BolgeXeber.Com » Xəbərlər » Beyləqanda təhsilin başına kimi gətirirsən gətir... - Düzələn deyil

Beyləqanda təhsilin başına kimi gətirirsən gətir... - Düzələn deyil

13-07-2017, 11:56
Oxunub: 2 345 Beyləqanda təhsilin başına kimi gətirirsən gətir... - Düzələn deyilSon aylar əksər media qurumlarında Beyləqan təhsilində yaşanan çoxsaylı qanunsuzluqlardan, baş alıb gedən həngamələrdən və s. bəhs olunur ki, bu da adı çəkilən rayonun təhsilinə verilən qiyməti müəyyən etməyə tam əsaslar verir

Çünki, bəzi KİV nümayəndələrinin dərc etdikləri araşdırma yazılardan da aydın olur ki, Xuraman xanım Rüstəmova şöbə müdiri təyin olunduqdan sonra, sanki Beyləqan təhsili “ölüm təhlükəsi” ilə üz-üzə qaldı. Düzdür, bəzi media nümayəndələri yaşananları ictimailəşdirdi, qol qoyulan qanunsuzluqları, haqsızlıqları hər kəsin diqqətinə çatdırırdı, amma aidiyyəti qurumlar ilk vaxtlar hansısa addımlarını atmadılar. Belə olan halda hər kəsi o məqam düşündürürdü ki, görəsən buna səbəb olan amillər hansılardır? Amma, çox kemədi ki, əksəriyyətin gözlədikləri özünü doğrultdu və rəhbərlik komissiya təşkil edərək Beyləqana göndərdi ki, mediada sadalanan faktlarla bağlı lazımi araşdırmalar aparılsın.
Ümumiyyətlə, xanım şöbə müdirinin atdığı addımlarla bağlı dövrü mətbuatda bu günə kimi çoxsaylı tənqidi açıqlamalar işıq üzü görüb. Məsələn, onun Beyləqan RİH-nin başçısı Vaqif Abdullayevin adından rüşvət toplatdırması, rayon təhsilinin daha da inkişaf etdirilməsi məqsədilə lazımi addımlarını atmaması, daşıdığı vəzifəsi ilə kimlərəsə acıq gəlməsi və s. bu tip xəbərlərdəndir.
Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Xuraman xanım 2016-cı ilin iyunun ayında Beyləqan rayon Təhsil şöbəsinə müdir təyin olunub və o, müdirliyinin təxminən altı ayı ərzində təqribən 34 müəllimi Təhsil Nazirliyinin irəli sürdüyü prosedurlardan keçmədən, rayonun ayrı-ayrı təhsil müəssisələrində işlə təmin edir. Atdığı belə bir addımının qarşılığında isə, hər zaman maddi maraqlarını öndə tutub. Bəzi sakinlərin iddialarına görə, şöbə müdiri ilk vaxtlar müqavilə əsasında işləyənləri, yaşı 65 keçən müəllimləri işdən çıxartmaq hədəsi ilə təhdid etdi, az sonra isə onlarla “dil tapmağı” da bacardı. Hər kəsi daha çox təəccüb qoyan hal o oldu ki, Xuraman xanım Rüstəmova müqavilə əsasında işləyən 300 nəfər müəllimlə təqribən 700-1000 manat “şirinliyin” qarşılığında yenidən müqavilə bağladı və onların hər birinə fəaliyyətlərini davam etdirmək imkanı da yaratdı.
Bəli, bu günə kimi xanım müdirə ilə bağlı kifayət qədər ciddi ittihamlar səslənsə də, nə onun özü, nə də ki, digər qurumlar sadalanan ittihamlara cavab vermirdilər. Deyəsən bir müddət bundan əvvəl nazirlik tərəfindən şöbədə aparılan yoxlamalar, heç də Beyləqan təhsilinin diqqətdən kənarda qalmadığını, lazım gəldilkdə xanım Rüstəmovanın ciddi şəkildə cəzalandırılacağına, sanki ehyam da oldu.
