BolgeXeber.Com » Xəbərlər » Bakının mərkəzində təhsil özbaşınalığı - İDDİA

Bakının mərkəzində təhsil özbaşınalığı - İDDİA

15-10-2016, 09:43
Oxunub: 3 373 Bakının mərkəzində təhsil özbaşınalığı - İDDİADünən redaksiyamızın elektron ünvanına 132-134 nömrəli Təhsil Kompleksinin mətbuat katibi Gülşən xanım Hüseynova tərəfindən göndərilmiş məktub daxil olmuşdur

Həmin məktubda “Bizim Dövr”ün 06.10.2016-cı il tarixli sayında dərc olunmuş “132-134 saylı Təhsil Kompleksində “müəllim günü” yığımları” sərlövhəli tənqidi materialda irəli sürülmüş ittihamlara məktəb rəhbərliyinin münasibəti öz əksini tapmışdır. Gülşən xanım həmin yazının sonluğunda yer almış “Qarşı tərəfin də mövqeyini dərc edə bilərik” ifadəsinə istinad edərək, məktubun mətnini olduğu kimi dərc etməyimizi xahiş etmişdir. Lakin, təqribən bir qəzet səhifəsi həcmində olan məktubun böyük bir hissəsinin məktəbin fəaliyyətinin təriflənməsinə həsr olunduğunu, müəyyən bir hissənin də bizim məqalədən gətirilən sitatlardan ibarət olduğunu nəzərə alaraq, biz bu xahişi rədd etmək məcburiyyətindəyik. Bununla belə, qeyd etməyi özümüzə borc bilirik ki, məktubda Gülşən xanım bizim məqalədə irəli sürülən ittihamların qərəzli və böhtan xarakterli olduğunu iddia edir. Belə olan halda, biz də bu qərara gəldik ki, bugünkü yazıda artıq nə öz fikirlərimizi, nə də bilavasitə redaksiyamıza daxil olan şikayət məktublarında yer alan fikir və rəyləri əks etdirməyək. Sadəcə olaraq, bu gün həm oxucularımıza, həm də Gülşən xanım Hüseynovaya sosial şəbəkələrdə aparılan müzakirələrin gedişində ifadə olunan bəzi fikirləri təqdim etmək istəyirik. Buyurun, tanış olun: “...132-134 nömrəli təhsil kompleksi zahiri görüntü baxımından mükəmməldir. Amma çox heyif ki, qədim tarixi olan bu məktəbə doğma dilində sərbəst danışmaği belə bacarmayan, uşaq psixologiyasından xəbərsiz, rüşvətxor bir insan rəhbərlik edir. Direktor 1-ci sinifə qəbul prosedurunu mürəkkəbləşdirib, elə bir eybəcər hala salıb ki, bu dırnaqarası pedaqoqun əməllərinə ad vermək üçün söz də tapmıram. Bu müəllimlikdən kənar insan, hələ körpəlikdən oyanmayan, valideynindən ayrı qalmayan uşaqların psixologiyasını məktəbin hələ astanasından pozmağa başlayır. Axı təhsil ocağına ilk qədəmlərini qoyan uşaq məktəbə bağlanmalıdır, ona nifrət etməməlidir. Belə əllərdə böyüyən uşaqlarımızın gələcəyini düşünəndə, məni ağlamaq tutur...” “...Bu gun 132-134 saylı mekteb-kompleksdə 1-ci siniflərə qəbul prossesini az qala ali məktəbə qebul işine döndəriblər. Yəni bu qədər ajiotaj yaratmağa ehtiyac varmi? Yoxsa bu süni şəkildə yaradılmış canfəşanlığın arxasında nələrin durduğunu bilmirik? Sara Xanlarovanın qəbul üçün müəyyən etdiyi fantastik məbləğləri yığması üçün uşaqlarımız niyə problem yaşamalıdırlar? Axı balacalar məktəbə öyrənməyə gəlirlər. Məktəbin qapısından içəri girməmiş, belə eybəcərliklərlə rastlaşan uşaqların aqibəti necə olacaq? Əgər məktəbə gələn uşaq artıq hər şeyi bilməlidirsə, bəs onda məktəbdə nə öyrənməlidir?” Qeyd edək ki, Gülşən Hüseynovanın məktubundan belə qənaətə gəlmək olur ki, 132-134 saylı təhsil kompleksinin rəhbərliyi burada məhz rus bölməsində tədrisin olmasından da xüsusilə məmnundur. Amma sosial şəbəkələrdə paylaşılan rəy və fikirlərdən, bu bölmədə təhsil alan uşaqların valideynlərinin də narazılıqları aşkar hiss olunur. Nümunə üçün belə fikirlərdən birini elə orijinal varinatda, yəni rus dilində dərc edirik: “После ремонта туда к директору попасть тяжелее чем на приём к президенту. Первое условие ставят такое, что если ваш ребёнок не ходил в их садик, который стоит 300 ман в месяц, в школу не принимается. Второй пункт: если вы об этом не знали, всё могут исправить ваши 3000 манат. Дадите примут, в противном случае места для вашего ребёнка в этой школе не найдётся. Далее есть еще вопрос по месту жительства, что мол не прописан в нашем районе и тд... После всего этого тестируют вашего ребёнка, уже в первый класс ребёнок должен приходить достаточно подготовленным…” (Təmirdən sonra bura, direktorun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən çətin olub. Birinci şərtləri bu olur ki, əgər sizin uşağınız bunların ayı 300 manat olan bağçasına getməyibsə, bu məktəbə də qəbul edilə bilməz. İkinci bənd: əgər sizin bundan xəbəriniz olmayıbsa, bu zaman sizin 3000 manatınız hər şeyi düzəldə bilər. Verərsiniz, uşağınızı qəbul edərlər, əks halda uşağa məktəbdə yer tapılmayacaq. Sonra yaşayış yeri barədə də suallar var, yəni uşaq bizim rayonda qeydiyyatda deyil və s. Bütün bunlardan sonra uşağınız test olunur, artıq birinci sinifə uşaq kifayət qədər hazırlıqlı gəlməlidir...) Deməyimiz budur ki, hörmətli Gülşən xanım, bu fikirlər də bizim deyil ki, onlara görə bizi qərəzli münasibətdə ittiham edəsiniz. Qaldı ki, qəzetimizin reytinq yığmaq xatirinə Sara Xanlarovanın barəsində böhtan xarakterli yazılar dərc etməsi barədə ifadə etdiyiniz cəfəng fikirlərə, düzü bu ittihama cavab verməkdə bir qədər çətinlik çəkirik. Adətən şou-biznes mənsubları (o da yalnız kifayət qədər tanınmışlar) bu və ya digər mətbu orqanını onun adını hallandırmaqla reytinq yığmaqda, tanınmağa səy göstərməkdə ittiham edirlər. Bir məktəbin fəaliyyətində yer almış nöqsanlar barədə yazılan yazının buna nə aidiyyəti ola bilər?! Hərçənd, sizi də qınaya bilmirik. Belə baxanda, bəzi məktəblərdə qazanılan pullar əslində bir çox biznes sahələrində olduğundan daha böyük məbləğlərdə hesablanır. Şou məsələsinə gəlincə isə, elə yuxarıda tanış olduğumuz fikirlərdən də məlum olur ki, ən azındam ildə bir dəfə, 1-ci siniflərə qəbul dövründə 132-134 saylı təhsil kompleksində valideynlər mükəmməl senari əsasında qurulmuş əsil tamaşaların şahidi olurlar... Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.