BolgeXeber.Com » Xəbərlər » AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda plagiatlıqla kimlər məşğul olur? - İDDİA

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda plagiatlıqla kimlər məşğul olur? - İDDİA

8-11-2016, 18:42
Oxunub: 2 118 AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda plagiatlıqla kimlər məşğul olur? - İDDİA AAK-dan plagiat işlər AMEA Mİİ-yə niyə artıq qoşa-qoşa qaytarılır?

Oğurluq – zamanların hər birində ağır cinayət sayılıb; istər mal-mülk oğurluğu, istər at oğurluğu olsun, istər insan oğurluğu. Müasir qanunvericilikdə bu cinayət əməlinin hər bir təsnifatı üzrə konkret cəza şiddətləri mövcuddur.
Uca Allah isə, “Qur`ani-Kərim”də əl-Maidə surəsinin 38-ci ayəsində hökm edir: «Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət və hikmət Sahibidir!»
Plagiat da elmdə oğurluq sayılmaqla, intellektual varidatın, elmi mülkiyyətin oğurluğu, soyğunçuluğudur. Bəzən bu kimi oğurluğa “piratçılıq” da deyilir. Piratçılıq isə quldurluq deməkdir və elə həmin soyğunçuluqdur.
***
Həqiqi Elmdarlara yaxşı məlumdur, bu gün Azərbaycan elmində kontrafakt və plagiat soyğunçuluğunun həddləri deyərdim ki, MDB-də ən yüksək hədlərdə səciyyələnməkdədir – (~ 60-70 %). Bu mənadaca, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) yekunda nəticə etibarı ilə tamamilə fərqləndirmədiyi “kontrafaktla” “plagiatın” bir fərqi vardır: bunlardan biri kiminsə elmi varidatını və əqli mülkiyyətini xəlvəti özümkiləşdirməklə öz adına çıxması və digəri isə, kimlə isə saziş edərək ya onun elmi nailiyyətlərinə qismən və ya tamamilə yiyələnməkdir (kiməsə elmi işlərini yazdırmaqdır). Hər iki halda bu və ya digər yollarla kiminsə, zehni mülkiyyətinə sahib çıxmaq qanunvericilikdə - “vicdansız sahibkar”lıq adlanır. Bir qayda olaraq vicdansız sahibkarlardan maddi imkanlılar “plagiata”, digərləri isə, “kontrafakt oğurluğuna” səmt tuturlar.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda plagiatlıqla kimlər məşğul olur?


Artıq 30 ilədək çalışdığım AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda (Mİİ) bu kimi hallar kifayət qədərdir. İl ərzində 3-4 dissertasiya yazanlarımız var ki, sürətdə, hətta hörmətli Çingiz Abdullayevi də keçirlər. Xaricdə çap, monoqrafiyalar, “THOMSON REUTERS” məqalələri üçün sifarişçilər və özünə həmmüəllif götürməyə hazır olan sifariş qəbil edənlər də az deyildir. Bir sözlə, hamının gözü qabağında bu “qazan ağzı bağlı qaynamaqdadır”.
Məsələnin gündəm qoyuluşu o qədər adiləşib ki, indi bunu edənlər heç kəsdəm utanmadan və çəkinmədən, “qıp-qırmızı” etməkdədirlər. Budur, 2008-ci ildə “İçəri Şəhər” Dövlət-Tarix Memarlıq Qoruğu kompleksinin memarlıq ansamblına aid, 1169 (1172) il inşa tarixli, 840 yaşlı “Aşura Məscidi”nin mövcud-acınacaqlı texniki-inventar durumuna dair keçirdiyim geniş Monitorinqin nəticələrinə dair AMEA adından «Yekun Rəy» sənədinin hazırlanması üçün zəruri saydığım məsələ – bu məscidin damını dağıdaraq sonradan betonlamış və üzərində öz evini artırmış qonşunun törətdiyi dağıntılarla əlaqədar, söhbətlərimizin birində Bakı-Abşeron məscidlərinin memarlığı ilə kifayət qədər dərindən məşğul olmuş şöbə müdiirim, professor Şamil Fətullayevlə söhbətləşirəm. O, “Azan vermək məqsədi ilə müəzzinin dama çıxışı üçün nəzərdə tutulan üçbucaq konfiqurasiyalı daş hörgülü, kapital quruluşlu dama çıxış-qapı elementi”nin adını soruşduqda, bunun barəsində heç bir məlumatının olmadığını bildirdi və onun özü üçün də maraqlı görünmüş bu məsələ barəsində nəyi öyrənərəmsə, ona da məlumat verməmi xahiş etdi. Tanıdığım bütün adlı-sanlı memarlardan cavab tapmadıqda, belə dam elementləri olan Abşeron məscidlərinə üz tutdum. Keşlə kənd məscidinin axundunu “əsabələrinin” arasında kölgəlikdə çay içdiyi yerdə yaxalayıb sualımı verdim, zarafata salıb dedi ki, “Sən bizə ölü basdırmaq, Quran tapşırmaq de, cüməaxşamı de… Elə şeyləri bilmərik».
