BolgeXeber.Com » Xəbərlər » «Atlas Medical Center»in rəhbəri iqtisad elmləri namizədinə hədə-qorxu gəlir, onu təhdid edir

«Atlas Medical Center»in rəhbəri iqtisad elmləri namizədinə hədə-qorxu gəlir, onu təhdid edir

29-11-2016, 16:07
Oxunub: 4 779 «Atlas Medical Center»in rəhbəri iqtisad elmləri namizədinə hədə-qorxu gəlir, onu təhdid edirRahilə Həsənova: «Heydər müəllim məndən borc aldığı 30 min dolları və yığılıb qalan səkkiz aylıq maaşımı verməkdən boyun qaçırır»

«O, özünü gah «elmlər doktoru», «professor», gah da ölkənin idarə olunmasında iştirak edən çox hörmətli, möhtərəm şəxslərin şəriki, qudası kimi təqdim edir» Ötən sayımızda qeyd etdiyimiz kimi, 2010-2012-ci illərdə, həmçinin 2015-ci il fevral ayının 1-dən 25 aprel 2016-ci il tarixədək «Atlas Medical Center»də maliyyə direktoru vəzifəsində çalışan Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 005 «D» məhəllə, mənzil 0093-də qeydiyyatda olan, iqtisad elmləri namizədi Rahilə Qazıxan qızı Həsənova adıçəkilən klinikada yaşanan neqativ hallarla bağlı Gundelik-Baku.com-un redaksiyasına şikayət ərizəsilə müraciət etdikdən sonra həmin klinikanın rəhbəri Heydər müəllim tərəfindən hədə-qorxuya məruz qalıb. Məhz elə bu səbəbdən də Rahilə Həsənova Gundelik-Baku.com-la yanaşı, ölkə başçısı cənab İlham Əliyevə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıb. Beləliklə, «Zati aliləri, mən bu müraciəti sizə konstitusiya və əmək hüquqları bir nəfər tərəfindən tapdanmış ölkə vətəndaşı, Azərbaycan xanımı kimi göz yaşları içində, əsəb gərginliyi şəraitində yazıb göndərirəm» deyən Rahilə Həsənova qeyd edir ki, bundan əvvəlki müraciətlərinə nədənsə əhəmiyyət verilməyib: «Mətbuat vasitəsilə üçüncü dəfə sizə müraciət etməyimə zərurət yaradan «Atlas» Tibb Mərkəzinin təsisçisi Heydər müəllim tərəfindən əmək hüquqlarımın tapdanması və onun dələduzluğuna, həbs və ölüm hədələrinə məruz qalmağımdır. Mən 2015-ci ilin fevral ayından 2016-cı ilin aprel ayına qədər Heydər müəllimin rəhbərlik etdiyi «Atlas» Tibb Mərkəzində maliyyə direktoru vəzifəsində işləmişəm. Klinikada işə başladığım ilk ikinci ayda Heydər müəllim ailədaxili ehtiyacıma görə evimi satdığımı bildiyindən otağına dəvət edərək klinikada yaranmış əməkhaqqı böhranından çıxmaq üçün məndən bir ay müddətinə qaytarmaq şərti ilə 30 min borc pul istədi. Mən də iş yerimi özümə ata evi hesab etdiyim üçün onun xahişini yerə salmadım və satdığım evin pulundan ona 30 min ABŞ dolları borc verdim. Lakin günlər keçdi, aylar ötdü, o verdiyi sözə naxələf çıxdı, aldığı borcu qaytarmadı. Hələ bu azmış kimi, üstəlik səkkiz aylıq maaşımı da saxladı və ən sonda məni tutduğum vəzifədən də uzaqlaşdırdı». Bununla da Heydər müəllimin dəvəti və xahişilə gəldiyi «Atlas» klinikasındakı işini, əvvəllər maliyyə direktoru vəzifəsində çalışdığı «Medera» hospitalındakı vəzifəsini də itirdiyini vurğulayan Rahilə Həsənovanın sözlərinə görə, qarşı tərəf ona olan borcunu qaytarmaq niyyətində deyil: «Mən Heydər müəllimdən yığılıb qalan səkkiz aylıq maaşımı və verdiyim borc pulu