BolgeXeber.Com » Xəbərlər » “Astaraçay” MMC-nin məhsulları təhlükəlidir? - İDDİA

“Astaraçay” MMC-nin məhsulları təhlükəlidir? - İDDİA

10-11-2016, 10:08
Oxunub: 1 888 “Astaraçay” MMC-nin məhsulları təhlükəlidir? - İDDİADövlətin milyonları hesabına ərsəyə gəlmiş “Astaraçay”

2005-ci ildən başlayaraq neft gəlirlərinin hesabına dövlət büdcəsi dəfələrlə artdı.

Neft satışından ölkəyə gələn milyardlarla vəsait səmərəli istifadə olunması məqsədi ilə hələ 1999-cu ildə yaradılmış Azərbaycan Dövlət Neft Fonduna köçürüldü. Respublika Prezidenti İlham Əliyevin ölkədə apardığı sosial-iqtisadi siyasətin tərkib hissəsi olaraq sonradan həmin vəsaitlərin bir qismi sənayeləşməyə- zavod fabriklərin tikintisinə, aqrar sahəyə yatırıldı.

Qeyd edək ki, son 10 ildə dövlət vəsaitləri hesabına respublikada kifayət qədər zavod və fabriklər inşa edilib. Dövlət tərəfindən həyata keçirilən layihələrin içərisində ən uğurlusu isə hərbi sənayenin yaradılması oldu. Hərbi sənayenin yaradılması ilə Azərbaycan Respublikası silahlı birləşmələrin təchizatındakı asılılığı aradan qaldırmaqla bərabər, həm də xarici bazara çıxış əldə edə bildi. Bundan əlavə olaraq isə hərbi zavod və fabriklərdə vətəndaşlarımızın çalışması yerli mütəxəssislərin formalaşması ilə yanaşı, həm də işsizliyin aradan qaldırılmasında mühüm rol oynadı.

Dövlətin milyonlarla vəsaiti yatırılan sahələrdən biri də aqrar sektordu. Ancaq təəssüflər olsun ki, bu sahəyə yatırılan milyardlarla vəsait hələ də özünü doğrultmayıb. AzToday.az bu araşdırmasında konkret olaraq kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan çayçılıqdan danışacağıq.

Nəzərinizə çatdıraq ki, çay bitkisi ilk dəfə ölkəmizə ötən əsrin əvvəllərində- 1912-ci ildə gətirilərək cənub bölgəsində əkilib. Yerli təbii mühitə uyğunlaşdırılan çayçılığın daha da inkişaf etməsi üçün laborator müayinə mərkəzi, 1937-ci ildə isə ilk çay fabriki tikilmişdir.

Ulu Öndər Heydər Əliyev o zaman SSRİ-nin tərkibində olan Azərbaycan Respublikasına rəhbərliyə başladıqdan sonra ölkənin hər bir sahəsində olduğu kimi çayçılıq da özünün yüksək inkişaf dövrünə qədəm qoydu. 1970- 1980- ci illərdə ölkədə 9000 min hektarda əkilən çay plantasiyaları 36 min hektaradək, məhsulun istehsalı isə 35 min tona qədər artdı. Ölkədə 20-yə qədər çay emalı və qablaşdırılması ilə məşğul olan fabrik və zavodlar yaradıldı. Arxiv sənədlərinə nəzər saldıqda görürük ki, hələ o zaman Azərbaycan keçmiş SSRİ-nin 14 faizinin- təxminən 42 milyon əhalisinin çaya olan tələbatını ödəyirdi.

Dövlətin milyonları hesabına ərsəyə gəlmiş “Astaraçay”

Son illər Azərbaycanda yaradılan ən böyük müəssisələrdən biri də “Astaraçay” MMC-dir. 2010-cu ildə yaradılan, ən müasir avadanlıqlarla təchiz olunmuş “Astaraçay” MMC-nin ilk vaxtlar ümumi sahəsi 640 hektar olub. Bu ərazinin təxminən 400 hektarının çay plantasiyaları olduğu bildirilir.

