BolgeXeber.Com » Xəbərlər » Rey Kərimoğlu: “Vətənçün iki ayağını itirənə 75 manat pensiya verilir, deputat isə özünə hər cür şərait qurur“

Rey Kərimoğlu: “Vətənçün iki ayağını itirənə 75 manat pensiya verilir, deputat isə özünə hər cür şərait qurur“

9-11-2016, 14:12
Oxunub: 3 473 Rey Kərimoğlu: “Vətənçün iki ayağını itirənə 75 manat pensiya verilir, deputat isə özünə hər cür şərait qurur“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son günlər sosial şəbəkələr və mətbuatın əsas müzakirə mövzusuna çevrilib

Komitə sədrinin Qarabağ müharibəsi veteranlarına və əlillərinə tətbiq edilən və ya təklif olunan imtiyazların əleyhinə növbəti dəfə çıxması onun sərt şəkildə tənqid olunmasına səbəb olub.

İndiyə qədər dəfələrlə H.Rəcəbli bu tipli açıqlamaları ilə gündəmi zəbt edib və daim də tənqid obyekti olub. Lakin deputat belə açıqlamalarından əl çəkmək fikrində deyil. Maraqlıdır ki, buna bənzər fikirlər təkcə H.Rəcəbli tərəfindən səslənməyib. Zaman-zaman digər iqtidaryönlü şəxslərin belə açıqlamalarının şahidi olmuşuq. Lakin o şəxslərin heç biri komitə sədri qədər gündəm olmayıb və fikirləri qısa müddətdə gündəmdən düşüb. Amma görünən odur ki, H.Rəcəbli onlardan deyil.

Onun hətta köhnə fikirləri də zaman-zaman sosial şəbəkələrdə gözə çarpır. İllər öncə də deputat buna bənzər açıqlama vermiş və hətta buna etiraz olaraq, Qarabağ qazisi Rey Kərimoğlu parlamentin binasına daxil olaraq damarlarını doğramışdı.

Bütün bunlar da H.Rəcəblinin mövqeyini dəyişə bilməyib. Noyabrın 7-də Qarabağ qazilərinin H.Rəcəbli ilə görüşü keçirilib. Bu barədə Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu “Yeni Müsavat”a məlumat verdi: “Səmərəli görüş oldu və bu məsələlər görüşdə müzakirə olundu. Zaman-zaman hakimiyyət nümayəndələrinin Qarabağ qazilərinə qarşı xoşagəlməyən münasibətlərinin şahidi olmuşuq. Bundan əvvəl Hadi Rəcəblinin əlillərlə bağlı fikirləri olmuşdu və onun üstünə çox gedilmişdi. Qazilərin dərman məsələsi ortaya çıxandan əvvəl tədbirlərin birində təsadüfən Hadı Rəcəbli ilə görüşdüm. O, səmimi şəkildə mənə bildirdi ki, elə bir söz deməmişəm. Onun ardınca Milli Məclisdə çıxışları olmuşdu, onu mənə göndərdi. Bu görüş təxminən oktyabrın 20-də olmuşdu.

Hələ o zaman bu söhbət ortaya çıxmamışdı. Hadi Rəcəbli barəsində mətbuatda gedən fikirləri təsdiq etmir. O deyir ki, fikirlərim təhrif olunub. Bu gün deputatların, vəzifə sahiblərinin həyat tərzi ilə bizimki eyni deyil. Ona görə də haqlı olaraq əhali arasında onlara qarşı narazılıq var, yaşam tərzinə görə. Necə olur ki, vətən uğrunda döyüşüb iki ayağını itirən oğlana 75 manat pensiya verilir və deyirlər ki, get yaşa. Amma bir deputat özü üçün hər cür şəraiti qurur. Bizə gələndə isə bu olmur. Əlillərlə bağlı hər hansı bir məsələ olanda sözümüzü daim deyirik, problemləri qaldırırıq. Heç kimdən qorxumuz, çəkinəcəyimiz yoxdur. Hadi Rəcəbli isə konkret deyir ki, belə bir söz deməmişəm. Bundan sonra nə deyə bilərik?”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həmkarının bu şəkildə qınanmasını doğru hesab etmir: “Hər kəsin məsələyə müxtəlif cür yanaşma tərzi var. Bu tərz cəmiyyətdə müxtəlif kateqoriyalı insanları razı salmır. Amma deputat müstəqil işini görən şəxsdir. Bu cür düşünür, bu cür də çatdırır. Bu baxımdan, onun açıqlamasına hər hansı bir irad bildirmək doğru deyil. Fikrimcə, Qarabağ qaziləri ilə bağlı gediş haqqı məsələsi bir qədər fərqlidir. Daha çox onu kompensasiya edən vəsait verilə bilər. Hamı ilə bərabər şəkildə. Amma əlavə kompensasiya edən şəxs kimi gediş haqqından istifadə edə bilərlər. Bu, ümumi tənzimləmənin içərisində gedə bilər. Amma dərman pulu olmalıdır. Çünki bu insanlar vətən üçün vuruşublar. Bu şəxslər borclu deyillər ki, haradansa vəsait tapıb müalicələrinə xərcləsinlər. Sağlamlıqlarını özlərini qorumaq üçün itirməyiblər. Vətəni qorumaq üçün itiriblərsə, dövlət də bunları nəzərə alıb, öz büdcəsindən həmin vəsaiti təmin etməlidir. İl ərzində yüzlərlə yerə bu vəsait xərclənir, səmərəli və ya səmərəsiz şəkildə. Amma ən çox xərclənməli birinci yer Qarabağ qazisidir.

Çünki səhərisi gün kiminsə döyüşə getməsi maraqlı olmayacaq. Özü əminliklə bunu etməyəcək. Canını vətən uğrunda qoymuş şəxsə həm dərman pulu verilməli, həm də onların müalicəsi üçün tədbirlər görülməlidir. Məsələlər bu formada həyata keçirilməlidir. Mənim fikirlərim bundan ibarətdir. Amma deputatın hər hansı bir açıqlama vermək hüququ var. Bu baxımdan, bu qədər kampaniya aparmağa ehtiyac yoxdur. Əslində bu məsələlərin bu şəkildə gündəmə gətirilməsinin faydası o olur ki, unudulmuş Qarabağ qazilərinin problemləri dilə gətirilir və müzakirələr aparılır. Bu istiqamətdə yəqin ki, bunların müəyyən nəticələri olar”.