Mərdəkan, Nardaran digər məscidlərdə də, məsələnin həllini bilən olmadı… Aşura Məscidi ilə eyni zamanda yenə də “məscidönü” ərazisi yenicə zəbt olunmuş Zabrat Məscidində (XIX əsr abidəsi, inv.№ 109) 7 noyabr 2009-cu il tarixində keçirdiyim Monitorinqin gedişində məscidin axundu məşədi Rüfətə sualımı verdikdə, bildirdi ki, mən bilmirəm, ancaq kəndimizdə çox savadlı və dünya görmüş bir şəxs var, soruşaram. Ertəsi günü məşədi Rüfət verdiyim telefona zəng açıb bildirdi ki, “O şeyin adı “Şa`məstə”dir”. Yəni, azan verən şəxsin məxsus olduğu ən yüksək və ya ən ali məqam durumu – “Şah`məstə” (“Şah” – ali, “məst” mənasında isə baş və ayaqlar əzaları; bütövlükdə isə qəddi-qiyam; duruş anlaşılmaqdadır)!
Hələ də, söz və fikir sahibi olan, aqil və rəbbani ağsaqqalarımızın olmasına çox sevinərək bu informasiyanı sözün əsl mənasındaca – elə havada “uddum”! Mən yenə də Zabrat Məscidinin axundu məşədi Rüfətə və fürsət tapıb Zabrat kəndinin bilici ağsaqqalı, deyərdim ki, elə Bakı kəndlərinin başbilənlərindən olan, bildikləri və gördükləri ilə biz tədqiqatçıları, xalqı və cavan nəsli varis edən həmin şəxsin ünvanında razılığımı bildirirəm, onlara zehn-fəhm açıqlığı və can sağlığı arzulayiram.
Gəlib bu barədə şöbə müdürümə, neçə müddətdir axtardığım və nail olduğum nəticə barəsində bildirdikdə, dedi ki, bunu hazırla və çapa ver. O zaman otaqda oturub mənə qulaq asan və məscidləri biləvasitə tədqiq edən həmkarım Rahibə Şanxay qızı Əliyeva heç dinmədən bu məlumata tam yiyələnməklə, qoçaq qalxır və vaxt itirmədən bütün bunları məqalə şəklində öz adından Ş.S.Fətullayevin toplusunda “astaca və sakitcə” nəşr etdirir, adamlıq naminə heç məni ikinci həmmüəllif kimi adımı belə məqaləsinə salmır. Çox sonradan isə məndən halallıq istəyir ki, məni bağışla, mən bu informasiyaya ehtiyacım üzündən belə bir hərəkət etmişəm.
Burada qeyd etməliyəm ki, plagiat kimi bir əmələ lüzum ancaq və ancaq savadsız insanların cəfəng və mənasız yazılarını ziynətləndirmək üçün ehtiyacından yaranır. Bu kimi bəsit yazılar məhz, kiminsə əməyinin zahirən dəyişdirilməsi ilə mənimsənilməsi nəticəsində “abıra salınır və bəlağətləndirilir”. Nəticədə Allahın ona elm ə`ta etmədiyi şəxs soyğunçuluq edərək kiminsə “elm libasını” soyundurur, öz elmsiz vücudi-üryanına libas edir. Məgər bu qarət, Allah qatında qıp-qırmızı həyasızlıq və oğurluq deyilmi və buna halallıq düşürmü?
Hər kəs həmkarları arasında, elmdə kimin kim olduğunu yaxşı bilir və hər kəsin yazdığı elm, bir tikilini inşa edən bənnanın qoyduğu hörgü kimidir. Sən yazırsan və biz oxuyuruq. Rahibə Şanxay qızının və bu gün onun kimi AMEA Mİİ çoxluqlarının isə elmi göyə kül üfürən vulkan kimidir – mənasız, gülünc və absurd!
