BolgeXeber.Com » Xəbərlər » GDU-da bal alveri... - İTTİHAM VAR

GDU-da bal alveri... - İTTİHAM VAR

28-11-2016, 10:42
Oxunub: 2 057 GDU-da bal alveri... - İTTİHAM VAR GDU-da rektora xüsusi yaxınlıqları olmayan müəllimlər ciddi şəkildə sıxışdırılırlar

Bu günlərdə redaksiyamıza Gəncə Dövlət Universitetindən yeni məlumatlar daxil olub. Açıqlamada bildirilir ki, qış sessiya imtahanları öncəsi GDU-da əsil ajiotaj yaşanmaqdadır. Belə ki, tələbələrin imtahanlara buraxılmaları üçün onların müəyyən miqdarda bal toplamaları zəruridir. Universitet rəhbərliyi isə, keçid ballarının da əsil əmtəə kimi satışına start verib. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etdiyimiz kimi, bu gün Gəncə Dövlət Universitetində gedən proseslər heç də digər ali məktəblərdə müşahidə olunan “adi” problemlərə bənzəmir. Belə ki, bu universitetin daxilində olan mənbələrdən bizə təqdim olunan açıqlamalarda da vurğulanır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə arzuolunmaz bir duruma gətirmişdir. Eyni zamanda da, aldığımız açıqlamalarda vurğulanır ki, GDU-da rektora xüsusi yaxınlıqları olmayan müəllimlər ciddi şəkildə sıxışdırılırlar. Bu xüsusda universitetdən daxil olan açıqlamalardan birində bu ali təhsil müəssisəsində yaranmış vəziyyət belə təsvir olunur: “Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun yaratdığı korrupsiya şəbəkəsitam gücü ilə fəaliyyətinə davam etdirir.

Artıq iş o həddə çatıb ki, rektorun ən yaxın adamları da bunu etiraf etməyə başlayıb. Ölkə rəhbərliyinə və Təhsil naziri Mikayıl Cabbarova dəfələrlə müraciət ünvanlandığına baxmayaraq, universitetimizdə baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə rəğmən bu özbaşınalıqlara hələ də son qoyulmur. Son buraxılış və bəzi kursların yay imtahan sessiyası üzrə yığılmış rüşvətin həcminə görə ötən tədris ilini “uğurla” başa çatdıran Yusif Yusibov tərəfindən dekanlara ciddi şəkildə tapşırıq verilib ki, bu ildən artıq bütün fakültələr üzrə pul əvvəlcədən yığılsın. Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar da quraşdırıb. Bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. Əslində isə, vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır.

Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil...” Artıq qeyd olunduğu kimi, belə talançı yanaşma tərzinin nəticəsi olaraq, bu gün 32 laboratoriyası olan universitetdə, hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə əldə olunmayıb. Bu laboratoriyaların əksəriyyəti bütün tədris ili boyunca qapısı bağlı vəziyyətdə qalsa da, Yusif Yusibovun göstərişi ilə tərtib olunan sənədlərdə onların az qala gecə-gündüz, intensiv şəkildə analiz və elmi- tədqiqat işlərilə məşğul olduğu qeyd olunur. Bunda məqsəd isə, yenə də maliyyə maxinasiyaları üçün əlavə şərait və imkanlar əldə etməkdir. Həm də Yusif Yusibov bu maxinasiyalar sayəsində əldə etdiyi var-dövlətini qətiyyən gizlətməyə çalışmır. Mənbə bildirir ki, bütün bu səbəblər üzündən hazırda Gəncə Dövlət Universitetində davamiyyət də indiyədək qeydə alınan ən aşağı həddə düşüb. Göründüyü kimi, Gəncə Dövlət Universitetində problemləri həll etməyin yeganə yolu yalnız Təhsil Nazirliyi tərəfindən bu ali təhsil müəssisəsində əsaslı kadr islahatlarına başlanmasından keçə bilər.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.