BolgeXeber.Com » Xəbərlər » “Azəristiliktəchizat”ın tarixsevər sədri

“Azəristiliktəchizat”ın tarixsevər sədri

25-10-2016, 14:23
Oxunub: 3 395 “Azəristiliktəchizat”ın tarixsevər sədriArtıq bir neçə müddətdir ki, redaksiyamıza ardıcıl daxil olmuş məlumatlarda “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovun həyata keçirdiyi çeşidli maxinasiyalardan bəhs olunur

Mənbələr iddia edirlər ki, ASC-nin sədri dövlət tərəfindən bu qurumun ehtiyacları üçün, yəni qazanxanaların və istilik boru magistrallarının təmiri, yeni qazanxanaların tikintisi, tələb olunan avadanlıqların alınması və digər bu kimi məqsədlər üçün ayrılan dövlət vəsaitlərinin böyük bir hissəsini mənimsəməklə yanaşı, eyni zamanda da müəyyən maxinasiyaların həyata keçirilməsinə də məhz həmin vəsaitləri yönəldir. Ötən yazılarda biz artıq qeyd etmişdik ki, “Azəristiliktəchizat”-da həyata keçirilən maxinasiyalardan bir qismi istilik təchizatı borularının qanunsuz yerlərinin dəyişdirilməsi ilə bağlıdır. Belə ki, bəzi ərazilərdə müəyyən iş adamları həmin boruların yaxınlığında yer alıb özlərinə kommersiya obyektləri tikirlər. Təbii ki, bu zaman borular müəyyən qədər “kənara çəkilməli” olurlar. Bu məsələni isə, yalnız Yaşar Həsənov həll edə bilər. Təbii ki, müəyyən məbləğdə pul müqabilində. Beləliklə, razılıq əldə olunandan sonra, elə “Azəristiliktəchizat” ASC-nin xüsusi briqadası tərəfindən boruların “köçürülməsi” əməliyyatı həyata keçirilir. Təbii ki, bu iş prosesi də müəyyən məsrəflər tələb edir. Amma bu məsrəflər artıq dövlətin vəsaitləri hesabına ödənilir. Beləliklə də, Yaşar Həsənov vətəndaşların istiliklə daha keyfiyyətli şəkildə təmin olunması üçün ayrılan pulları özünün qeyri-qanuni işlərinə yönəltmiş olur. Həmçinin ötən yazılarda biz belə bir məqamı da vurğulamışdıq ki, istilik borularının marşrut xətləri ilə manipulyasiyalar etməklə, arzu edənlərə boş torpaq sahələri təqdim edən ASC sədri belə “hədiyyələrdən” özünü də məhrum etməyib. Həm də Yaşar Həsənov öz obyektləri üçün daha “isti” yerlər seçib. Əslində, işlətdiyimiz isti sözünü heç dırnaq arasına almaq da lazım deyildi. Çünki, baxdığımız halda bu sözü hərfi mənada da qəbul etmək olar. Belə ki, Yaşar müəllim öz obyektləri üçün əksər hallarda “Azəristiliktəchizat” ASC-nin qazanxanalarının ətraf ərazilərini seçir. Əlbəttə, bu seçimin üstünlükləri göz önündədir. Həm də əgər inşa olunan obyekt kafe, restoran və ya şirniyyat sexi olacaqsa. ASC sədrinin isə, bu obyektlərin hər birindən varıdır. Ötən saylarımızda dərc etdiyimiz məqalələrdən birində, biz artıq Yaşar müəllimə məxsus “Troya” restoranı barədə müəyyən məlumat vermişdik. Redaksiyamıza yeni daxil olan açıqlamalarda isə, ASC sədrinin daha iki belə obyektinin adı çəkilir. Məlumatda deyilir: ““Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov həqiqətən də bu müəssisənin qazanxanalarını, daha doğrusu onların ətraf ərazilərini özünün şəxsi mülkləri kimi istifadə etməkdədir. Bu qazanxanaların əksəriyyətinin ətrafında sədrin kommersiya obyektləri fəaliyyət göstərir. Belə obyektlərdən ikisi də, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, 146 saylı məktəbin yaxınlığında inşa olunub. Bu obyektlərdən biri şirniyyat sexi, digəri isə, dəbdəbəli, elit restorandır. Maraqlıdır ki, Yaşar Həsənov hər iki obyekti eyni adla, “Atilla” adlandırıb...”

Yeri gəlmişkən, öz obyektlərinə verdiyi adlardan belə qənaətə gəlmək olur ki, Yaşar müəllim tarixi hadisələrə, şəxsiyyətlərə maraq göstərən insandır. Ola bilsin ki, onun özünün də ürəyinin dərinliklərində tarixə düşmək kimi bir istək olsun. Amma, bunun üçün öz obyektlərinə tarixi adlar qoymaq kifayət etməz. Tarixə düşmək üçün ilk növbədə öz xalqına və öz dövlətinə sədaqətlə xidmət etmək, millətin rifahı üçün çalışmaq və qarşına qoyulmuş vəzifələri ləyaqətlə icra etmək lazımdır.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.