BolgeXeber.Com » Xəbərlər » "Qaçqınkom" şefinin "məmur köçkünləri"... - İTTİHAM VAR

"Qaçqınkom" şefinin "məmur köçkünləri"... - İTTİHAM VAR

25-11-2016, 10:41
Oxunub: 2 365 "Qaçqınkom" şefinin "məmur köçkünləri"... - İTTİHAM VARMəcburi köçkünlər üçün nəzərdə tutulan mənzillərin bəzi hallarda köçkün olmayanlara, hətta bir neçə evi olan məmurlara verildiyi barədə mətbuat dəfələrlə yazıb

Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi bu iddiaları təkzib etsə də, media ortaya konkret faktlar qoyub. Məsələn, bir müddət əvvəl məlumat yayılmışdı ki, məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən Ağdamın icra başçısının müavini Arzu Rəhimovaya, Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanovaya, Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayeva, Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımova, Ağdamın sabiq prokuroru, hazırda Qaxda bu vəzifəni daşıyan İslam Qasımova "hədiyyə" edilib. Məcburi köçkünlər üçün tikilən evlərdən "hədiyyə" alanlar arasında iş adamları, polis rəisləri, ayrı-ayrı vəzifələrdə çalışan məmurlar da var. Bir neçə mənzilə sahib olan bu şəxslərin məcburi köçkünlərin evlərinə göz dikməsi anlaşılan deyil. Heç "Qaçqınkom"un sədri Əli Həsənovun ev bölgüsü də başadüşülən deyil. Prezident İlham Əliyevin fəaliyyətində vətəndaşların, xüsusilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması onların mənzillə təmin olunması prioritet təşkil edir. Prezident dəfələrlə çıxışlarında bu məsələni xüsusi vurğulayıb. Amma nədənsə məmurların, o cümlədən Əli Həsənovun fəaliyyətində bu o qədər də hiss olunmur. Yüzlərlə məcburi köçkün var ki, evsiz və acınacaqlı şəkildə yaşayırlar.

Onlardan biri də Xəyyam Salmanzadədir. Xəyyam Salmanzadə məcburi köçkün olmaqla yanaşı şəhid qardaşıdır. Özünün, həyat yoldaşının və iki övladının səhhətində ciddi problemlər var. Amma buna baxmayaraq Xəyyam Salmanzadə problemlərini özü həll etməyə çalışır. Erkən yaşda valideynlərini itirən Xəyyam Salmanzadə öz gücünə təhsil alıb, işləyib ailəsini dolandırır. Bir məqamı da qeyd edək ki, Xəyyam Salmanzadənin bir qardaşı da intihar edib. Hazırda kirayədə yaşayan Xəyyam Salmanzadə üzləşdiyi çoxsaylı probleblərdən birinin - mənzil probleminin həll olunmasını isyəyir. Amma nə sirrdirsə, məcburi köçkünə, şəhid qardaşına məcbur köçkünlər üçün nəzərdə tutulan evlərdən verilmir.

Əli Həsənov hansısa səbəbdən hesab edir ki, bir neçə evi olan məmurların Xəyyam Salmanzadədən daha çox evə ehtiyacı var. Bəlkə də bunun səbəbi Əli Həsənovun komitədəki qohumu Elman İsmayılovun mənzil bölgüsünü əsl biznesə çevirməsidir. Bu şəxsin əməlləri barədə mətbuatda çoxsalı faktlar dərc olunub. Onun mənzilləri ayrı-ayrı şəxslərə müxtəlif məbləğlərə satdığı da bu faktların sırasındadır. Media bu faktları göydən götürməyib. Mənzil növbəsində olan məcburi köçkünlər özləri bu barədə müxtəlif media orqanlarına məlumat veriblər. Zobucuqdakı mənzil qalmaqalı yəqin hər kəsin yadındadır. Həmin vaxt məcburi köçkünlər bildirirdi ki, Zobucuqda 5 qəsəbə salınıb, amma buradakı evlərin çox yerli məmurlar arasında bölüşdürülüb. Yaxşı olardı, Əli Həsənov aydınlıq gətirsin ki, nədən məcburi köçkünlər üçün nəzərdə tutulan evləri məmurlara paylamaqla böyük bir köçkün ordusunda narazılıq yaradır? Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.