BolgeXeber.Com » Xəbərlər » "Şou-biznes “paqon” kimi bir şeydir, zamanı gələndə düşür"

"Şou-biznes “paqon” kimi bir şeydir, zamanı gələndə düşür"

23-12-2016, 13:06
Oxunub: 3 127 "Şou-biznes “paqon” kimi bir şeydir, zamanı gələndə düşür"Azərbaycanda tanınan, seçilən, istedadlı onlarla bəstəkar, musiqiçi var

Amma həmin kəslərin adı bu təqdimatdan o yana addamır. Onun adı gələndəsə söylənənlər fərqli olur: sənətkar, vətəndaş, şəxsiyyət.
O, musiqinin olduğu qədər azadlığın, özgürlüyün də vurğunudur. Haqsızlığın, ədalətsizliyin müxalifidir... Onu həmkarlarından fərqləndirən, sevdirən də yəqin məhz budur.
Uzun illərdir Azərbaycandan kənarda yaşayır. Hərçənd vətənı, torpağı, məmləkətı üçün burnunun ucu göynəyir. Zamanında notlarını, pianosunu buraxıb siyasi hadisələrin önünə düşmüşdü. Əsgərlərə ruh verməkçün marş da yazmışdı, inandığı siyasi liderin şərəfinə bəstə də...
Amma bu gün hər şeydən uzaq öz hücrəsinə çəkilib. İçindəki düşüncələrini, sevgisini, müxalifliyini əsərlərinə köçürür Cavanşir Quliyev.

- Bir neçə il qabaq mətbuata açıqlamanızda “Kiprdə özümü həbsxanadakı kimi hiss edirəm” demişdiz. İndi vəziyyətiniz necədir?

- Doğrusu, mən o sözləri ilk iki il üçün demişdim. Çünki burda yeni gələndə mənə otel odası kimi bir yer vermişdilər. Yatmağım, da, oturmağım da hamısı bir otaqdaydı. İki il belə yaşadım. O illərdə qərara gəldim ki, kağız-qələm versələr, həbsxanada da qala bilərəm.
Yaradıcılıq baxımdan Kiprdə ideal şərait var. Yəni burda mənə dəyən-toxunan, işdən ayıran yoxdur...

- Son illər hamı bəstəkar qıtlığından şikayət edir. Bir ara siz də həmkarlarınızı çeşidləyirdiz...

- Bizə də bəzən insanlar şikayət eləyirlər. Əslində indi bəstəkar qıtlığı yox, mahnı yazan qıtlığıdır. Mənim dediyim anlamda bəstəkarlar çoxdur. Gəncləri də, orta nəsil də, lap cavanları da var, ardı da gəlir.

- Mahnı yazan bəstəkar sayılmırmı, sizcə? Eləsə Azərbaycanda bəstəkar kimdir, mahnı yazan kim?

- Azərbaycandakı savad görmüş, müəllim yanında tədris almış, bu işin qaydalarını öyrənmiş, sonra da İttifaqa üzv olan bəstəkarların hamısını bu məsləyin sahibi kimi qəbul edirəm. Çünki onların əlində dövlətin verdiyi sənəd var.

"Elza Seyidcahan simfonik əsər də yazar, amma necə alınar, bu başqa mövzudur..."

- Elza Seyidcahan da oranın üzvüdür və Konservatoriyanı bitirib. Onu da bəstəkar sayırsızmı?

- Elza Seyidcahan bəstəkarlıq təlimi görmüş sənətçidir. Ona desən ki, sabah bizə bir simfonik əsər yaz, yazar. Əsər necə alınar, bu, başqa məsələdir, amma yazar. O xanım peşəkardır, onu qaş-gözünə aşıq olub Bəstəkarlar İttifaqına üzv eləməyiblər. Amma hər yazan peşəkar deyil axı... Azərbaycanda ittifaqın üzvü olan 150-yə yaxın bəstəkar var. Bu say Azərbaycan xalqı üçün çox deməkdir. Hamısının yazdığı keyfiyyətli deyil, ona görə də onların içindən 5-6 nəfəri fəaliyyətdədir. O birilər yazmırlar, yaxud bir dəfə yazıb kifayətlənirlər.

"Mən artıq indiki nəslin uşaqlıq bəstəkarıyam"

- Yəni sənətlə şounun öz konturları var? Bir vaxtlar o sərhəddi siz maraqlı izah eləmişdiz...

- Şou-biznes bu cəmiyyətə lazımdır. Cəmiyyət onunla yaşayır. İnsanlar hər axşam işdən gəlir və əylənmək istəyir. Şou-biznes onları əyləndirir. Mən başıma gələn hadisədən deyim, hərdən mahnılarımdan bəzilərini “yutub”dan acıb baxıram, şərhləri oxuyuram. Məsələn, gənclər yazır ki, bu mahnıya qulaq asanda uşaqlığım yadıma düşür. Düşünürəm ki, mən artıq indiki nəslin uşaqlıq bəstəkarıyam. Deməyim odur, 15 il bundan qabaq yazılan mahnı köhnəlir. Ona görə də dinləyənin yadına məktəb nostaljısı düşür, mahnı ona o yaşı yada salır. Bu şou-biznes vaxt məfhumu olan bir şeydir.

"Sənətin vaxtı və yaşı olmur"

Filarmoniyada Baxın bir əsəri çalınsa, kimsə deyərmi, uşaqlığım yadıma düşdü? Yox. Çünki o sənətdir. Sənətin vaxtı və yaşı olmur. Sənətin keyfiyyəti olur. O baxımdan şou mahnılar vaxt bitdikcə köhnəlir və yerinə təzələri gəlir. Məsələn, 90-cı illərdə qızlar çiyinlərinə “paqon” qoyardılar. İndi elə şeylər yoxdur. Amma o cür şəkillər görəndə onun çiyninə diqqət eləyirlər. Təəccüblənirlər ki, bu qızın çiyni niyə belə qısıqdır. Sonra deyirsən ki, o vaxt belə dəb idi. İndi bu şou-biznes də o “paqon” kimi bir şeydir. Zamanı gələndə düşür.