Şübhəsiz ki, Aşura Məscidi barəsində “Yekun Rəy” tərəfimdən hazırlanaraq AMEA-nın prezidenti akademik M.K.Kərimovun məktubuna əlavə edilərək müvafiq dövlət orqanlarına göndərildi. AMEA Mİİ-də ilk dəfə idi ki, mütəxəssis rəyi AMEA prezidentinin qoşma məktubu ilə müşayət edilirdi. Məqalə müəllifi bilməlidir ki, onun çapdan daha sonra çıxarmış olduğu bu məqaləsi məhz, AMEA prezidentinin məktubunun blank vərəqindəki müvafiq nömrə və tarixindən sonra özününküləşdirilmişdir və o hətta məqaləsini öncə dərc etdirmişsə də, bu elmi tapıntının müəllifi sayıla bilməz! Hətta buna heç bir əminliyimin olmamasına baxmayaraq, bəlkə də samballı ola biləcək bir yazı ümidi ilə həmin məqaləni oxumaq tələbim araya gələndə, müəllif bu yazısını araya çıxarmağa belə utandı və bu baş vermədi. Belə olan halda AMEA Mİİ Elmi şurasına müraciət etdim ki, ən azından bu məqalə ortaya çıxarılmalıdır. Şura sədri, AMEA Mİİ-nin direktoru Ə.Ə.Salamzadə isə öz növbəsində bütün vasitələrlə bu şurada, elə həmin şuranın üzvü və “komandasının sadiqlərindən” olan Rahibə Şanxay qızını birtəhər bu vəziyyətdən çıxarmağa nail oldu. Sonda məqaləsini elə eləcə də üzə çıxarmayan və bu kiçik tapıntıya sahib çıxmağa cəhd etmiş plagiator elə Elmi şura iclasandaca məndən üzr istədi. Bütün bunlarla yanaşı bu plagiator mənim bu barədəki son tədqiqlərimin də nəticəsini bilmədi; o bunu da bilmədi ki, elə məscidlərin damlarındaca tağ-tavan örtük sisteminin xarici səthində (məscidin damı üzərində) daşdan səth hörgüsünə tikilmiş, biri-birindən ara məsafəli və uzunluğu təxminən 3.0 m.-dək cərgələnmiş, ölçüləri təxminən 20.0 x 20.0 sm., hündürlükləri 10.0 sm.-dək olan müxtəlif nişanəli şkalalar mövcuddur. Rahibə Şanxay qızı bunu da bilməmişdi ki, həmin şkalalar aydın gecələrdə müəzzinə ayın yay və qış mövsümləri üzrə mövcud azimutu ilə İslamda gecənin 3 vaxtını və sübh namazının vaxtlarını müəyyən etməsi üçün bir vasitə kimi mövcud olmuşdur.
Plagiator qoy indi bunu da bilsin ki, daha sonralar bunu da müəyyən etmişəm ki, dama çıxış olan, tərəfləri 90º ilə üçbucaq şəkilli “Şah`məstə”nin üzərindən düşən Ay kölgəsi şkalalardan keçərək, “Günəş saatı” prototiplərində elə “Ay saatı” kimi mövcud imiş. O, qoy bunu da, bilsin ki, belə bir saat effektləri ancaq Qiblə istiqamətindəki cəhətlənən coğrafi-məkan dislokasiyası və Orta-Qrinviç Vaxt qurşağı situasiyası ilə Abşeron Memarlıq məktəbinə məxsus Bakı-Abşeron məscidlərində mövvcud olmuşdur və bu imkan İslam-Memarlıq mədəniyyətinin digər məscidləri üçün də, aşağıdakı elmi mülahizələrə görə mümkün olmuşdır:
1. Yerli lokal məscidlərin Qiblə istiqamətinə görə memarlıq-məkan planlaşdırma vektoriallığı və (daxili) plan quruluşu asılılığı;
2. Məscidlərə giriş qapısının Mehrabın Qiblə və əks-Qiblə istiqamətində “səfflər düzümündəki arxadan toplanma” tələbinə ram olaraq qərarlaşmasının məcburiliyi;
3. “Şah`məstə”yə çıxış pilləkən marşının isə, qapının yanında (adətən sağında) olması şərtinin birmənalı labüdlüyü;
4. Və məhz, Ayın da, cəhətinə (arientasiyasına) görə öz növbəsində “Şah`məstə”nin arxası ilə gecə yarısından sonra süzərək qərb istiqamətində hərəkətinin davamından dam üzərinəki şkala elementləri üzərinə saldığı kölgə effektlərinin cəhət-bucaq mümkünlüyü.