Ümumiyyətlə, bəzi sakinlərinin iddialarına görə Xuraman xanım Rüstəmova təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, rayonda fəaliyyət göstərən təhsil müəssisələrində olduqca acınacaqlı durum yarandı. Yəni, Beyləqanda təhsilin vəziyyəti lazımi səviyyədə deyil və bunu hər kəs də yaxşı bilir. Məsələn, bəzi sakinlər bildirirlər ki, şöbə müdiri yarıtmaz idarəçiliyi ilə elə bir ab-hava yaradıb ki, məktəblərin bir çoxunda normal dərs keçilmirdi və şagirdlərin tam əksəriyyətinin tədris prosesinə marağı yox idi. Məktəb müəllimlərindən bəziləri repititorluq fəaliyyəti ilə məşğul olduqlarından, onlar dərsliklərin tədrisinə o qədər də önəm vermirdilər. Atdıqları addımlarının qarşılığında onlar direktorlara hər ay “görüm-baxım” etdiklərindən, təhsil ocaqlarının rəhbərləri müəllimlərə dərsə gəlməmək imkanı yaradırlar.
Beyləqanın ucqar kəndlərində vəziyyət daha dözülməz olduğundan, sakinlərin iddialarına görə, bəzi kəndlərdəki təhsil ocaqlarının fəaliyyəti yalnız sənədlər üzərində mövcuddur. Xanım şöbə müdiri də, qeyd olunan məktəblər vasitəsilə müəyyən maraqlarını təmin etməyi bacarır. Yəni, büdcədən həmin təhsil müəssisələrində dəslərin tədrisinə, müəyyən təmir-bərpa işlərinin həyata keçirilməsinə müəyyən məbləğdə vəsaitlər ayrılsa da, həmin vəsaitlər müəyyən adlar adı altında mənimsənilir. Bir sözlə, büdcədən ayrılan külli miqdarda vəsaitlər əksər hallarda təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə olunur. Belə bir səbəblər üzündəndir ki, builki qəbul imtahanlarında rayondan olan abituriyentlərin zəif nəticə əldə etdikləri də bildirilir. Verilən məlumatlarda o da vurğulanır ki, son illər ali məktəblərə qəbul olan beyləqanlı şagirdlərin sayı olduqca azalıb və bunun da başlıca səbəbi, adı çəkilən rayonun təhsil sisteminin düzgün idarə olunmamasıdır. Artıq hər kəs o qənaətdədir ki, Xuraman xanım Rüstəmova daşıdığı vəzifəsindən uzaqlaşdırılmayana qədər, Beyləqanın təhsilində vəziyyət düzələn deyil.
Sakinlərin iddialarına görə xanım şöbə müdiri də, digər vəzifə sahibləri kimi RİH-nin başçısı ilə bu və ya digər formada bağlı olan vəzifə sahibidir ki, bu gün o da, “kor atı minib köndələn çapır”. Əgər aidiyyəti qurumlar tərəfindən günü bu gün təhsil şöbəsinin fəaliyyəti araşdırılarsa, o halda dəhşətli faktlar da ortaya çıxar.
Hər kəsə bəllidir ki, dövrü mətbuatda indiyə kimi Xuraman xanımın yarıtmaz idarəçiliyi ilə bağlı silsilə tənqidi açıqlamalar dərc olunub. “Gündəm Xəbər”in əldə etdiyi səhih məlumatlara görə, xanım şöbə müdirinin vəzifədə qalmasına əsas səbəb, məhz onun TN-dəki himayədarından dəstək alması və icra başçısı tərəfindən müdafiə olunmasıdır. Hətta, bəzi media orqanlarında belə bir açıqlamalar da dərc olunub ki, Beyləqan təhsilinə ayrılan vəsaitlərin çoxu xanım şöbə müdiri ilə icra başçısı arasında mənimsənildiyindən, rayon rəhbərliyi daim onu müdafiəçisi rolunda çıxışlar edir. Faciə odur ki, Beyləqanda təhsilin səviyyəsinin respublika üzrə ən aşağı göstəricilərə malik olması haqda da iddialar var.
Mövzu diqqətimizdədir. Araşdırmamız davam edəcək. \\gundemxeber.az\\