BolgeXeber.Com » Xəbərlər » DSMF-nin Zərbab rayon şöbəsinin müdiri əlilin təqaüdünü kəsib, qardaşını məhkəməyə verərək pul tələb etdi-VİDEO

DSMF-nin Zərbab rayon şöbəsinin müdiri əlilin təqaüdünü kəsib, qardaşını məhkəməyə verərək pul tələb etdi-VİDEO

7-08-2017, 15:59
Oxunub: 3 220 DSMF-nin Zərbab rayon şöbəsinin müdiri əlilin təqaüdünü kəsib, qardaşını məhkəməyə verərək pul tələb etdi-VİDEODövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri anadangəlmə 1-ci qrup əlilin təqaüdünün azaldılmasına etiraz olaraq qardaşı tərəfindən yazılan şikayət ərizələrinə görə Zaur Əbülhəsənlini məhkəməyə verib

Zərdab rayon Bıçaqçı kənd sakini Zaur Əbülhəsəninin qardaşı Fərid Əbülhəsənli anadangəlmə 1-ci qrup əlil və yataq xəstəsidir. Fiziki məhdudiyyətli Fərid Əbülhəsənlinin təqaüdünün azaldılmasına etiraz olaraq onun qardaşı bəzi dövlət orqanlarına şikayət ərizəsi ünvanlayıb.
DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev isə həmin ərizələrdə qeyd olunanların onun işgüzar nüfuzuna xələl gətirdiyini əsas tutaraq Zaur Əbülhəsənlini məhkəməyə verərək, 5000 AZN təzminat tələb edib.

“Ailəmizdə heç kəs işləmir. Atam 20 il əvvəl vəfat edib. Yaşlı anam, iki azyaşlı uşağım, həyat yoldaşım və yataq xəstəsi qardaşımla sökük bir daxmada yaşayırıq.”

Şikayətçi bildirir ki, sözügedən təqaüdün azaldılması onların onsuz da pis olan maddi vəziyyətini daha pis duruma salır.
“Artıq ildən yuxarı müddətdir ki, bu məsələ ilə bağlı DSMF-nin Zərdab rayon şöbəsinə müraciət edirik, amma həmişə müraciətlərimiz cavabsız qalır. Prezident İlham Əliyevin göstərişi ilə qardaşım Fərid Əbülhəsənliyə təqaüd düşür, ancaq Canpolad Vəliyev həmin təqaüdün belə düzgün formada verilməsinə şərait yaratmır, süni əngəllər törədir.” – deyə Zaur Əbülhəsənli bildirib.
Şikayətçinin verdiyi son məlumata görə ,hal-hazırda Canpolad Vəliyev məhkəməyə verdiyi şikayət ərizəsini geri götürüb. Amma ərizənin geri götürülməsi məsələnin həll olunduğuna dəlalət etmir.

İmtiyazlı ailələrə, əlil vətəndaşlara qarşı diqqət və qayğı daim ölkə başçısının diqqət mərkəzində olub.
Həmçinin Heydər Əliyev Fondunun hesabına ölkə daxilində və xaricində müayinə, hətta əməliyyat olunan fiziki məhdudiyyətli şəxslər həddən artıq çoxdur. Bundan xəbərdar olmaq üçün xəbər portallarında araşdırma aparmaq kifayətdir.

Son illər bu diqqət və qayğının bölgələrimizdə də geniş vüsət aldığı bir dövrdə DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin yol verdiyi hərəkətlər məmur-vətəndaş münasibətlərinə kölgə saldığı danılmazdır.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün DSMF-nin Zərdab rayon şöbəsi ilə əlaqə saxlamaq istəsək də, dəstəyi qaldıran olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şikayətçi Zaur Əbülhəsənli məsələnin ictimailəşməsi üçün prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət hazırlayıb.
Həmin videonu təqdim edirik.

İbrahim

Bolgexeber.com