Qətiyyətlə demək mümkündür ki, bu kimi biri-birindən törəyən bu mövcud 4 ölçü parametral meyarların diqtə etdiyi vahid tələblər məxrəcində araya gələn Bakı və Bakı ətrafı region üçün xarakterik olan Ayın coğrafi-azimut cəhətlənməsi imkan vermişdir ki, gündəlik İslami ibadət ritualları dəyərlərindəki vaxt meyarlarının təbii yolla bəlli olması mümkün olsun.
Şübhəsiz ki, mən bunu icad etməmişəm, bunu icad edənlər 850 il bundan əvvəl bu şeyləri məscidlərin damlarına köçürənlərdirlər; mən sadəcə aldığım bir informasiyanı sistemli tərzdə analitik təhlil etməklə bunu təfsilatı ilə müəyyən etmişəm, kimsə də bunu eşidib oğurladığı kimi də, fərqinə vara bilməyəcək tərzdəcə plagiat edib.
Artıq 12 ilə yaxın bir dövrdür ki, yaşadığım məkanda, bütün mövsümlərdə hər sübh çağı Fəcr azanlarını boğzala verən bir şəxs kimi, İyun ayının 14÷23 tarixlərindən (ən qısa gecə) saat 3.05-dən tutmuş və Yanvar ayının 3÷14 tarixlərinədək (ən uzun gecə) 6.26-dək olan gecələrdə, durduğum yerə düşən Ay kölgəsi ilə bunları müəyyən etməkdə, məhz bu illərlə vermiş olduğum azanlarıma və və buradakı müşahidələrimə minnətdar olmalıyam.
Buradan da bu plagiator xanım bilsin ki, tədqiqatın və təhqiqatın uğurunun bircə açarı vardır – vərdiş və ona yiyələnmək! Və buna görə də məntiqidir ki, həbsdən qaçmış dustaqların tutulması üçün xəfiyyələr onların saxlanıldığı şəraitdə aylarla qalmalarını özlərinə borc bilirlər. Plagiator xanım, bax bunlar sənin məqaləndə yoxdur, bunları da o biabırçı məqalənə əlavə et!
Bu da, qeyd edilməlidir ki, Hicri təqvimi üzrə Ay, müsəlman ayının orta günlərində 13, 14 və 15-i tarixlərində bircə dəfə bədirlənir və bundan sonra aypara və hilal olaraq itir və gecələrdə Yerin arxasında qalır – bununla da Aysız gecələr çökür. Ayparalar isə bədirlənmiş Ay dövrünün əvvəlində və ondan sonra gəlir və hilalla tamamlanır. Aysız gecələrdə isə artıq vaxtı müəyyən etmək çətin olmur, çünki bir həftə davam edən qaranlıq gecələrdə Fəcr azanının vaxtı hər gün mövsümdən asılı olaraq bir dəqiqə yayda irəliyə və ya qışda geri sürüşdürülərək sübhün vaxtı müəyyən edilir və bununla da Fəcrin vaxtı tam dəqiqliyi ilə sübhün 2-ci xoruz banındadır.