nə vaxt tələb edirəmsə, o, məni şərlətdirib həbs etdirəcəyini bildirir, ölümlə hədələyir və «mənə borc verdiyini sübut elə» deyir. Halbuki 2015-ci ilin dekabr ayının 12-də Heydər müəllim növbəti dəfə vergidən yayınmasına görə Vergi Departamenti ilə aralarında baş verən qarşıdurmaya görə ölkənin birinci xanımı, millə vəkili Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə mənim və klinikanın bir neçə əməkdaşının ad və soyadını qeyd edərək maddi durumla bağlı bizdən borc pul aldığını göstərib. Ədalət naminə deməliyəm ki, aylar öncə ölkə başçısına ünvanladığım müraciətdən dərhal sonra məni Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət etdilər. İdarənin əməkdaşı Fəxri Babazadə məni çox yüksək səviyyədə qarşıladı, izahatımı aldı və tam əmin etdi ki, lap yaxın günlərdə sizə dəymiş maddi ziyan ödəniləcək. Bir neçə gün sonra Fəxri müəllimə zəng edərək vəziyyəti öyrənmək istədim, o telefonuma cavab vermədi və sonrakı zənglərdə isə telefonunu söndürdü. Sonradan məlum oldu ki, müraciətimi Nərimanov Rayon Polis İdarəsinə göndəriblər və mənə məlumat verilmədən şikayətimi bağlayıblar. Odur ki, bir daha Heydər müəllimin təsisçisi olduğu «Atlas» Tibb Mərkəzində və digər xidmət sahələrində baş alıb gedən özbaşınalıqlar, qanun pozuntuları və personalın əmək hüquqlarının tapdanması barədə sizə məlumat çatdırmağı özümə mənəvi borc bilirəm. Heydər müəllim pusquda durub məqam gözləyən bir insandır. Məqamı çatan kimi adamı arxadan vurub başını pambıqla kəsəndir. Bunu mən yox, onun əməlləri deyir. O, mərdi qova-qova namərd, insanları incidə-incidə üsyankar edir. Beləliklə də məqsədyönlü şəkildə ölkədə sosial gərginlik yaratmağa çalışır». Heydər müəllimin istər «Atlas» klinikasında, istərsə də ona məxsus olan digər obyektlərdə personalı əmrsiz, müqaviləsiz işlətdiyini, ilk aylar maaşı vaxtı-vaxtına verdiyini, bu yolla işçiləri həvəsləndirdiyini deyən Rahilə Həsənova Gundelik-Baku.com-a bildirir ki, sonradan aylarla, hətta ildən artıq əməkhaqqı vermir və işdən uzaqlaşdırır: «Narazı tərəf buna etiraz edərək hər hansı bir orqana şikayət edirsə, Heydər müəllim dərhal şər-böhtan, qarayaxma maşınını işə salır, şərləməyə başlayır. Özü də şikayətçilərin hamısı haqqında standart formada bu ifadələri yazıb göndərir: «Əmri də var, müqaviləsi də, lakin işdən gedəndə özü ilə aparıb». Və ya bildirir ki, hüquq-mühafizə orqanları onun ətrafında təhqiqat işləri aparır, ona cinayət işi açıblar. Amma səbəb, fakt, sübut göstərmir. Bütün bunlar onun tanınmış böhtançı və şantajçı olduğunu təsdiq edir. O, bir çox hallarda namuslu insanlara «narkoman» və ya «qumarbaz» damğası da vurur. Çox istərdik ki, Heydər müəllim öz keçmiş və hazırkı əməlləri barədə qısaca məlumat versin və göstərilənlərə aydınlıq gətirsin. Desin görək, hansı səbəbdən ötən əsrin 90-cı illərində təsis etdiyi «Naxçıvan-Türk» müştərək bankında çoxsaylı naxçıvanlıların milyonlarla əmanətlərini mənimsəyib Bakıya qaçıb, ayrı-ayrı ünvanlarda gizlənib? Onun bu qanunazidd əməllərinə etiraz edən türk vətəndaşı, bankın müşahidə şurasının sədri İbrahim Aydının öz qarajında sirli ölümünə ətraflı təhlil versin. Adıçəkilən illərdə nəyə görə o, 2 ay İranda zindanda saxlanılıb? Və hansı zərurətə görə jurnalistlərdən birinin qarşısında diz çöküb «Bunları yazma» deyə yalvarıb. Onun əməlləri kim tərəfindən və hansı səviyyədə müdafiə olunur? 