BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda test imtahanı ləğv edilir

Azərbaycanda test imtahanı ləğv edilir

24-08-2017, 10:24
Oxunub: 3 547 Azərbaycanda test imtahanı ləğv edilirDİM sədri Məleykə Abbaszadə 2018-ci ildə son test imtahanının keçiriləcəyini açıqladı; “Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb”

“İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”. Lent.az ttp://lent.az/-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.
M.Abbaszadə deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.


M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.


Bu il ali məktəblərə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərənlərin sayı 300 nəfər (13%) artıb.
Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində bildirib ki, qəbul imtahanlarında 500-dən yuxarı nəticə göstərənlərin sayı 12,97% olub, ötən il isə bu rəqəm 12,6% təşkil edib.


M. Abaszadə deyib ki, 0-100 bal arası nəticə göstərənlərin arasında da müəyyən fərq müşahidə olunub: “Belə ki, ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030 nəfər idisə, bu il 11 999 nəfər belə nəticə göstərib. Bu il ali məktəblərə qəbul imtahanların 2 dəfə keçirilməsi bizə zəmin verirdi ki, nəticələrin ümumi tendensiyasında yaxşılaşma olacaq. Çünki birinci imtahandan sonra çox aşağı nəticə göstərənlər ikinci imtahana yazılmadılar. Yaxşı, hətta əla nəticə göstərənlər isə öz zəif və güclü nəticələrini görüb ikinci imtahan daha hazırlıqlı gələrək daha yaxşı bilik nümayiş etdirdilər. İmtahanların nəticələrinə əsasən deyə bilərik ki, I qrupda orta bal 2,6 bal (1,15%) artıb. II qrupda abituriyentlərin sayı azalıb və orta bal 11 bal (-4,16%) aşağı düşüb. III qrupda abituriyentlərin sayı 797 nəfər artıb və orta bal 6,67 bal (0,01%) artıb. V qrupda da ötən illə bu ilin arasında 12 bal (3.74) artım var. Ümumi bütün qruplar üzrə nəticələri götürsək, görürük ki, orta bal -1 bal (0,4%) aşağı düşüb. Ümumilikdə nəticələr onu deməyə əsas verir ki, bu il bakalavr pilləsində imtahan verən məzunların nəticələri ötən illə təxminən eyni səviyyədədir”.