***
…Nə sərlövhədəki başlıq və nə də “Qur`ani-Kərim”dən gətirilmiş ayə təsadüfi seçilməmişdir. Tam məsuliyyəti ilə deyirəm ki, elə AMEA-nın Memarlıq və İncəsənət İnstitunun direktoru Ə.Salamzadə də elmdə elə Rahibə Şanxay qızının başqa bir prototipidir. İllərlə tədqiq etdikləri sahəni birdən-birə öz səriştəsizlikləri səbəbi ilə perspektivsiz görüb digərinə keçirlər və ya biri kontrafaktist digəri plagiator! Sənətşünaslıq üzrə baza təhsilli Ə.Salamzadə mövzusunu dartıb-dartıb birtəhər namizədlik dissertasiyası etdi. Sənətşünaslıqdan doktorluq müdafiə edərək AMEA Mİİ-də “heraldika” sahəsini “icad edib” gündəmə gətirdi. Bundan bir şey çıxmayanda bir “dizayn” da icad etdi. Memarlıq və İncəsənət institunun göz görə-görə “Müasir şəhərsalma şöbəsi”ni dəyişib “Hearaldika və dizayn şöbəsi” edərək üzərində müdir oldu. Buradan professor adı ilə yararlanıb, heraldikanı atıb dizaynda xarüqələr yaratmağa başladı. İllərlə heç bir samballı əsər ortaya çıxarmayanda, Mİİ memarları arasında 6 il AMEA rəhbərliyi səviyyəsində “şəhərsalmanın” bərpası üçün təkbaçına apardığım mübarizə nəticəsi olaraq yenidən şöbənin AMEA Rəyasət Heyətinin xüsusi Qərarı ilə bərpası həyata keçirildikdə yenidən “Hearaldika və dizayn şöbəsi” “Şəhərsalma şöbəsi”nə çevrildi və professorumuz “dizayna” da yaylıq etdi. Bu dəfə isə Ə.Salamzadə quşu gözündən nişan alıb Böyük Türkçülük ideyaları ilə məşğul olmaq xülyasına qapandı və bu qapanma hələ ki, gedir və görək qısa qapanması nə vaxt olacaq?
Mən yazılarımda indi tez-tez Ə.Salamzadənin şəxsi saytına müraciət edirəm bu dəfə də, etdim. https://az.wikipedia.org/wiki/Ərtegin_Salamzadə saytının “Elmi fəaliyyəti bölməsində «Türkoloji sənətşünaslıq sahəsində ixtisaslaşır» - frazası heyrət doğurur. Müdiri olduğu, həmin saytda adı belə düzgün verilməmiş «Təsviri və dekorativ-tətbiqi sənətləri» şöbəsində sənətşünaslıq sahələrinin belə bir genişliyində özünə bir mövzu tapa bilməmiş və “türkçülük” sahəsində ixtisaslaşmaqla ideya-fəlsəfi dühaya çevrilmək kursu götürmüş və bu kurs onun son vaxtlar keçirdiyi bir neçə konfransından da yaxşı görünən Ə.Salamzadə başa düşmür ki, o AMEA-nın Memarlıq və incəsənət institutunda çalışır və onun tədqiqat obyekti “Böyük Türkçülük” boyda abstraksiyaları deyil, konkret olaraq şöbəsinin mövzusu üzrə plan işi əhatə etməlidir. Falş və falsifikasiya bu tədqiqatçının ışlərinin çoxdandır ki, özəyini təşkil edir. Belə ki, AMEA Mİİ-nin 2016-cı ilin 10 oktyabr tarixində keçirilmiş Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr edilmiş “Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” adlı Beynəlxalq Elmi konfransın təşkil edildiyi 4 bölmənin mövzusuna tamamilə yad bir təmayüllə – “Dədə Qorqud mövzusu təsviri sənət əsərlərində” mövzusu ilə çıxış etmiş və slaydlar göstərmişdir… Soruşarsan bir türk klassikinin bir beytini əzbərdən deyə bilməyən; desə də, dediyini fəhm etmək iqtidarından xaric bu şəxs bizlərə və müasir Azərbaycan sənətşünaslıq elminə hələ özünün müdərrak olmadığı “Dədə Qorqud” fenomenindən bilgilər vermək niyyətindədir. Sən hələ bilmirsən ki, nəyə görə bütün “Böyük Türkistan” və Orxon-Enisey boylarında “Qorqud”un əlindəki çalğı aləti kaman və lakin təkcə Göy-Oğuz soylarında bu alət qopuz kimi təsvir edilir; həm eposlarda və həm də, müxtəlif dövrlərin dünya rəssamlarının təsviri sənət nümunələrində.
