BolgeXeber.Com » Xəbərlər » Laçın rayonunda məmur dərəbəyliyi - İTTİHAM VAR

Laçın rayonunda məmur dərəbəyliyi - İTTİHAM VAR

2-11-2016, 10:55
Oxunub: 1 616 Laçın rayonunda məmur dərəbəyliyi - İTTİHAM VARAqil Nəzərli sələflərinin yarımçıq qalmış "işini" davam etdirir

Azərbaycan dövləti qaçqınların, məcburi köçkünlərin, şəhid ailələrinin və eləcə də digər aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması məqsədilə hər il büdcədən milyonlarla vəsait ayırır. Təəssüflər olsun ki, bu vəsaitlər bəzi məmurlar tərəfindən mənimsənilir. Bu cür neqativ hallarla, xüsusən ölkəmizin qaçqın və məcburi köçkün taleyi yaşayan vətəndaşları daha çox qarşılaşır.

Qeyd edək ki, ədalətsizliyin, məmur özbaşınalığının, büdcə talançılığının tüğyan etdiyi rayonlardan biri də Laçın rayonudur. Rəsmi sənədlərdə 1992-ci ilin may ayının 18-də işğal olunan Laçın rayonunun mərkəzi aparatı hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşir. Ancaq 80 min nəfərə yaxın rayon əhalisi respublikanın 60-dan çox rayonuna səpələnib. Əsasən maldarlıqla məşğul olan rayon camaatının müəyyən hissəsi yenə də bu məşğuliyyyətini davam etdirir. Ancaq Laçın rayonunun əhalisinin son illər rayon rəhbərliyi sarıdan heç bəxti gətirməyib.

Aqil Nəzərli sələflərinin yarımçıq qalmış "işini" davam etdirir

Rayondan Qlobal.az-a verilən məlumata görə, son illər ard-arda ölkə rəhbərliyi tərəfindən dəyişdirilən icra hakimiyyəti başçıları vəzifələrinin məsuliyyətini anlayaraq rayon sakinlərinin qayğısına qalmaq əvəzinə daha çox öz ciblərini düşünürlər. Hər gələn yeni icra başçıları ilk öncə rayonun idarə və müəssisə rəhbərlərindən pul yığmaqla işinə başlayır. Rayonun iri məmurlarından pul yığıb qurtardıqdan sonra isə keçirlər nisbətən aşağı vəzifə sahiblərinə- məktəb direktorlarına, bağça və kitabxana müdirlərinə. Məlumatda deyilir ki, əslində Laçın rayonunun təhsil sistemində kifayət qədər ciddi korrupsiya halları var. Elə məktəb var ki, bütövlükdə yalnız sənədlər üzərindədir. Müəllimlərə artıq dərs saatları yazılır.

Mənbə qeyd edir ki, hətta Azərbaycanda ən çox dərs saatı olan müəllimlər Laçın rayonunda olan "məktəblərin" müəllimləridir. Dövlət vəsaitinin ciddi formada mənimsənildiyi sahələrdən biri də Laçın rayon Yol İstismar İdarəsidır. Məlumata görə bu idarənin işi ancaq yeni yolların çəkilişi və təmiri məqsədi ilə ayrılan pulları "sənədləşdirərək" mənimsəməkdən ibarətdir. Bu ilin yayında Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən Laçın İcra Hakimiyyətinə yeni başçı təyin olunan Aqil Nəzərli ilk günlər rayon əhalisində müəyyən ümidlər oyatsa da, sonradan onun da sələflərindən fərqlənmədiyi aydın oldu.

Mənbəmiz deyir ki, hələ başçı əvəzi işlədiyi zamanlarda ölkənin bir sıra media orqanlarında barəsində fərari ittihamı irəli sürülən Aqil Nəzərlinin o zaman bu ittihamlara əsaslı cavab verməməyi rayon əhalisinin bir qisminin etirazına səbəb oldu. Bu məqsədlə də ölkə rəhbərinə mətbuat vasitəsilə müraciət edərək məcburi köçkün həyatı yaşayan bir rayona fərarilikdə ittiham olunan birinin başçı təyin olunmamağını xahiş etdilər.

