BolgeXeber.Com » Xəbərlər » Manaf Ağayev dindirildi: “Dedim, ya obyekt, ya da ev…”- milyonçunun milyonları necə mənimsənilib?

Manaf Ağayev dindirildi: “Dedim, ya obyekt, ya da ev…”- milyonçunun milyonları necə mənimsənilib?

28-10-2016, 16:19
Oxunub: 5 051  Manaf Ağayev dindirildi: “Dedim, ya obyekt, ya da ev…”- milyonçunun milyonları necə mənimsənilib?Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamı İlham Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmədə ilk ifadə verən şahid Reyhan Xəlilov ifadə verib.

O, İlham Qasımovun rəhbərlik etdiyi “Real” MTK-ya Nərimanov rayonu ərazisində olan mənzilini satan şəxslərdən biri olub. Həmin evlərin yerləşdiyi ərazini İ.Qasımov bina tikmək üçün alıb.

141 minlik ev 762 minə…

Şahid R.Xəlilova bildirib ki, 70,5 kvadratmetr olan evini “Real” MTK-ya satıb. Bunun üçün ona 141 min manat ödənilib.

R.Xəlilova onu da bildirib ki, İlham Qasımov xeyirxahlıq məqsədi ilə ona əlavə olaraq 25 min manat verib: “Qardaşımın oğlunun vəziyyəti ağır idi. Böyrək köçürülməli idi. İlham müəllim uşağın müalicəsinə kömək edəcəyini dedi. Evin pulundan əlavə 25 min manat verdi”.

Məhkəmədə məlum olum olub ki, R.Xəlilova evini 141 min manata satsa da müqavilədə evin alınması üçün ödənilən məbləğ 762 min manat olaraq göstərilib.
Şahid bundan xəbərinin olmadığını deyib.

Digər şahid Reyhan Xəlilovanın qardaşı Eyvaz olub. O da bacısının ifadəsinə oxşar ifadə verib və qeyd edib ki, evi 141 minə satıblar, oğlunun əməliyyatı üçün 25 mini isə şəxsən özü alıb. O da sənədlərdə evin 762 mini satılmasından xəbərsiz olduğunu söyləyib.

Prosesdə şahid qismində “Real” MTK-nın baş mühasibi Ədilağa Hüseynov da ifadə verib.
Baş mühasib ifadəsini təsdiq etməyib: “Eynəyim yox idi…”

O, 2012-ci ildən şirkətdə çalışdığını bildirib. Şahid deyib ki, azərbaycanlı milyarder Gülağa Qəmbərov (Tənha) İlham Qasımovla şərik olub. Bundan sonra İ.Qasımov “Real” MTK-dakı payını G.Qəmbərova satıb.

Nərimanov rayonu ərazisində alınan evlərin köçürülməsi haqda danışan baş mühasib evlərin qiymətləndirilməsindən xəbərinin olmadığını, “Real” MTK-nın direktoru olmuş Sahib Cahangirlinin dedikləri əsasında sənədləşdirmə işlərinin aparıldığını bildirib.

O, alınan evlərin bir kvadratmetri üçün 2-2,5 min manat vəsaitin ayrıldığını, lakin sonradan ev sahiblərinin qiymətin artırılmasını istədiklərini deyib.

Ə.Hüseynov hakim və prokurorun suallarını cavablandırıb.

Hakim Zeynal Ağayevin “müqavilələrdə evlərə ödənilən məbləğin yüksək göstərilməsinin səbəbi nə idi” sualını cavablandıran baş mühasib belə deyib: “Sənədlərdə yazılan məbləğlərdən xəbərim var. Ancaq mən Sahib Cahangirlinin dedikləri əsasında hazırlamışam. Verilən məbləğlərdən xəbərim yoxdur. Bir məsələ də var, elə mənzil var idi ki, cəmi 14 kvadratmetr idi. 14 kvadratmetrin sənədi olsa da evi genişləndirib 150-200 kvadratmetr ediblər. Ola bilsin ki, məbləğlərin üst-üstə düşməməsi bununla da bağlıdır”.

Hakim bəzi ev sahiblərin hansı səbəbdən ona etibarnamə verməsi haqda da şahiddən soruşub. Şahid baş mühasib deyib ki, həmin ev sahiblərinin vaxtı olmadığından ona etibarnamə veriblər.

Məlum olub ki, ucuz qiymətə alınan, lakin sənədlərdə dəyəri qat-qat artıq göstərilən evlərin alqı-satqısı baş mühasibə verilən etibarnamə əsasında həyata keçirilib.

Onu da qeyd edək ki, şahidin adını çəkdiyi Sahib Cahangirli İlham Qasımovun bacısının oğludur. O, məhkəmədə ifadə verərkən istintaqa fərqli fikirlər söyləməsini həbslə hədələnməsi ilə əlaqələndirmişdi.

