Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans işə başlayıb
11-10-2017, 15:32
Oxunub: 2 167
Oktyabrın 9-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans işə başlayıb
Bolgexeber.com xəbər verir ki, konfrans Azərbaycan Respublikası Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), həmçinin Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirə Şərqi Avropa, Balkan regionu və Mərkəzi Asiya ölkələrinin hüquq mühafizə orqanlarının 50-dək əməkdaşı, beynəlxalq ekspertlər, BPA-nın rəsmi şəxsləri, həmçinin Azərbaycanın hüquq mühafizə orqanlarının nümayəndələri qatılıblar.
Konfransın açılış mərasimində BPA-nın baş katibi, eyni zamanda, Assosiasiyanın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) rəhbəri və Niderland Krallığının “Eurojust”da təmsilçisi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes iştirak ediblər.
Azərbaycan Respublikası baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sürətlə qloballaşan dünyada kibercinayətkarlıq probleminin xüsusi aktuallığı və ona qarşı dövlət orqanları tərəfindən aparılan mübarizənin vacibliyi barədə ətraflı məlumat verərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərə qarşı mübarizənin ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanda korrupsiya, çirkli pulların yuyulması və kibercinayətkarlıq da daxil olmaqla cinayətkarlığın bütün təzahürlərinə qarşı Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə barışmaz mübarizə aparılır. Azərbaycan Respublikasının 2010-cu ildən Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşularaq bu beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində sistemli inzibati və normativ tədbirlər gördüyünü vurğulayan K.Əliyev diqqətə çatdırıb ki, həyata keçirilmiş hüquqi və institusional islahatlar nəticəsində ölkəmizdə ən müasir beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırılıb. Baş İdarə rəisi dövlətimizin başçısının 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın bu istiqamətdə fəaliyyətin uğurla davam etdirilməsi üçün mühüm siyasi hüquqi sənəd olduğunu xüsusu vurğulayıb.
K.Əliyev Azərbaycanın hüquq mühafizə orqanları ilə BPA arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqda ətraflı məlumat verib.
Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, BPA-nın baş katibi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxışlarında kibercinayətkarlığa qarşı mübarizə işində dövlət orqanları və beynəlxalq təşkilatların fəaliyyətlərinin səmərəli əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasının, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasının, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılmasının, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda, həmçinin kibercinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığının artırılması və səmərəliliyin təmin edilməsində keçiriləcək təlimlərin əhəmiyyəti qeyd olunub.
Açılış çıxışlarından sonra konfrans işini sessiyalarla davam etdirib.
Oktyabrın 11-dək davam edəcək konfransda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də işçi qruplar çərçivəsində praktiki məsələlərin həlli nəzərdə tutulub.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman