BolgeXeber.Com » Xəbərlər » İmamlar və yardımçıları gələn ildən dövlətdən maaş alacaq

İmamlar və yardımçıları gələn ildən dövlətdən maaş alacaq

19-12-2017, 11:10
Oxunub: 1 905 İmamlar və yardımçıları gələn ildən dövlətdən maaş alacaqDini Komitə təsdiqlədi, fevraldan məscid xadimləri rəsmi maaş alacaqlar; bununla onların sosial təminatı məsələsi də müəyyən mənada həllini tapacaq...

“Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar”. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mediaya açıqlamasında məlumat verib.

Komitə sədri deyib ki, hazırda əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: “Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əmək haqqı alacaqlar”.

M.Qurbanlı deyib ki, yaxın günlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Bundan bir müddət sonra, yanvar ayından fond fəaliyyət göstərəcək, fevraldan isə din xadimləri maaş ala biləcəklər.

Xatırladaq ki, Azərbaycanda “Mənəvi Dəyərlərin Təbliği Fondu” yaradılmasına dair Azərbaycan prezidentinin fərmanı bu ilin oktyabrında imzalanıb. Bununla bağlı prezident fərmanında qeyd olunur ki, fondun yaradılmasında əsas məqsəd mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafını təmin etməkdir. Sitat: “Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılması, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi verəcək”.

Nizamnamə kapitalı 100 min manat olan fond Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. Artıq fondun 15 nəfərdən ibarət ştatı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ancaq hələlik fonda sədr və digər ştatlar təsdiqlənməyib. M.Qurbanlının sözlərindən də məlum olur ki, ilin sonuna qədər Himayəçilər Şurası təsdiqlənəcək.

“Mənəvi Dəyərlərin Təbliği” Fondunun ilk və hələlik yeganə vəzifəsi din xadimlərinə maaş vermək olacaq. Ölkə üzrə fəaliyyət göstərən 1500-dən çox məscid var və bunların hələlik yalnız yarıya qədərinə rəsmi təyinat olub. Bizə çatan məlumata görə, tezliklə yerdə qalan məscidlərdə də rəsmi təyinat həyata keçiriləcək və bu məscidlər dövlət qeydiyyatına alınacaq, onların işçilərinə - imam və yardımçılarına maaş ödənəcək. Hələlik maaşların dəqiqləşdirilməsi prosesi gedir. Ancaq əldə etdiyimiz məlumata görə, məscidlərin imamlarına 400, onun yardımçılarına isə bir qədər az maaş ödəniləcək.

Yeri gəlmişkən, Azərbaycanda bəzi məscidlərdə din xadimlərinə maaşlar bu günə qədər də verilib. Əsasən Bakıdakı, həmçinin QMİ-nin yerli nümayəndələri olmaqla əsas məscidlərin imam və axundları maaş alıblar. Təxminən 300-ə qədər məsciddə işçilərə maaş verilib. Ancaq gələn ildən maaşları artıq QMİ deyil, yeni fond ödəyəcək.

Din xadimlərinə maaş verilməsi onların dövlət işçisi statusu alması anlamına gələcək. Bununla həm də onların sosial təminatı məsələsi müəyyən mənada öz həllini tapacaq. Eyni zamanda ilahiyyat təhsili olan işsiz insanlar işlə təmin olunacaqlar.

Ancaq bu tənzimləmənin dini sferada necə qarşılanacağı müəyyən deyil. Bu bir mənada “dövlət ruhanisi” və ya “rəsmi ruhaniyyət” kimi bölgülərin yaranmasına gətirəcək. Doğrudur, daha əvvəl də rəsmi olmasa da, qeyri-rəsmi belə bir bölgü vardı, ancaq bundan sonra bu bölgü rəsmiləşəcək.

Yeri gəlmişkən, qonşu Türkiyədə məscidlərin ruhani işçiləri dövlət məmuru kimi qeydiyyata alınır və onların hər birinə dövlət tərəfindən maaş verilir. Türkiyədə 80 mindən çox məscid olduğu və bu məscidlərdə imam və müəzzinlərin (azan oxuyan şəxs - K.R.) maaş aldığı məlumdur.

Kənan RÖVŞƏNOĞLU