BolgeXeber.Com » Xəbərlər » Dənizdə boğulmalarla bağlı dəhşətli statistika - Əhali niyə qadağan olunmuş yerlərdə çimir?

Dənizdə boğulmalarla bağlı dəhşətli statistika - Əhali niyə qadağan olunmuş yerlərdə çimir?

28-07-2017, 17:47
Oxunub: 3 091 Dənizdə boğulmalarla bağlı dəhşətli statistika - Əhali niyə qadağan olunmuş yerlərdə çimir?Yay fəsli başlayandan dənizdə və çaylarda 20 boğulma hadisəsi qeydə alınıb

Fövqəladə Hallar Nazirliyinin yaydığı statistik məlumatlara görə, iyunda 3, iyul ayında 17 nəfər boğularaq həyatını itirib. Xeyli sayda insan isə boğulmaqdan xilas edilib.

Əhali isə bu qədər qorxunc statistikaya və aidiyyəti qurumların qadağan olunmuş çimərliklərlə bağlı xəbərdarlıqlarına baxmayaraq, yenə də həmin yerlərə üz tuturlar. Hətta bir qədər irəli gedib, dənizin xeyli dərin hissələrinə qədər üzürlər.

BakuPost.az-ın əməkdaşı belə faktlardan birini Lənkəran rayonunda lentə alıb. Rayondakı çimərliklərdən birində böyük bir plakatda "burada çimmək qadağandır” yazısının düz altında belə oturub istirahət edən, dənizdə isə üzən insanlar var.


Boğulma hallarının artmasının səbəbləri ilə bağlı BakuPost.az-a danışan FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov insanların ehtiyatsız olduğunu bildirib: "Dəfələrlə insanlara qadağan olunmuş ərazilər barədə xəbardarlıq edirik. Biz bu baradə video çarxlar da hazırlayırıq. Bu haqda saytımızda məlumatlar da vermişik. Müəssisələrdə, insanlar arasında maarifləndirmə işləri aparırıq. Lakin təəssüf ki, statistika göz qabağındadır.

Boğulmanın ilkin səbəbi Bakının küləkli şəhər olmasıdır. Küləkli havada insanlar xəbərdarlığa rəğmən dənizdən çıxmırlar və faciə olur.

Bundan başqa, qadağan olunmuş çimərliklər çox dərindir, güclü yeraltı axın var”.

O. Bayramovun sözlərinə görə, sida boğulmaqdan xilas edilmiş şəxsə ilkin müdaxiləni ətrafdakılar etməlidir: "Suda boğulmaqdan xilas edilmiş şəxsə əksər hallarda ətrafdakı insanlar ilkin tibbi yardım göstərməli olur. Bu baxımdan, hər bir insanın bu haqda məlumatlı olması çox önəmlidir.

Sadə insanlar da boğulan şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıdır. İlk olaraq boğulan şəxsin nəfəs yollarından suyu xaric etmək lazımdır. Boğulan şəxsi şaquli istiqamətdə başıağaşı tutmaq və boğazına, qarnına dolan suyu boşaltmaq lazımdır. Bu zaman onun kürəyinə yüngülcə vurmaq, döş qəfəsini öndən və arxadan sıxmaq lazımdır ki, ağ ciyərlərdən su daha tez xaric olsun. Əgər xəstə hələ də özünə gəlməyibsə, bu zaman ürək masajı və paralel olaraq, süni tənəffüs verilməlidir. Təcili tibbi yardım gələnə qədər ilkin yardımın göstərilməsi çox vacibdir və xəstənin həyatı birbaşa bundan asılıdır.

Həmin şəxsin suda nə qədər qalması da onun həyatda qalması üçün önəmlidir. Əgər insan suda çox qalıbsa, havanın temperaturundan asılı olaraq, ölüm halı baş verə bilər. İsti havada 6 dəqiqə ərzində oksigensiz qalmaq beyin ölümünün gerçəkləşməsinə gətirib çıxarır. Ona görə də, ilkin yardım vaxtında və düzgün edilməlidir”.

Qurum rəsmisi bildirib ki, hazırda FHN-in 41 xilasetmə məntəqəsi fəaliyyət göstərir: "4-ü Kür çayı sahilində, qalanları Lənkərandan Bakıya kimi Xəzər dənizinin sahilindədir. Həmçinin Bulvar ərazisində də var. Eyni zamanda bizim kiçik həcmli gəmilərə nəzarət və Dövlət Xilasetmə Xidməti var. Bu xidmətin Dalğıc Xilasetmə şöbəsi var. Onlar da nəzarətsiz yerlərdə batan insanları xilasetmə əməliyyatlar aparırlar.

Amma ondan başqa qeyri-çimərliklər, Kür çayı, Xəzər dənizinin nəzarətsiz hissələrində boğulma barədə hər hansı bir müraciət daxil olarsa, işçilər dərhal gəlir, xilasetmə əməliyyatına başlayırlar”.