familiyası olsa araşdırmaq olardı”-növbətçi deyib. Hadisəni diqqətdə saxlayacağıq və mühafizəçini ölümcül döyən “VİP-persona” barədə məlumatlar əldə etməyə çalışacağıq.
Bakıda ''Range Rover''li qadının sifarişi ilə mühafizəçini döyən “VİP-persona” kimdir? - FOTO
Bakıda ''Range Rover''li qadının sifarişi ilə mühafizəçini döyən “VİP-persona” kimdir? - FOTO
Bakıda ''Range Rover''li qadının sifarişi ilə mühafizəçini döyən “VİP-persona” kimdir? - FOTO