BolgeXeber.Com » Xəbərlər » Əgər Qaçqınkom övladlarımın anasız böyüməsini istəmirsə… - Məcburi köçkün müraciət yaydı

Əgər Qaçqınkom övladlarımın anasız böyüməsini istəmirsə… - Məcburi köçkün müraciət yaydı

31-07-2017, 16:17
Oxunub: 2 063 Əgər Qaçqınkom övladlarımın anasız böyüməsini istəmirsə… - Məcburi köçkün müraciət yaydıVətəndaş 1993-cü ildən baxımsız, antisanitariya şəraitində yaşadığından şikayətçidir

“Mən həyatdan bezmişəm. Artıq yaşamaq istəmirəm. Nə qədər ki, canım sağdı müraciət edirəm. Sonra deməsinlər ki, vətəndaş bizə müraciət edərdi”. Bu sözləri Kivnews.com İnformasiya Portalına açıqlamasında Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin 4 ünvanında müvəqqəti məskunlaşmış, Cəbrayıl rayonundan məcburi köçkün Adilə Həsənova bildirdi.

Vətəndaş 1993-cü ildən baxımsız, antisanitariya şəraitində yaşadığından şikayətçidir. Bildirir ki, yararsız və uçub-dağılmış idarə binasında məskunlaşıb. Bu vaxta kimi heç kim onunla maraqlanmayıb. Qışqa yağış birbaşa evinin içinə tökülür. Artıq bu əziyyətə dözə bilmir. Ona görə də ölkə başçısına, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət edərək Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yeni tikilmiş binadan mənzil istəyir: “Başa düşə bilmirəm ki, bu mənzillər kimə verilir? Əgər imkansız, qəzalı vəziyyətdə yaşayan məcburi köçkünlərə verilirsə, elə birinci mənə verilməlidir. Amma “mənzilləri mərhələli şəkildə veririk” deyərək başımın altına yastıq qoymasınlar. Çünki 1993-cü ildən bu yana minlərlə mənzil məcburi köçkünlərə verilib. Amma məni nəzərə alan yoxdur. Sözümü ötən müraciətimdə demişəm, yenə də təkrar edirəm. Və elə düşünülməsin ki, kimlərəsə hədə-qorxu gəlirəm. Bu dəfə Ramana qəsəbəsində tikilən 50 mənzilli binada məni mənzillə təmin etməsələr, elə binanın önündə üstümə benzin töküb yandıracam. O zaman istər Qaçqınkom rəsmiləri, istərsə də bu vaxta kimi yazılı müraciət etdiyim dövlət qurumları anlasınlar ki, vətəndaşı ölümə təhrik etmək olmaz”.

Adilə Həsənova əlavə edib ki, əlaqədar dövlət qurumlarına etdiyi onlarla yazılı müraciətlərə cavab verilmir: “Bu vaxta kimi yazılı şəkildə çox müraciətlər etmişəm. Etdiyim müraciətlərin qəbzlərini saxlayıram. Hətta teleqram belə vurmuşam. Amma müraciətlərimə cavab verilmir. Sadəcə olaraq Dövlət Qaçqınkom-nun tapşırığı ilə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon Şöbəsindən nümayəndə gəlib yaşayış şəraitimlə tanış oldu. Gördülər ki, acınacaqlı vəziyyətdə yaşayıram. Düşündüm bəlkə bundan sonra mənə hansısa cavab verilər. Amma heç bir cavab verilmir. Onsuzda mən “yox” cavabı gözləmirəm. Məndən ağır şəraitdə yaşayan məcburi köçkün ola bilməz. İki övladımla min bir əziyyət çəkirəm. Əgər Qaçqınkom atasız böyütdüyüm övladlarımın anasız da qalmalarını istəmirsə, bizi sevindirəcək. Əks halda mən bilirəm neyləyəcəm”.

Kivnews.com olaraq Adilə Həsənovanın probleminə biganə yanaşa bilmədik. Çünki onun yaşayışını gözlərimizlə görmüşük. İstər mətbuat olaraq biz, istərsə də Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi bu məsələyə həssaslıqla yanaşmalıdır. Çünki məhz ehtiyacı olanı evlə təmin etmək gərəkdir.

Mövzunu diqqətdə saxlayacağıq.