"Neynəyim, mənimki də belə gətirdi"

Mən də o vaxtlarıma heyfslənirəm ki, ömrümün ən gözəl çağını nəyə verdim. Oldu da... Mənim həyatım da belə gətirdi. Neynəyə bilərik?! Mahnı janrı vəfasiz bir şeydir. Ona sərf elədiyim enerjimi, özü də o vaxt gənc idim, sabaha kimi oturub yoruldum demədən sanballı əsərlərə həsr edə bilərdim. Nə qədər ciddi əsərlər yaza bilərdim, yazmadım. Düşdüm qızların dalınca, o müğənni sənin, bu müğənni mənim, mahnı yazdım. Onlar gedib ad-san qazandılar, mən isə dənizin ortasında adaya düşdüm. Sonum belə oldu... (gülür)

"Aygün Kazımovanın oxuduqları..."

"DÜŞDÜM QIZLARIN DALINCA, ONLAR AD QAZANDI, MƏNSƏ ADADA TƏNHA QALDIM"

- Amma o vəfasız dedikləriniz hələ də dillərdə qalır. Biri elə Aygün Kazımovaya yazdıqlarınız.

- Hə. Hərdən mahnılarıma yazılan şərhləri oxuyuram, na danım, adama xoş gəlir. İnsanların öz həyatlarını mənim hansısa mahnımla bağlaması xoş təsir bağışlayır. Amma düzünü deyim, bu mahnılara köhnə deyəndə də mənə təsir eləyir. Mənim əsl sənətim o deyildi də... Sənətin köhnəsi, təzəsi olmur, sənətin pisi, yaxşısı olur.

"İndi vətənini sevən bəstəkar azdır"

- Sənətin yaxşısı həm də əsl vətənpərvər mahnılarda bilinir. Sanki qürbətə gedəndə özünüzlə vətənpərvər mahnılarınızı da apardız. İndi bu mövzuda yazılanların hamısı çox sönükdür.

- Mən nə doktoram, nə də bioloq. Amma bu haqda öz fikrim var. Hər bir bəstəkarın, musiqiçinin vətənini nə qədər sevməsi onun musiqilərində, yazdıqlarında görünür. Bəlkə bu fikrim bir az sərtdir, amma gerçəkdən belədir. Mən istənilən əsərə qulaq asıb deyim, bu adam vətənini nə qədər sevir.

- Belə çıxır ki, indi vətəni sevən musiqiçi, bəstəkar azdır ?

- Onu mən demədim. Siz dediniz... (gülür)

- Mən vətən üçün ölürəm, onu çox sevirəm. Bunların hamısı, türklərin sözü olmasın, palavradır. Vətəni sevməyi söyləmək yox, onu gerçəkdən sevmək lazımdır. Bu sabahdan axşama qədər bağırıb-çağırıb mən vətəni sevirəm demək deyil...
90-cı illərdə “Azdrama”da işləyəndə yaradıcı heyətlə Almaniyaya getmişdik. Mən də aktyorları müşayiət edirdim. Biz Berlində bir binada məşq eləyirdik. Orda Mikayıl Mirzə Xəlil Rzanın Azərbaycan haqqında bir şeiri vardı, onu oxuyacaqdı. Çıxıb səhnəyə başladı bərkdən-bərkdən şeiri deməyə. Mikayıl məşq edə bilmirdi axı. Onun məşqi də elə səhnədə olurdu. Orda da sən demə, konsert salonunun bədii redaktoru gəlib arxada oturub bizə baxırmış. Sonra tərcüməçi oğlan dedi ki, Mikayıl Mirzə səhnədə şeiri deyəndə o adam soruşub ki, o nə oxuyur elə. Oğlan da deyib ki, vətəni sevməsi haqda şeir deyir. Alman da qayıdıb ki, hə, bizdə 30-cu illərdə belə şeirlər oxuyardılar. Yəni Hitlerin dövrü də beləydi. Yalançı pafos. Misalı Mikayıla gəlməsin, burda “vətən” deyə qışqırırb-bağırırlar, orda vətənin oğlundan rüşvət alırlar.
Qayıdıram bizim bəstəçilərə. Məsələn, bilirsən bu adam istedadlıdır. Sabah vətən haqda nəsə yazıb gətirir, görürsən başdan-ayağa pafosdur. Adam var, istedadı yoxdur, deyirsən , neynəsin, qabındakı elə budur. Amma adam da var, peşəkardır, di gəl, vətən mövzusu onun üçün elə-belə, keçici bir şeydir. Yəni onun üçün yazır ki, jurnalistlər soruşar vətən haqda mahnın varmi? Desin ki, üç-beş dənə yazmışam. Mən marşı Şuşadan dönəndən sonra yazdım. Sənətçilərdən Afaq Bəşirqızı da bizimlə getmişdi. Ordakı gerçək Qarabağı, ab-havanı gözümüzlə gördük. Çox təsirləndim, o ağrı içimə doldu. 10-15 dəqiqənin içində həmin marş yazıldı. Ordan qayıdandan sonra həmkarlarımın hamısına deyirdim ki, siz Bakıda oturmayın, gedin ora, ordakı vəziyyəti gözünüzlə görün. Müharibəni görmək, hiss eləmək istəyirsizsə, cəbhə bölgəsinə gedin.
(Hurriyyet.org. ardı var)