BolgeXeber.Com » Xəbərlər » Hacıbala Abutalıbova mer demək olmaz, çünki...

Hacıbala Abutalıbova mer demək olmaz, çünki...

3-02-2017, 09:37
Oxunub: 2 195 Hacıbala Abutalıbova mer demək olmaz, çünki...“Azərbaycanın Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı Avropa Şurası qarşısında öhdəliyi yoxdur”

Hər kəskin hava şəraitindən sonra yada düşən mer seçkiləri...
Qarlı günlər Bakı şəhərində yaranan iflic durumla müşayiət olundu. Hər yağışlı-qarlı havada əziyyət çəkən şəhər sakinlərinin ağlına isə ilk növbədə şəhər meri Hacıbala Abutalıbov gəlir. Çünki şəhərin infrastrukturuna cavabdeh olan bu səlahiyyətli şəxs yaranan problemləri hər dəfə öz üslubunda həll etməyə çalışır.

Bir dəfə zarafat, növbəti dəfə absurd təkliflərlə. Və insanları daha çox bu məqamda Bakı meriyasına seçkilər mövzusu düşündürür: niyə seçkilər keçirilmir? Əgər H.Abutalıbov seçkilər nəticəsində mer seçilməyibsə, onu “mer” adlandırmaq olarmı?

Qeyd edək ki, bu gün Bakı Cənubi Qafqazda yeganə paytaxtdır ki, mer seçkisi keçirilməyib. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb. Bu gün digər Qafqaz paytaxtlarında, hətta İranda belə mer seçki ilə müəyyən edilir.

“Azərbaycanın Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı Avropa Şurası qarşısında öhdəliyi yoxdur”.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi (AŞYRHK) başçısını əvəz edən Ən Mikallef bir neçə il öncə Bakı meri vəzifəsinin seçkili olması ilə bağlı təklifini Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə şərh edib. Seyidovun sözlərinə görə, yerli idarəetməyə dair Avropa xartiyasının müddəasını AŞ üzv ölkələr öz istəklərilə yerinə yetirir.

«Azərbaycanın mer seçkisi keçirməklə bağlı öhdəliyi yoxdur və Azərbaycan AŞ-nin tövsiyələrini milli maraqlarını nəzərə almaqla yerinə yetirir. Ümumiyyətlə, Azərbaycanın bu gün daha vacib problemləri var» - deyə Seyidov bildirib.

Ancaq ekspertlər deyirlər ki, iqtisadi əlverişlilik və Avropa Şurası qarşısında öhdəliklər baxımından Bakı merinin seçkiləri keçirilməlidir. Daha bir fikir isə odur ki, Azərbaycan üçün mer seçkiləri öz əhəmiyyətinə görə az qala prezident seçkilərinə bərabərdir. Çünki Bakının üç milyondan artıq əhalisi var və bu qədər insanın iştirak etdiyi siyasi proseslər hakimiyyətin maraqları baxımından arzuolunmazdır. Üstəlik, seçkilər Bakı meri kimi önəmli mövqenin nə vaxtsa, müxalif siyasi qüvvələrin əlinə keçməsinə də yol aça bilər. Bakı merinin müxalifətçi olması isə onun hakimiyyətin siyasi maraqlarıyla hesablaşmadan kütləvi etiraz aksiyalarına icazə verməsinə də problem yaratmaz. Bu isə hakimiyyət üçün kifayət qədər ciddi təhlükədir. Ona görə də hakimiyyət Bakıda və Azərbaycanın digər bölgələrində təyinatlı icra başçıları sistemini qoruyub saxlamaqda daha maraqlıdır. Çünki bu sistemdə özlərinin təyin etdikləri icra başçılarına istədiklərini etdirə bilirlər.

Sevinc TELMANQIZI