BolgeXeber.Com » Xəbərlər » Qusarın mərkəzi bazarını ləğv etmək vaxtı çoxdan çatıb- FOTO

Qusarın mərkəzi bazarını ləğv etmək vaxtı çoxdan çatıb- FOTO

10-07-2017, 16:19
Oxunub: 2 986 Qusarın mərkəzi bazarını ləğv etmək vaxtı çoxdan çatıb- FOTOElə özəl müəssisələr var ki, fəhlələri heç kəsi saya saymadan müqaviləsiz və hətta gündə 12 saat işlədirlər, azyaşlılar ağır əməyə cəlb edilir və s. Bəs bunu kim yoxlamalıdır?

Prezident İlham Əliyev 20 oktyabr 2015-ci ildə “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun imzaladı. Təbii ki, buna ciddi ehtiyac vardı. Çünki yerindən duran əlinə bir portfel götürüb hücum çəkirdi sahibkarların müəssisələrinə, başlayırdı qanunsuz yoxlamalara . Onlar da 3-5 manat verib canlarını xilas edirdilər. Bəli, prezident sahibkarları belələrinin əlindən qurtardı. Lakin sahibkarlar necə, bu qanunu lazımınca dəyərləndirə bildilərmi? Açığını demək lazımdır, heç də hamısı yox. Qanun sahibkarlara geniş imkanlar açdı, bir qalxan kimi onların müdafiəsində durdu. Bəs bəzi iş adamları nə etdilər? Özləri başladılar qanunsuz fəaliyyətlə məşğul olmağa.

Hamınızın bildiyi bir məsələni deyim. Elə özəl müəssisələr var ki, fəhlələri heç kəsi saya saymadan müqaviləsiz və hətta gündə 12 saat işlədirlər, azyaşlılar ağır əməyə cəlb edilir və s. Bəs bunu kim yoxlamalıdır? Deyəcəksiz ki, əmək müfəttişliyi. Haqlısız, amma bu cənablar da yoxlama üçün özəl obyektlərə daxil olanda sahibkarlar o dəqiqə haray-qışqırıq salırlar ki, fəaliyyətimizə müdaxilədir. Kimi çörəyi keyfiyyətsiz bişirir, kimi əhaliyə vaxtı keçmiş ərzaq məhsulları sırıyır və pendirlə yuyucu vasitələri yan-yana qoyur, kimi də mağazanın qarşısında bütün məhsullardan həftəbecər düzəldib “sərgi”açır. Sözümüzün canı var. Qusarda da bir mərkəzi bazar fəaliyyət göstərir. Bu günlərdə “İstipress.com”un şimal müxbirinin yazdığına görə, həmin müəssisə də özəldir. Bu bazarda natəmizlik və antisanitariya baş alıb gedir. Yazılanların arxasınca biz də getdik. Belədə də burada dəfələrlə olmuşduq. Deyilənlər hələ azdır. Bu bazar, bazar yox, əsl azardır. Bir yerdə ki, süd məhsulu zibilliyin yanında, ət natəmizlik içində satılar, daha nə demək olar? Bəli, indi müasir şəhərə çevrilən Qusarın bazarı bir qarayaradır. Nəzərə alaq ki, Şahdağ qış-yay turizm mərkəzinə hər il minlərlə turist gəlir və onların ilk bazarlığı da buradan başlanır. Əcnəbilər bizim haqqımızda nə fikirləşəcəklər? Deməzlərmi ki, nəyə görə şəhərin hər yerində abadlıq işləri aparıldığı halda, bazar çirkab və natəmizlik içində qalıb? İndi yay fəslidir və turistlərin sayı da artıb. Üfunətli bazar isə Qusarın əsl xəcalət məkanıdır. Bir də ki, niyə biz yalnız əcnəbiləri fikirləşək? Niyə özümüzə hörmət etmirik? Məgər biz səliqə-səhmanlı və gözoxşayan bir yerdə nəsə satmağa və bazarlıq etməyə layiq deyilikmi? Qusarda bir neçə aydır ki, yeni və müasir üslublu bazar əhalinin istifadəsinə verilib. Müşahidə etdik ki, bazarda qiymətlər nisbətən ucuzdur. Ən təəccüblüsü budur ki, natəmizlik və çirkab içində alver edənlər bura köçmək istəmirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, Qusarın mərkəzi bazarında bir nəfər həvəskar bu rüsvayçılığı çəkmək istəyib. Deyilənə görə, öyrədilmiş qadınlar düşüblər bu oğlanın üstünə və telefonunu zorla əlindən alaraq, çəkdiklərini də siliblər. Təkcə bu məsələni deyil, başqa şeylər də eşitmişik. Aldığımız informasiyaya əsasən, yerli icra hakimiyyəti bazardakı vəziyyətlə bağlı tədbirlər görmək istəyib. Amma bazarı idarə edənlər buna başqa don geyindiriblər və müxtəlif şayiələr yayıblar. Guya sahibkarın fəaliyyətinə maneçilik törədilir və adamların hüquqları pozulur. Onda ortalığa sual çıxır, prezidentin imzaladığı Qanunun 2.1-ci maddəsinə görə, nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müyyən edilən yoxlamalar aparıla bilər. Yaxşı, Qusarın mərkəzi bazarı hamının gözü qarşısında bərbad və antisanitariya vəziyyətdədir. Bəs bu insanların həyat və sağlamlığına təhlükə deyilmi? Bu arada Qusar rayon gigiyena və epidemiologiya mərkəzinin rəhbəri Nadirşah Şirinovun bazarla bağlı “İstipress”ə verdiyi müsahibə böyük təəssüf hissi, hətta deyərdik ki, gülüş doğurur. Hörmətli Şirinov deyir ki, bir sakin kimi o da bazardan narazıdır, amma direktor kimi heç bir söz deyə bilməz. Çünki iki ildir ki, prezidentin müvafiq sərəncamı ilə sahibkarlıq obyektlərində yoxlamalar qadağan edilib. Bu da dövlət məmurunun savadı və mövqeyi. Deyəsən, cənab direktor heç rəhbərlik etdiyi idarənin nəyə cavabdeh olduğunu belə bilmir. Tutaq ki, vətəndaşlara xidmət göstərən özəl müəssisəni siçan və siçovul basıb, orada ciddi antisanitariya hökm sürür, insanların həyatı üçün təhlükə yaranıb. Onda belə çıxır ki, cənab Şirinov buna göz yummalı və vəzifəsini icra etməməlidir. Prezident sərəncamını doğru-düzgün anlamayan bir şəxsdən bundan artıq mövqe gözləmək əbəsdir.

