BolgeXeber.Com » Xəbərlər » Özbəkistan Respublikasının nümayəndə heyəti Baş Prokurorluqda olmuşdur

Özbəkistan Respublikasının nümayəndə heyəti Baş Prokurorluqda olmuşdur

6-06-2017, 17:06
Oxunub: 1 885 Özbəkistan Respublikasının nümayəndə heyəti Baş Prokurorluqda olmuşdurGörüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Respublikasının hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi minnətdarlıqla qeyd edilmişdir

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Ombudsmanı Uluqbəy Muxamadiyev və Baş prokurorun müavini İslamcan Erqaşxocayevin rəhbərlik etdikləri nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğunda olmuşdur.
Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Özbəkistan və Azərbaycan dövlətlərinin sınanmış liderləri İslam Kərimov və Heydər Əliyevin müstəsna xidmətlərini nəzərə çatdırmaqla dövlət başçıları Şövkət Mirziyoyev və İlham Əliyevin müəyyən etdikləri siyasi kursun ikitərfəli münasibətlərin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu bildirilmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Respublikasının hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi minnətdarlıqla qeyd edilmişdir .
Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu diqqətə çatdırılmaqla, bu sahədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən işlər, 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi barədə məlumat verilmişdir. Baş prokuror həm inzibati, həm də vətəndaş-məmur təmaslarının minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi barədə məlumat verərək, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından qurumun ciddi nailiyyətlər əldə etdiyini bildirmişdir.
Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran Özbəkistan Respublikası Baş prokurorunun müavini İslamcan Erqaşxocayev hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, xüsusilə, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirmişdir.
Özbəkistan Respublikasının Ombudsmanı Uluqbəy Muxamadiyev də səmimi qəbula görə minnətdarlığını bildirərək ölkəmizin insan hüquqları sahəsində uğurlu fəaliyyətini vurğulamışdır. Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Görüşdə Özbəkistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Şerzad Fayziyev iştirak etmişdir.