Sən hələ bunu da bilmirsən ki, nəyə görə “Trans-Qazaxstan Avomobil Yolu” ilə “Böyük Qazaxıstan Traktı”nın kəsişdiyi yerdə Dədə Qorquda qoyulmuş monumental abidənin üfürülən dəliklərindən külək əsən zaman 4 tərəfə səslənən müdhiş və tükürpədici səsləri eşitməmək üçün sürücülər o yerdən pəncərələrini bağlayaraq şütüyüb keçirlər. Xüsusilə dayanıb qulaq asanlar isə ürəkkeçmə həddlərinədək dərin trans vəziyyətlərinə düşürlər. Və sən eposu, dastanı, əfsanəni, lap elə əsatiri də hər birini kateqoriya, tip və növ təsnifatları ilə biri birindən fərqləndirmək səviyyəsində olmayaraq bunu da hələ bilmirsən ki, milli “Kitabi Dədə-Qorqud”umuzda bu personajla türk eli ulusu, el ağsaqqalı, milli-etnik və milli-yaşam mədəni ənənələrimizin daşıyıcısı kimi qələmə verilən Dədə-Qorqud dühası – Orta Asiya xalqlarında, Saxada, Tuvada, Karakala çöllərində (Qazaxstan), Karakalpakda (Özbəkistan), Karasu`da (Uzaq Şərq), Tatarıstan və Başqurdstanda, hətta Monqolustanda belə “Qırmızı xoruzlar atası”, “Qığılcımlar atası”, “Od atası”, “şamanizm əhkamçılığı”nın əsas postulatı olaraq, həmin “Böyük Türküstan” arealında sehr və kahinlik elmlərinin dühası kimi qəbul edilməkdədir və hər xalqın öz və özünəməxsus Dədə Qorqud anlayışı mövcuddur.
Ona görə ki, çıxışının mövzusunu da, həmin təsviri sənət tablolarını da Mİİ diserantı Ramil Quliyevin “Türk xalqlarınn təsviri sənətində Dədə Qorqud obrazı” – mövzusundakı dissertasiya tədqiqatı materiallarından götürmüsən və ünsiyyətdə olduğum həmin konfrans iştirakçılarının hamısı bu falşını müşahidə etmişlər… Nə vaxtsa R.Quliyevlə bu mövzunu əsaslı şəkildə müzakirə etmişəm və hətta deyərdim ki, o, digər adlı-sanlı “Qorqudçulardan” fərqli olaraq bu sirli “əks Dədə-Qorqud” mövzusunun gözəl bilicisidir; və əgər səni Dədə Qorqud cəlb edirsə, bilmədiklərini elə Ramildən öyrənə bilərsən, amma plagiat etmə. Şayət, Ramil səviyyəsi səni qane etməsə, onda qalxıb akademik Kamal müəllim Abdullayevin Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (1991), “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), “Mifdən Yazıya – Gizli Dədə Qorqud” adlı kitablarına müraciət et!


AAK-dan plagiat işlər AMEA Mİİ-yə niyə artıq qoşa-qoşa qaytarılır?

Bu gün Azərbaycan elmində heç bir sambalı və səbatı olmayan iddialı insanlar çoxluğu mövcuddur və onların elmdə boşluğu hər kəsə bəlli ikən onlar alimlik dərəcələrinə, elmi adlara, təltiflərə can atır və aldıqları dəstəklər vasitəsi ilə də istəklərinə bu və ya digər mənada nail olmaqdadırlar. Ə.Ə.Salamzadə kimilərin dəstəyi onlara yetdikcə, onların bu kimi nailiyyətləri davamlı və sürəkli olacaqdır. Bu yolda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəhbərliyini və lap elə memarlıq və incəsənət üzrə uyğun şöbəsinin müdirliyi kifayət qədər səylər edir ki, kontrafaktçılıq, piratçılıq və plagiatorluq mümkünsüz olsun. AAK-dan plagiat işlər AMEA Mİİ-yə artıq qoşa-qoşa qaytarılır. İş o yerə çatıb ki, AAK-dan, hətta ali təhsili olmayan, litsey təhsili ilə artıq müdafiə edilmiş AMEA Mİİ disertantının işi, bu işə qol qoymuş Ə.Ə.Salamzadənin üzünə qaytarılır. Sanıram ki, AAK-da piratçılığa qarşı son zamanlar tətbiq edilən maddi-texniki vasitələr az bir zamanda yenilənməli və təkcə “izləmə” deyil, artıq dünya praktikasında geniş tətbiq edilməkdə olan “«Dinləmə» anti-Plagiat Elektron Beynəlxalq Şəbəkə” sistemləri tətbiq ediləlidir.
Mən yenə də “Qur`ani-Kərim”in əl-Maidə surəsinin 38-ci ayəsini ehtiramla zikr edirəm:
-«Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət və hikmət Sahibidir!»
Elşad Ə. HÜSEYNOV,
AMEA Mİİ-nin aparıcı elmi işçisi, dosent
Təzadlar