1997-ci ilin noyabr ayında icarəyə götürdüyü «Şərq bazarı»nın düz 19 ildir icarə haqqını nəyə görə vermir? Kim ona səlahiyyət verib ki, bazarın 19 illik icarə haqqını vermədiyi halda bazarın ətrafında Nərimanov Rayon Prokurorluğuna inzibati bina tikintisinə müqavimət göstərir? Nəyə görə özbaşınalıq edərək edərək bazarın 2 günbəzini klinikaya birləşdirib? «Azərbaycan Beynəlxalq Bankı»ndan, «Azəriqazbank»dan və «VTB bank»dan götürdüyü dövləti müddəti ötmüş milyonlarla manat kredit borcunu hansı səbəbə görə qaytarmır?» Bu arada, «Atlas Medical Center»in rəhbəri Heydər müəllimin hər kəsin, hətta gələn yoxlama mütəxəssislərinin qarşısında özünü ölkənin idarə olunmasında iştirak edən çox hörmətli, möhtərəm şəxslərin şəriki, qudası kimi təqdim etdiyini, hər dəqiqə əlini dövlət telefonuna ataraq ordan kimlərəsə zəng etdiyini iddia edən Rahilə Həsənovanın sözlərinə görə, Heydər müəllim neçə illərdir işçilərin əmək hüquqlarını pozur, onları ölümlə, həbslə hədələyir, təhqir edir, ali hakimiyyət və hüquq-mühafizə orqanlarına həqiqətə uyğun olmayan böhtan, şantaj xarakterli məlumatlar yazıb göndərməklə çaşqınlıq yaratmağa səy göstərir: «Lakin heç kim ona irad tutmur, bir söz demir. Belə olan halda soruşmaq istəyirik ki, axı kim onun toxunulmazlığına xüsusi status verib? O, kimdir və hansı vəzifə, səlahiyyət sahibidir ki, 4 nömrəli hökumət telefonundan istifadə etsin və bu telefon vasitəsilə nazirlərə, komitə sədrlərinə zəng vurub göstərişlər versin? Bu gün istər Naxçıvanın, istərsə də respublika hüquq-mühafizə orqanlarında Heydər müəllimin dələduzluğu və digər əməllərini təsdiq edən kifayət qədər materiallar var. Lakin dələduzluq ittihamı ilə ona cinayət işi açılmaması və onun məsuliyyətə cəlb edilməməsi sözün indiki məqamında təəccüb təsiri bəxş edir! 7 dəfə Həcc ziyarətində olub gündə 3 dəfə namaz qılıb alnını möhürə vurub, klinikanın rentgenoloqu Vəliyeva İradə Şamxal qızını tutdurması ilə fəxr edir. Özünü gah «elmlər doktoru», «professor», gah ölkənin idarə olunmasında iştirak edən çox hörmətli, möhtərəm şəxslərin şəriki, qudası kimi təqdim edən Heydər müəllim gündən-günə onu tanıyanların nifrətini qazanır və cinayət yükünü artırır. Bütün bunları nəzərə alaraq, ölkə başçısından və digər müvafiq qurumlardan müraciətimin xüsusi nəzarətə götürülməsini, Heydər müəllimə borc verdiyim 30 min dolların və neçə aylardır yığılıb qalan əməkhaqqımın ondan alınıb qaytarılmasında mənə köməklik göstərmələrini, həmçinin onun Naxçıvanda yaşadığı illərdə törətdiyi və hazırkı cinayət xarakterli əməllərini araşdırıb onun ifşa edilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verilməsini xahiş edirəm».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.