BolgeXeber.Com » Xəbərlər » Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi

Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi

15-12-2017, 13:25
Oxunub: 2 834 Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldiBöyük Vətən Müharibəsi zamanı, 1943-cü il sentyabrın 26-da öldürülən azərbaycanlı əsgər, yefreytor İbiş Mirzəyevin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində tapılıb

Sputnik Azərbaycan bildirir ki, Mirzəyev 1907-ci ildə Azərbaycan SSR-in Laçın rayonunda anadan olub. Döyüşçülərin axtarışı ilə Sovet İttifaqı qəhrəmanı P.D.Xrenov adına birlik məşğul olub. Onun tərkibinə “Patriot”, “Çeka” və “Sapşo” kimi dəstələr daxildir.

2017-ci ildə aparılan axtarışlar nəticəsində Smolensk vilayəti ərazisində itkin düşmüş 26 cəsur döyüşçünün qalıqları tapılıb. Arxiv materiallarının tədqiqi nəticəsində bu adamların adlarını bərpa etmək mümkün olub. Bu günlərdə məlum olub ki, Mirzəyevlə yanaşı Rusiyanın Başqırdıstan, Saratov, Tula, Voronej vilayətlərinin, eləcə də Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistandan olan əsgərlərin də qalıqları tapılıb.

Axtarış aparanlar, indiyə qədər haqlarında heç nə məlum olmayan döyüşçülərin qohumlarını tapılması istiqamətində yorulmadan çalışırlar. Döyüşçülərin cəsədləri bu gün artıq öldükləri yerdə deyil, “Xatirə düzənliyi”ndə dəfn olunub. Onların yenidən dəfn olunması mərasimi 21 sentyabr 2017-ci ildə RF Smolensk vilayətinin Demidov rayonunda keçirilib.

Qeyd etmək lazımdır ki, Böyük Vətən Müharibəsi həyatından qırmızı xətlə keçən minlərlə insanın taleyi, eləcə də onların dəfn olunduğu yer qaranlıq qalır.

Rusiya prezidenti Vladimir Putin həlak olmuş döyüşçülərin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra göstəriş və fərmanlara imza atıb. Buna müvafiq olaraq, Rusiya Müdafiə Nazirliyi 2007-ci ildə “Memorial” Ümumiləşdirilmiş Məlumatlar Bankı yaradıb. Bankda Böyük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə həlak olmuş və itkin düşmüş döyüşçülər barədə məlumatlar toplanıb.

Bu gün hər birimizin imkanı var ki, bu layihə sayəsində müharibədə ölən doğma və yaxınlarımız barədə məlumat əldə edək və onların dəfn olunduğu yeri müəyyənləşdirək.

“Memorial”da 17 milyon insanın arxiv sənədləri, həmçinin 45 mindən artıq dəfn olunmuş döyüşçünün pasportu toplanıb. Hazırda istənilən şəxs real sənədlərlə tanış ola və adamların axtarışını həyata keçirə bilər.

“Memorial” Ümumiləşdirilmiş Məlumat Bankına bənzəyən məlumat bankı dünyanın heç yerində yoxdur.