BolgeXeber.Com » Xəbərlər » Qubalı fermer güzəştli kredit əldə edə bilmir - ŞİKAYƏT VAR

Qubalı fermer güzəştli kredit əldə edə bilmir - ŞİKAYƏT VAR

31-10-2016, 16:39
Oxunub: 2 746 Qubalı fermer güzəştli kredit əldə edə bilmir - ŞİKAYƏT VARBu günlərdə redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Quba rayon, Təngaltı kənd sakini, fermer Rzaqulu Yunus oğlu İsayev hüquqlarının kobud şəkildə pozulduğunu bildirib

Belə ki, yaxınları ilə birlikdə kənddə təsərrüfat fəaliyyətilə məşğul olduğunu, maldarlıq, meyvəçilik məhsulları istehsal edib satdıqlarını qeyd edən Rzaqulu İsayev təsərrüfatının inkişaf etdirilməsi və mövsümi işlərin görülməsi üçün bank kreditləri götürməyə ehtiyacının olduğunu vurğulayıb. «Təsərrüfatımızın fəaliyyəti rentabellidir. Bizim üçün götürəcəyimiz hər hansı krediti qaytarmaq çətin deyil» deyə bildirən fermerin sözlərinə görə, İqtisadiyyat Nazirliyinin Sahikarlığa Kömək Milli Fondunun Xaçmaz şöbəsinin əməkdaşları, həmçinin Bakıdakı baş idarənin mütəxəssisləri ona təsərrüfatın inkişafı üçün güzəştli kreditlərin ayrılmasını istəyir və təklif edirlər ki, həmin kreditlərin götürülməsi üçün Qubadakı banklara müraciət etsin: «Bankların heç biri həmin kreditin mənə verilməsinə razılıq vermirlər. Bəhanələr isə çoxdur və hesab edirəm ki, əsassızdır. Son on illik ərzində mən yəqin etmişəm ki, bankların heç biri iqtisadiyyatın real sektoruna kredit verməkdə maraqlı deyil! Daha doğrusu, hökumətin real iqtisadiyyatın inkişafı üçün ayırdığı güzəştli kreditlərin verilməsi bankların maraqlarını təmin etmir. Axı bir qayda olaraq banklar verdikləri kreditlərdən 30-40 faiz sələm götürməyə, müştəriləri aldadaraq kredit müqaviləsini dollarla bağlayıb manatın devalvasiyasından istifadə etməklə verdikləri hər manatın 2 dəfə artdığını geriyə ala bilirlərsə, fond kreditini 6 faizlə zəhmətkeş kəndliyə verilməsi onların içinə ağrılar salır. Odur ki, bizə belə kreditləri vermək banklara sərf etmir. Bu aysberqin görünən tərəfidir. Həmin görünməyən tərəflər barədə mənə məlum olub ki, fond kreditlərini götürənlər bankların çoxsaylı maraqlarını təmin etməlidir. Belə ki, bank və sahibkarın arasını düzəltmək üçün vəzifəli vasitəçilər olmalıdır. 5 il qabaq belə bir vasitəçi mənə xidmətini təklif etdikdə məlum oldu ki, adıma ayrılacaq məbləğin ancaq yarsı mənə veriləcək. Odur ki, mən dərhal imtina etdim. Təbii ki, banklar da məni rədd edirlər. Bəhanələr çox və müxtəlifdir, bir-ikisini qabağıma atırlar. Əgər bunlar baş tutmasa başqasını tapırlar. Bu «korrupsiya xəstəliyi»dir ki, mövcud vəziyyətdə heç bir müalicəsi yoxdur. Bu müşkül xəstəliyi nə yeni ixtira edilmiş «Asan xidmət», nə də bəzi məmurların islahatları sağalda bilər». Odur ki, bütün bunlara nəzərə alan Quba rayon, Təngaltı kənd sakini, fermer Rzaqulu İsayev Gundelik-Baku.com vasitəsilə ölkə başçısına və aidiyyəti qurumlara müraciət edərək təsərrüfatının inkişafı üçün güzəştli kreditin verilməsində ona yardımçı olmalarını xahiş edir. Mövzu ilə əlaqədar bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.