Şirkət çayçılıqla bərabər olaraq qara düyünün istehsalı ilə də məşğul olur. İstehsal etdiyi məhsulları öz fabriklərində qablaşdıraraq bazara çıxarır.

Azərbaycanda yaradılan hər bir iri müəssisələrin arxasında böyük vəzifə sahiblərinin, oliqarxların olması heç kəsə sirr deyil. Araşdırmamız zamanı aydınlaşdırdıq ki, bu müəssisənin də arxasında kifayət qədər böyük vəzifəli məmur dayanır. Bu haqda növbəti yazılarımızda ətraflı yazacağıq. Bu yazımızda isə əsasən müəssisənin istehsalına önəm verəcəyik.

Müəmmalı əməkdaşlıq yoxsa gizli biznes?

Əməkdaşımızın dünən paytaxtın fərqli məkanlarında yerləşən bir sıra böyük super marketlərində (neptun, səbət, rahatmarket) apardığı müşahidələr nəticəsində məlum oldu ki, dövlətin milyonlarla vəsaiti yatırılan “Astaraçay” MMC-nin məhsulları satışda yoxdur. Vitrinlərdə ancaq xaricdən gətirilən “Dikiy riss” qara düyüləri var. Həmin düyülərin qiyməti isə mağazalardan fərqli olaraq 25-30 manat arası dəyişir. Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, şirkətin Bakıda- Qara Qarayev metrosunun yanında satış mərkəzi var. İstehsal etdiyi məhsulların satışını orada həyata keçirir. Ancaq bu başadüşülən deyil. Şirkətin istehsal etdiyi məhsulların satışını öz mağazasında həyata keçirməkdə məqsədi nədir? Nə üçün şəhərin deyək ki, Binəqədi və yaxud digər yerində yaşayan insanlar dövlətin vəsaiti hesabına istehsal olunan məhsulu almaq üçün şirkətin “Qara Qarayev”dəki mağazasına getməlidir? Bu axı ölkədə aparılan antiinhisar siyasətinə ziddir.

Əldə etdiyimiz məlumata görə, “Astaraçay” MMC xeyli müddətdir ki, sahələrdəki düyülərinin biçinini yekunlaşdırıb. Ancaq o zaman sual meydana çıxır, bəs niyə şirkət məhsullarını yerli bazara çıxarmır?

Saytımız bu məsələ ilə bağlı bir sıra ilginc məlumatlar əldə edib. Məlumatlara görə şirkətin istehsal etdiyi məhsulları bazara çıxarmaması əsasən 3 səbəbdən ola bilər. Birincisi budur ki, ola bilsin şirkət daxili bazarı xarici məhsulların ixtiyarına məqsədli şəkildə buraxıb. Belə ki, bazarda qara düyüyə təlabat kifayət qədər var. İstehlakçıları əsasən onkoloji və şəkər xəstəliklərinin daşıyıcıları olan insanlar nə qədər kasıb olsalar da bu məhsulu almaq məcburiyyətindədirlər. Dövlətin maddi vəsaiti hesabına ərsəyə gəlmiş “Astaraçay” MMC əslində bu insanları yerli məhsul üzünə həsrət qoymaqla onların həm də müflis olmasına şərait yaradır. Məlumata görə, ola bilsin ki, şirkət xarici məhsulu ölkəyə gətirən şirkətlə hansısa danışıqlara gedərək öz məhsulunun bazara çıxarılmasını ləngidir.

İkinci versiya da maraqlıdır. Belə ki, ola bilsin şirkət ümumiyyətlə məhsulunu qeyri-qanuni olaraq “Dikiy riss” yarlığı altında bazara çıxarır. Məqsəd isə daha çox pul qazanmaqdır. Çünki məhsul yerli adla çıxarılanda qiyməti qat-qat ucuz olur. Şirkətin arxasında böyük vəzifəli oliqarxın olduğuna nəzər saldıqda bu məlumat olduqca inandırıcı görünür.

