BolgeXeber.Com » Xəbərlər » Vicdanın qıcqırdığı ünvan - “Kristal Abşeron”dan köçkün ailəsinə qarşı "kristal" divantutma...

Vicdanın qıcqırdığı ünvan - “Kristal Abşeron”dan köçkün ailəsinə qarşı "kristal" divantutma...

26-11-2016, 12:55
Oxunub: 3 500 Vicdanın qıcqırdığı ünvan - “Kristal Abşeron”dan köçkün ailəsinə qarşı "kristal" divantutma... "Mənim 15 il yaşadığım evimi isə “Kristal Abşeron” MMC şirkəti tərəfdən qanunsuz olaraq mühasirəyə alınandan sonra ağır texnika ilə yerlə-yeksan etdilər"

Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M ünvanında qeydiyyatda olan, lakin hal-hazırda müvəqqəti olaraq 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 30, mənzil 30-da məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün Elyasov Zamin Ellaz oğlu tərəfindən Moderator.az - a aşağıdakı məzmunda şikayət məktubu daxil olub.

Məktubda deyilir:

"Hörmətli Baş Redaktor,

Sizə yazmaqda məqsədim mənə qarşı edilən analoqu olmayan haqsızlıqdır. Ümidim yalnız Sizədir. Mən valideynlərim və qardaşlarımla birgə 1993-cü ildə evimizdən, ocağımızdan didərgin düşdük. Biz ailəmizlə birgə Gəncə şəhərində məskunlaşmalı olduq. 2000-ci ildə Bakıya gəldim və yeni qurduğum ailəmlə birgə bu günə kimi yuxarıda göstərdiyim ünvanda yaşayırdım. Yaşadığım ərəfədə atam Elyasov Ellaz Ələs oğlu infarkt keçirdiyindən mən müvəqqəti olaraq bir neçə aylığa onlara kömək etmək üçün Gəncə şəhərinə getdim. Bu arada kiçik qardaşım Elyasov Cahid Ellaz oğlu əsrimizin ən qorxunc xəstəliklərindən olan xərçəngin ən ağır formasına tutulur. Mən həmin vaxtlar onu həkimlərə aparmalı oldum. Bu ərəfədə “Kristal Abşeron” MMC şirkətinin əməkdaşları tərəfindən mənim yaşadığım ərazidə baxış keçirilərkən guya onlara burada heç kəsin yaşamadığını deyiblər. Lakin həqiqi sakinlər (həmin sakinlərin yalnız üç nəfərinin ərzəsi və Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Repatrasiya departamentinin direktoru Elman İsmayılovun məktubu əlavə olunur) yoxlama aparan “komissiya”ya həmin evdə Elyasov Zamin Ellaz oğlunun yaşadığını desələr də, lakin bir nəticə verməyib. Biz "Qaçqınkom" əməkdaşlarına və həmin komitənin Abşeron rayon üzrə şöbəsinin müdiri Vidadi İsayevə etirazımı bildirəndə mənim evlə təmin ediləcəyimə, lakin heç yerə şikayət etməməyimi məsləhət bildilər.

Sən demə, onlar mənim başımın altına “yastıq” qoyurlarmış. Nəticədə o ətrafda olan ailələri müxtəlif yollarla razı sala biliblər. Mənim 15 il yaşadığım evimi isə “Kristal Abşeron” MMC şirkəti tərəfdən qanunsuz olaraq mühasirəyə alınandan sonra ağır texnika ilə yerlə-yeksan etdilər. Nəticədə evimdə olan soyuducu, iki dəmir çarpayı, istilik sistemi, maqnitafon, stol, stullar, işıq sistemləri sıradan çıxdı. Bununla bağlı mən “Kristal Abşeron” MMC-nin Xırdalan şəhərində yerləşən ofisinə getdim. Orda məni qəbul edən Azər və İlqar adlı şirkətin işçiləri məni evlə təmin edəcəklərini vəd etdilər və dedilər ki, bu şərtlə "Qaçqınkom"dan arayış gətirim ki, mən həqiqətən orada yaşayıram. Lakin həmin komitədən mənə yazılı surətdə bildirdilər ki, “Kristal Abşeron” MMC şirkətinin tikinti apardığı ərazidə faktiki yaşayan məcburi köçkün ailələri şirkət tərəfindən siyahıya alınaraq öz vəsaiti hesabına inşa olunmuş yaşayış binasına köçürülmüşdür. Mənim yaşadığım ərazi şirkətin ərazisi olmadığından yaşayış sahəsi ilə təmin edilməmişəm. Bu zaman belə bir sual yaranır, əgər ərazi “Kristal Abşeron” MMC-in ərazisinə düşmürsə, o zaman şirkət yaşadığım evi hansı əsasla sökdürmüş, özümü də bayırda qalmağa məcbur etmişdir. Mən ailəmlə hal-hazırda xalamın kiçik bir otağında müvəqqəti yaşayıram.

Sonda ümid edirəm ki, şikayət ərizəm cavabsız qalmayacaq və mənə haqqımı özümə qaytarılması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Mən buna bütün varlığımla əminəm".
Vicdanın qıcqırdığı ünvan - “Kristal Abşeron”dan köçkün ailəsinə qarşı "kristal" divantutma...