BolgeXeber.Com » Xəbərlər » Bugünkü külək niyə təhlükəlidir? - Açıqlama

Bugünkü külək niyə təhlükəlidir? - Açıqlama

30-03-2018, 14:54
Oxunub: 1 964  Bugünkü külək niyə təhlükəlidir? - AçıqlamaEkologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyi təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakıda bu gün müşahidə edilən küləyin təhlükəli olması haqda niyə həyəcan təbili çalınıb? "Küləklər şəhəri” kimi tanınan Bakıda külək doğrudanmı təhlükəli həddə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Axar.az-a bildirib ki, bugünkü hava ilə bağlı belə ciddi həyəcan verilməsinə səbəb küləyin sürətinin xeyli artmasıdır:
"Təhlükə ondan ibarətdir ki, Bakıda küləyin sürəti nadir hallarda bu həddə çatır. Bakı "küləklər şəhəri” olsa da, sürəti saniyədə 25-30 metrə çatan şimal-qərb küləyi paytaxt üçün xarakteristik deyil. Güclü və təhlükəli külək gün ərzində yarımadanın bəzi yerlərində hətta 35 metrə qədər çatacaq. Hava sabah səhər saatlarından sonra mülayimləşəcək. Ancaq ümumilikdə bir neçə gün hava şəraiti qeyri-sabit keçəcək. Havanın aprel 1-dən etibarən mülayimləşəcəyi gözlənilir”.
Havanın küləkli keçməsinə görə dənizçilərə də həyəcan verilib. Votsapda yayılmış xəbərdarlıq mesajında deyilir:
"Martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyinin sürətinin saniyədə 19-24, arabir 28-30 metrə qədər güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti arabir 35-38 metr olacaq. Dalğanın hündürlüyü 2,5-4,5 metr, sonrakı iki həftə 5,0-8,0 metr və daha da çox olacaq”.
Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ən güclü küləyin 11 il əvvəl - 2007-ci il 24-25 fevral tarixlərində paytaxt Bakıda və Abşeron yarımadasında müşahidə edildiyini qeydə alıb. İki gün davam edən şimal-qərb küləyinin maksimal sürəti 35-40 metr saniyə təşkil etmişdi.