BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda son günlərin ən qalmaqallı videosunu yayan şəxs cəzalandırıla bilər

Azərbaycanda son günlərin ən qalmaqallı videosunu yayan şəxs cəzalandırıla bilər

4-04-2018, 09:56
Oxunub: 1 874 Azərbaycanda son günlərin ən qalmaqallı videosunu yayan şəxs cəzalandırıla bilərSumqayıt şəhər Təhsil İdarəsi məktəbin yanında uşaqları izləyən kişinin videosunu yayan pedaqoqu cəzalandıra bilər. Bunu İdarənin rəhbəri Nizami Namazov bildirib.

Qeyd edək ki, ötən gün, aprelin 2-də WatsApp mobil tətbiqində məktəblilərin valideynləri bir-birilərinə videoçarx yollayıblar. Videoda bir kişinin 24 saylı məktəbin yaxınlığına getdiyi və bir uşağa yaxınlaşaraq onunla söhbət etdiyi görünür. Hamı videodan əlavə səsli mesaj da alıb. Mesajda qadın səsi izah edir ki, o, 28 saylı məktəbin pedaqoqudur. O bildirir ki, video polisdən götürülüb və burada sifəti görünən kişini polis axtarır. Pedaqoqun verdiyi məlumata görə, hüquq-mühafizə orqanları həmin kişinin həddi-buluğa çatmayan uşaqlara qaşı seksual xarakterli hərəkətlər etməsindən şübhələnir.

Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Namazov qeyd edib ki, həmin pedaqoqu və eləcə də 28 saylı məktəbin direktorunu yanına çağırıb. Onların hər ikisi izahat yazıb. Pedaqoqun məsələsinə yaxın vaxtlarda Pedaqoji Şurada baxılacaq. Namazovun sözlərinə görə, baxmayaraq ki, həmin video artıq 3 gündür mobil telefonlarda dolaşır, ona zərərçəkmiş uşaqların valideynləri tərəfindən hər hansı şikayət daxil olmayıb. Ola bilsin, bu barədə polisdə hansısa məlumat var, amma ona bu haqda heç nə məlum deyil.

Pedaqoqun hərəkətinə gəlincə, o, bu informasiyanı yaymamışdan əvvəl öz məktəbinin rəhbərliyinə məlumat verməli və Namazovla məsləhətləşməli idi. Yalnız şöbənin rəhbəri tərəfindən polisə xəbər verildikdən sonra müəyyən razılaşdırılmış tədbirlər görmək olardı.

Təhsil şöbəsinin müdiri, bu videonun polisin cinayətkarı tutmaq planlarını poza biləcəyini istisna etməyib.

Sumqayıt məktəblərinin təhlükəsizliyinin necə təmin olunması məsələsinə gəlincə, Namazov qeyd edib ki, orada ayrıca mühafizə sistemi yoxdur. Təhlikəsizliyə mülki şəxslər olan gözətçilər nəzarət edir. Bu, hər bir təhsil müəssisəsində olan xüsusi ştatdır. Onlar məktəbə gəlib-gedən hər bir şəxsi izləyirlər. Bu prosesə gözətçilərlə birlikdə direktor özü də nəzarət edir. Əsasən təhsil müəssisəsinə məktəb rəhbərliyinə yazılı, yaxud şifahi formada müraciət edən valideynlər daxil olur.

Qeyd etmək lazımdır ki, pedaqoq bu barədə informasiyanı yayarkən vətəndaşlıq mövqeyindən çıxış edib və instinktiv olaraq uşaqları mümkün təhlükədən qorumağa çalışıb. Ola bilsin, bu addım polisin planlarına təsir edib, amma heç olmasa, məktəblilərin valideynləri bundan sonra məsələyə daha həssaslıqla yanaşacaq və uşaqlarına naməlum şübhəli şəxslərlə necə davranmaq lazım gəldiyini aydın izah edəcəklər.(sputnik.az)