Baş mühasib istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiy ifadənin ziddiyyətli olmasını eynəyinin olmaması ilə izah edib: “Mən müstəntiqin səmimiyyətinə inandım. Nə dedimsə, yazdığını düşündüm və imzaladım. Eynəyim maşında qaldığı üçün oxumadan imzaladım”.
Prokuror vəsatət verərək baş mühasibin digər proseslərdə də iştirak etməsini istəyib. Dövlət ittihamçısı vəsatətini ifadələr zamanı çarpaz dindirilmənin vacib olması ilə əlaqələndirib. Vəsatət təmin edilib.

Digər şahid isə müğənni Manafa Ağayev olub.

“Ev, ya da obyektlə dəyişə bilərəm”

Təqsirləndirilən İlham Qasımovu tanıdığını deyən M.Ağayev bildirib ki, bina tikilməsi üçün alınan ərazidə iki qarajı olub. İ.Qasımovun bacısı oğlu onun yanına gələrək qarajları satmasını istəyib.

M.Ağayev isə qarajları satmaq istəmədiyini, ancaq obyektlə dəyişə biləcəyini deyib: “Dayısını tanıyırdım. Qarajları satmaq istəmədim. Dedim ki, dayısına desin ki, ev, ya da obyektlə dəyişə bilərəm. Ancaq sonradan alqı-satqı olmadı”.

M.Ağayev qarajlarının rəsmi sənədlərinin olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Açığı, mənim sənədlərdən elə də başım çıxmır. Çoxdan almışam. Amma onu bilirəm ki, “kupça”sı yoxdur. Müqavilə əsasında almışam”.

Zərərçəkmiş Gülağa Qəmbərovun köməkçisi işlədiyini deyən Tofiq Bünyatzadə də ifadə verib.

O, 2010-cu ildən Gülağa Qəmbərovun Bakıdakı bəzi işlərinə kömək etdiyini söyləyib. İttiham aktında qeyd edilən 19 milyon 687 minin İlham Qasımova verilməsində iştirak etdiyini deyən T.Bünyatzadə pulun hansı məqsədlə və nəyə xərclənməsi üçün verilməsindəın xəbərsiz olduğunu qeyd edib.

T.Bünyatzadə pulları şəxsən İlham Qasımova verdiyini də ifadəsinə əlavə edib.
Şahid qismində dinidirilənlərdən biri də Gülağa Qəmbərovun hüquqşünası Ağalar Quliyev olub.
Milyarderin 10 milyonu mənimsənilibmiş…

Hüquqşünas ifadəsində bildirib ki, G.Qəmbərov tərəfindən İ.Qasımova verilmiş pulların təyinatı üzrə xərclənib-xərclənmədiyini araşdırmaq ona tapşırılıb.

G.Qəmbərovun tapşırığı əsasında araşdırmaya başlayan hüquqşünas qanunsuzlquları aşkar etməsini belə danışıb: “Mən şirkətin ofisinə bir neçə dəfə getdim. Mühasiblə görüşüb, bəzi sənədləri istədim. O da dedi ki, İlham Qasımovun razılığı ilə verə bilər.

Sonra bəzi sənədləri aldım. 3-4 müqaviləyə nəzər yetirərkən gördüm ki, tərəflərin hamısı “Real” MTK-nın əməkdaşlarıdır. Həmin müqavilələrdə baş mühasibin və digər işçilərin imzası var idi. Məbləğlərin də şişirdildiyini, dəyərindən artıq göstərildiyini gördüm. Bununla bağlı Gülağa Qəmbərovla görüşüb, danışdıq. Bizdə belə şübhə yarandı ki, pullar təyinatı üzrə xərclənməyib.

Sonra Sahib Cahangirli ilə görüşdüm. O dedi ki, 3-4 aydır ofisə getmədiyi üçün baş verənlərdən xəbəri yoxdur”.

Hüquqşünas bildirib ki, araşdırma zamanı G.Qəmbərov tərəfindən İlham Qasımova verilən 13 milyon 687 minin 10 milyona yaxınının təyinatı üzrə xərclənmədiyi aşkar edilib.
Azərbaycanda, Rusiyada, Çində böyük biznesə sahib olan Gülağa Qəmbər də məhkəmədə ifadə vermişdi. O, ifadəsində 19,5 milyonunun mənimsənildiyini demişdi. Milyarder hüquq-mühafizə orqanlarına müraciət etməsini İlham Qasımov tərəfindən söyülməsi ilə əlaqələndirmişdi.

Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

Qeyd bedək ki, İ.Qasımov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Bildirək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir. Bakı Hərbi Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub göndərilib. Məktubda qeyd edilir ki, İlham Qasımov “Akif Çovdarov işi”ndə zərərçəkmiş kimi tanınıb.