Qlobal.az-a verilən digər məlumatda isə Laçın rayonunda ən böyük qanunsuzluq Taxtakörpü ərazisində tikilən qəsəbələrdəki evlərin bölgüsü zamanı baş verib. Düzdür, bu evlər Aqil Nəzərlinin başçı olduğu müddətdə bölüşdürülməyib, ancaq o zaman da Aqil Nəzərli kifayət qədər böyük vəzifədə - RİH-nin başçısının müavini vəzifəsində olub. O baş verən haqsızlıqlara heç zaman etiraz etməyib. Hətta dolayısı ilə iştirakçısı olub. Bu gün istənilən şəxs gecə vaxtı Taxtakörpüdəki qəsəbəyə gedib baxsa oradakı evlərin əksəriyyətində işıqların yanmadığının şahidi olar. Səbəb isə həmin evin sahiblərinin Laçın RİH-də işləyən insanların paytaxtda villalarda yaşayan qohum-əqrabalarıdır. Ancaq kasıb laçınlılar bu gün də Ağcabədinin düzənliklərində qarğıdan tikdikləri daxmalarda səfalət içində yaşayırlar. Təəssüflər olsun ki, bu gün də Laçın rayonunun əhalisinin böyük əksəriyyəti adi qayğılarını yerli rəhbərlik səviyyəsində həll edə bilmir. Rayon rəhbərliyinin məsuliyyətsizliyi və biganəliyinin nəticəsidir ki, bu gün Prezident Administrasiyasına ən çox şikayət məktubu Laçın rayonunun əhalisindən ünvanlanır.

Akif Səlimov şəhid jurnalını necə satmaq istədi?

Sonda saytımızın əldə etdiyi məlumat isə daha utancvericidir. Bu cür xəbərləri eşidəndə insan doğrudan da bəzi məmurların beyninin düşünən, qəlbinin döyünən hissəsinin tamam "piyləndiyinə" şübhə etmir. Hadisənin iştirakçısı olmuş ictimai mühitdə fəal olan şəxsin söylədiyinə görə, Akif Səlimov Laçın RİH-nin başçısı işləyərkən rayonun Bakı şəhərində yerləşən qərargahına çağırılıb. "Getdim qərargaha. Düşündüm ki, yəqin başçı hansısa əhəmiyyətli məsələ ilə bağlı danışmaq istəyir. Qəbul otağına girəndə gördüm ki, xeyli adam toplaşıb. Məni içəri dəvət etdilər. İçəri daxil oldum, otaqda Akif Səlimov ilə kök, cavan bir oğlan var idi. Mənə əyləşməyi təklif etdilər. Oturdum. Ortalıqda qalaqlanmış jurnal varıydı. Aki Səlimov jurnalları göstərib soruşdu ki, bunlardan xəbərin var, dedim bəli. Bu jurnaldan - "Laçın yurdu" jurnalının "Şəhidlərimiz, and yerimiz" xüsusi buraxılışı idi - biri də mənim evimdə, oxumuşam. Başçı dedi ki, kömək elə bu jurnalları sataq. Doğrusu ilk anda anlaya bilmədim. Elə bil qəfil qulaqlarım guruldadı. Səlimova nə dediyini başa düşmədiyimi, yenidən deməyini xahiş etdim. Səlimov yenidən dedi ki, kömək elə bu jurnalları sataq. Ayağa qalxaraq utanmırsınız, belə aciz durumdasınız ki, o boyda rayonu yiyəsiz qoyub gəlib burada kitab satmaq istəyirsiz? Sizin pulunuz yoxdur ki, bu şəhid jurnalına xərcləyəsiniz? Bu jurnalda adları çəkilən qəhraman övladlara görə sizlər bu vəzifədəsiniz - deyib otağı tərk etdim".
Laçın rayonunda məmur dərəbəyliyi - İTTİHAM VAR

Bəlkə də çoxlarına bu hadisə adi görünə bilər. Ancaq siz təsəvvür edin ki, satılan jurnal şəhid adına olan xüsusi buraxılış, satmaq istəyən isə həmin şəhidlərin bir zamanlar dünyaya göz açdıqları, sonra uğrunda qəhramancasına şəhid olduqları vətənin bir parçasına rəhbərlik edən şəxsdir.

Laçın rayonunda baş verən məmur özbaşınlıqları ilə bağlı araşdırmalarımız davam edir.

Adları çəkilən şəxslər də münasibət sərgiləyə bilər.

Laçın rayonunda məmur dərəbəyliyi