BolgeXeber.Com » Xəbərlər » “Azəriqaz” Binəqədi sakinlərini iftarsız qoydu- ƏRAZİDƏ QAZ YOXDUR

“Azəriqaz” Binəqədi sakinlərini iftarsız qoydu- ƏRAZİDƏ QAZ YOXDUR

31-05-2017, 17:16
Oxunub: 2 373 “Azəriqaz” Binəqədi sakinlərini iftarsız qoydu- ƏRAZİDƏ QAZ YOXDURBinəqədi rayonu, Biləcəri qəsəbəsində sakinlər təbii qazın nəqlinin dayandırılmasından şikayətlənirlər

Gununsesi.info-ya müraciət edən adıçəkilən qəsəbənin Yəhya Hüseynov küçəsinin sakinlərinin sözlərinə görə, bu hal artıq mütəmadi olaraq təkrarlanır.
Belə ki, mayın 30-da gündüz saatlarından kəsilən təbii qazın verilişi mayın 31-i gecə saat 2:30-da bərpa edilib. Onlar bildiriblər ki, təbii qazın nəqlinin xəbərdarlıqsız dayandırılıması sakinlərə problemlər yaradıb.
Sakinlər qeyd ediblər ki, Ramazan ayı olduğundan iftar süfrəsini hazırlaya bilməyiblər: “Dəfələrlə “185 Qaynar Xətti”nə zəng edib, qeydiyyata aldırdıq. Hər dəfə də opertorlar bildirdi ki, yarım saata təbii qazın nəqli bərpa olunacaq. Lakin nəinki 30-dəqiqəyə, heç 10 saata da bərpa olunmadı. Oruclu insanlardan çarəsiz qalıb ocaq qalayıb iftar naharı hazırlayanlar oldu”.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbiyev Gununsesi.info-ya təbii qazın verilməsində məhdudiyyətin olmasını təsdiqləyib. Onun sözlərinə görə, Binəqədi rayonu ərazisində təbii qazın verilməsi ilə bağlı yaranan məhdudiyyət baş vermiş qəzayla əlaqəlidir.
“Rayon ərazisində qaz sızma hadisəsi qeydə alındığından həmin ərazidə iş gedir. Ona görə də, əhali tələbata uyğun mavi yanacaqla tam təmin oluna bilmir. Rayonun bir hissəsində qazın verilməsində bu gün də məhdudiyyət yaranıb. Qaz sızması aradan qaldırıldıqdan sonra təbii qazın verilməsi bərpa olunacaq. Hazırda problemin gün ərzində aradan qaldırılmasıyla bağlı iş aparılır”-, deyə o bildirib.
Bolgexeber.com