Biz yuxarıda prezidentin verdiyi qanundan sui-istifadə edən sahibkarlardan danışarkən Qusar mərkəzi bazarını nümunə göstərdik. Necə ola bilər ki, hamının gözü qarşısında dövlət başçısının imzaladığı sənədə bir özəl bazarın rəhbəri məhəl qoymasın və buna görə məsuliyyət hiss etməsin. Hesab edirik ki, Qusar rayon icra hakimiyyətinin rəhbərliyi qəti hərəkətə keçməli, antisanitariya vəziyyətində və çirkab içində olan bazarı ləğv etməlidir. Bunun alternativi yoxdur. Bu bazar bütün Qusar sakinləri üçün təhqirdir, onların hüquqlarının tapdalanmasıdır. Məgər bir sahibkarın qanunsuz iddiaları bütün rayon əhalisinin maraq və hüququndan üstündürmü? Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Dövlət Baytarlıq Nəzarəti Xidməti, hətta Qusar rayon prokurorluğu belə əhalinin sağlamlığı və həyatı üçün təhlükə mənbəyi olan Qusar bazarı haqqında təxirəsalınmaz tədbirlər görməlidirlər.

(Fazil Mahmudov “Şimal xəbərləri”)
Qusarın mərkəzi bazarını ləğv etmək vaxtı çoxdan çatıb- FOTO
Qusarın mərkəzi bazarını ləğv etmək vaxtı çoxdan çatıb- FOTO
Qusarın mərkəzi bazarını ləğv etmək vaxtı çoxdan çatıb- FOTO
Qusarın mərkəzi bazarını ləğv etmək vaxtı çoxdan çatıb- FOTO