BolgeXeber.Com » Xəbərlər » Biznesmen-icra başçısı yola salınacağı anı gözləyir... - Vaxtı yetişib...

Biznesmen-icra başçısı yola salınacağı anı gözləyir... - Vaxtı yetişib...

12-10-2016, 11:01
Oxunub: 2 455  Biznesmen-icra başçısı yola salınacağı anı gözləyir... - Vaxtı yetişib...Sabunçunun icra başçısı Bakıxanov qəsəbəsində satmadığı yer qoymayıb

Məlumata görə, Adil Vəliyev qəsəbənin daha iki massivini peşkəş edib. Hazırda həmin ərazilərdə tikinti işəri həyata keçirilir. Qəsəbənin “Kristal” şadlıq evinə yaxın ərazisində bir gecənin içərisində şumlanan ərazi tikinti meydançasına çevrilib. İcra başçısı təyin olunduğu vaxtdan Bakıxanov qəsəbəsində kosmetik abadlıq işləri həyata keçirən biznesmen A.Vəliyev burada bir qarış yer saxlamayıb. Belə ki, Bakıxanov stansiyası adlanan iri massiv satılaraq ərazidə ticarət mərkəzi inşa olunmaqdadır, səkilərin üstü obyektlərin tikintisi üçün qarış-qarış satılıb. İndisə “Aygün city” adlanan əraziyə çatmamış yol üstündə nəhəng ərazi buldozerin qabağına verilib. Burada ya bina ya da kommersiya mərkəzi tikiləcək. Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsibdə Geofizik İdarəsinin əraziləri qəsb edilib. Daha sonra qəsəbədəki Mədəniyyət küçəsindəki park hasarlanıb. “Şəhrizad” uşaq bağçası tikilib. “Vahid” şadlıq evinin yanındakı 9 mərtəbəli binanın həyəti, Zabrat yolunun qırağı, Sülh küçəsindəki kiçik parkın ərazisi, doğum evinin yanındakı parkın ərazisi və s. ərazilər artıq satılıb. Həmçinin, Anaşkin küçəsindəki torpaq sahələri satılmaqda davam edir. “Baıxanov rezidens” yaşayış kompleksi, əyləncə mərkəzləri, “Bərgüşad” və s. icra başçısının nəzarətində olduğu iddia edilir. Bir müddət əvvəl Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qanunların icra başçılarına bizneslə məşğul olmağa imkan vermədiyini açıqlamışdı: “Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam. Hökumət adamı dövlətin işilə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətinin təmin edilməsilə məşğul olmalıdır. Məmurun vəzifəsi budur. Amma bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir”.
Mediada elə Adil Vəliyevin biznesi haqda maraqlı məlumatlar yayılıb. Bildirilib ki, Bakıdakı “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” Sabunçunun rəhbərinə məxsusdur. Habelə, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. İndi də Ənvər Vəliyev bu bizneslə məşğul olur. İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir. O bu işlərdə, yəni pul məsələsində çox diqqətlidir və heç kimə etibar etmir. Məhz bu səbəbdən uzun illər dostluq etdiyi, keçmiş biznes ortağı və müavini Şakir Alıyevlə yollarını ayırdı. Mətbuatda yayılan xəbərlərə görə, indisə Adil Vəliyev rayona rəhbər təyin olunduğu ilk vaxtlarda Bakıxanov qəsəbəsində kosmetik işlər görməklə missiyasını başa çatmış sayıb. O gündən bəri rayonun hər hansı ərazisində abadlıq, yenidənqurma işlərinə rast gəlinmir. İstər Sabunçu rayonuna daxil olan Bakının bəzi kəndləri olsun, istər Bakıxanov qəsəbəsi, istərsə də Sabunçu vağzalının ətrafındakı vəziyyət. A.Vəliyev onu tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə verməklə hədələyərək mətbuatla mübarizəyə başladı. Halbuki, icra başçısı rayonda aşıb-daşan problemlərin həlli ilə məşğul olmalıydı. Amma bu günlərdə xəbər portallarında onun maşın kolleksiyası yayıldı. Rayon üçün böyük işlər gördüyünə özünü inandıran icra hakimi əslində, biznesini də gizlədə bilmədi. Ayda 1000 manat maaş alan icra başçısının bu cür bahalı maşınları hansı pulla alması da ciddi sual doğurmaya bilməz. Çünki, icra başçısının maşın kolleksiyasında qiyməti nə az, nə çox 150-200 min manatdan başlayan “Ferrari”, “Porshe” kimi bahalı avtomobillər var. Bu da səbəbsiz deyil. A.Vəliyevin “Porsche” avtomobil salonu var. “Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olması da ictimaiyyətə sirr deyil. Yəni icra başçısı bizneslə məşğuldur. İcra başçısının özünün şəxsi kolleksiyasında dəyəri 100 minlərlə manat olan onlarla avtomobil var. Mediada yayılan bəzilərinin nömrələri belədir: 10 AA 818, 10 YY 078, 10 FF 078, 10 AL 078, 10 AA 078, 99 CF 999 və 99 ON 999. İcra hakiminin kolleksiyasındakı 90 HH 900 dövlət nömrə nişanlı "Posche Monsory 958 Cayenne" avtomobilinin dəyəri 400.000 AZN-dir. 10 FF 078 dövlət nişanlı "Ferrari F 12 Berlinetta" isə 493.000 manatadır. İki maşının qiyməti bir milyon manata yaxındırsa, Adil Vəliyevin kolleksiyasının ümumi dəyərinin milyonlarla manat olduğunu deyə bilərik. Bundan başqa, icra başçısının nəzarətində digər biznes strukturlarının da olduğu iddia edilir. Rayonun əhalisinin problemləri, onları narahat edən qayğılarla maraqlanmaq əvəzinə, sahibi olduğu «Euro style» LTD şirkətinin gəlirlərinin artırılması istiqamətində fəaliyyətini davam etdirib. Sabunçu rayonu Ramana qəsəbəsində isə qanuni yolla torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqlar, bürokratik əngəllərlə üzləşir.
Məlumat üçün deyək ki, Vəliyev Adil Ənvər oğlu Qubadlıda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998- 2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib. 2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.

Qarşı tərəfi də dinləməyə hazırıq...