Üçüncü versiya isə ümumiyyətlə şirkətin istehsal prosesini düzgün qura bilməməsi ilə bağlıdır. Məhsulların sahədə ləngiməsi, gec biçilməsi bazara ləngiməklə bərabər həm də böyük məhsul itkisi deməkdir ki, bu da dövlətin büdcəsindən gedir.

“Astaraçay” MMC-nin məhsulları təhlükəlidir?

Xatırladaq ki, bir müddət öncə bəzi electron mediada “Astaraçay” MMC-nin məhsullarının təhlükəli olmağı barədə informasiya getmişdi. Ölkənin əmtəə bazarının düyü seqmentində ciddi problemlərin olduğunu və «pəhriz düyüsü» adı ilə əhaliyə satılan düyülərin əksər hissəsinin tərkibinin orqanizm üçün zərərli olduğunu yazan sayt daha sonra konkret şəxsin şikayətini oxuculara çatdırırdı.

“Bakı şəhəri Ş.Abdullayev, ev 9 ünvanında yaşayan Səltənət Zülfüqarovanın bu günlərdə üzləşdiyi olayı qeyd edib. Belə ki, Səltənət Zülfüqarova Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən marketlərdən birindən aldığı 7 manat 79 qəpiklik Astara pəhriz düyüsündən (900 qramlıq pəhriz düyüsü) istifadə zamanı düyünün suya qara rəng verməsinin şahidi olub: «Düyünü içində su olan qazana atanda suyun rəngi dəyişdi. Buna görə də onu bişirmədim. Çünki suyun qara rəngə boyanmasından ehtiyat etdim».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, zəng edib müəssisənin rəhbərliyi ilə bu barədə söhbət edib: «Onların dediklərinə görə, bu düyü arteriyaları gücləndirir və xərçəngə tutulma riskini azaldır. Qara düyünün tərkibində olan fosfor, maqnezium, marqanes, sink, zülal, amin turşuları B vitamini insan orqanizmində enerji balansını qoruyur, saçların tökülməsini, qan azlığının qarşısını alır. İstehsalçı Astaraçay Məhdud Məsuliyyətli Cəmiyyətidir. Astara rayonu, Kakalos kəndi. Saxlama müddəti istehsal tarixindən etibarən 18 aydır. Rəhbərliyə dedim, indiki məhsulunuz bu qədər xəstəlikləri «müalicə edir», niyə Nobel mükafatı almırsınız?».

Qeyd edək ki, həmin məhsulun üzərində onun Astara və Lənkəran rayonlarında yetişdirildiyi, 100 faiz təbii qara düyü olduğu qeyd edilsə də, qara düyüyə tünd rəng verən antioksidantlar zərərli maddələri udur: «Deyilənlərə görə, Tələt Məmmədovun direktoru olduğu MMC-də istehsal olunan çay və düyülər tərkibinə görə beynəlxalq standartlara cavab vermir. Belə ki, həmin məhsulların tərkibi orqanizm üçün təhlükəlidir. Məhz buna görə də vətəndaşların əksəriyyəti adıçəkilən şirkətin istehsal etdiyi çay və düyünün keyfiyyətsiz, dadsız olmasından şikayətlənirlər".

Azad İstehlakçılar Birliyi mövqeyini nədən və nəyə dəyişdi?

Bir zamanlar “Astara” MMC-nin rəhbərliyini Nobel mükafatı almamaqda günahlandıran “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov sonradan müəmmalı formada sözlərini geri götürdü. Belə ki, şirkəti məhsulu düzgün yetişdirməməkdə və qablaşdırmamaqda günahlandıran təşkilat rəhbəri sonradan bu məhsulların reklamı ilə məşğul olmağa başladı... \\gundeminfo.az\\