BolgeXeber.Com » Xəbərlər » Toylarda başımızın üstünü kəsdirən təhlükə

Toylarda başımızın üstünü kəsdirən təhlükə

2-11-2018, 12:42
Oxunub: 2 003 Toylarda başımızın üstünü kəsdirən təhlükəQida Təhlükəsizliyi Agentliyi iaşə müəssisələrində bütün əməkdaşların dövrü tibbi müayinələrdən keçməsini istəyir

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 aylıq fəaliyyəti onu deməyə əsas verir ki, hazırda ölkədə qida təhlükəsizliyi sahəsində ən pis səhnə ictimai iaşə müəssisələrindədir”.

Ekspertlər həyəcan təbili çalır: “Bircə dəfə ölkədə turist zəhərlənməsi olsa….turizmə qoyulan bütün sərmayə batar”

Bunu jurnalistlərə açıqlamasında agentliyin sədri Qoşqar Təhməzli deyib. Q.Təhməzli qeyd edib ki, bu hallar əsasən şadlıq evlərində, xüsusilə də insanların kütləvi qidalanma məkanlarında qeydə alınır.

O, həmin müəssisələrin sahiblərinə tövsiyə edib ki, agentliyin müvafiq ekspertlərinin köməyindən istifadə edərək öz işlərini yaxın gələcəkdə qüvvədə olan sanitariya-gigiyena norma və qaydalarına, eləcə də beynəlxalq standartlara uyğun qursunlar.

O qeyd edib ki, şadlıq evləri ilə bağlı agentliyin tədbirlər planı var: “Şadlıq evlərində agentlik tərəfindən xüsusi monitorinqlər həyata keçiriləcək. Artıq bəzi nazirliklər monitorinqlərə başlayıb və bu sahədə müəyyən nöqsanlar aşkar edilib. Lakin qida təhlükəsizliyi sahəsində agentliyin aparacağı yoxlamalar zamanı əsasən həmin ictimai iaşə müəssisələrinə xəbərdarlıq ediləcək ki, mənşəyi məlum olmayan məhsulların kütləvi istifadəsi qadağandır. Onların əhalinin qidalanmasına verəcəkləri məhsullar mütləq mənşəyi məlum olan qida məhsulları olmalı, müvafiq qida təhlükəsizliyi sertifikatı ilə təmin olunan məhsulları kütləvi qidalanmaya verməyə borcludurlar. Həmçinin istifadə etdikləri bütün məhsullar müvafiq ekspertizalara cəlb olunmalı, əməkdaşları dövrü tibbi müayinələrdən keçməlidir. Bu, çox önəmli məsələdir. Eyni zamanda qida hazırlanan yerlər sanitar-texniki və sanitar-gigiyenik göstəricilərinə görə qüvvədə olan qaydalara uyğun olmalıdır. Əks halda, bizim tərəfdən həmin müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər də tətbiq olunacaq”.

Azərbaycan insanı gəzməyi, gözəl qidalanmağı, restoranlarda vaxt keçirməyi sevir. Amma bu fonda yaranan problemlər də qaçılmaz deyil. Əgər yemək yediyimiz restoranlar bizə keyfiyyətsiz, gigiyena normalarından uzaq yeməklər təqdim edirlərsə, bunun fəsadlarını ciddi şəkildə yaşaya bilərik. Ya da xidməti personalın gigiyenası, sağlamlıq durumu da hər zaman narahatlıq doğuran məsələdir. Bizə birbaşa xidmət edən, qulluq göstərən şəxslər nə dərəcədə sağlamdılar, yoluxucu xəstəliklərdən uzaqdılar?

Eyyub Hüseynov: “Ən müxtəlif xəstəlikləri olanları işə götürürlər”

“Yeni Müsavat” mövzunu ekspertlər və faktların müşayiəti ilə araşdırır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizə açıqlamasında bildirdi ki, Q.Təhməzlinin fikirləri ilə razıdır. Onun sözlərinə görə, Azərbaycanda bir çox sahələr quyunun dibinə düşdüyü kimi, bu sahədə də ciddi problemlər özünü göstərir: “Bir çox dünya ölkələrinin ipək yolu üzərində olan restoran-kafelərdə antisanitariya hökm sürür. Biz bir müddət bir telelayihə çərçivəsində iş apardıq. Şəhərin mərkəzində elə restoranlar gördük ki, bər-bəzəkli, hamısından gözəl idi. Müasir standartlara cavab verən, gözəl quruluşda idi, amma mətbəxi bərbad gündə idi. Məsələn, restoranlardan birində mətbəxdə olan yeməyi haradasa başqa yerdə hazırlayıb gətirirdilər. Qazanlara doldurub gətirirdilər restorana. Bundan başqa, demək olar ki, hamısında mətbəxi izləmək sistemi yox idi. Yalnız bir restoranda nail olduq ki, 4 gündə mətbəxi dəyişdilər. Zala monitor, mətbəxə videokamera qoydular. Zalda oturan istehlakçı mətbəxdə nə baş verdiyini gördük. Mən bunu ona görə deyirəm ki, belə örnəklər var”.

Müsahibimiz bildirdi ki, bu kimi halların davam etməsini istəyir. O, bir çox restoranları əhalinin kütləvi zəhərlənmə mənbəyi adlandırdı. E.Hüseynov vurğuladı ki, şadlıq evləri və restoranlarında iş başlayanda dövlət məmurları evlərinə gedir: “Həmin saatlarda restoranlarda nəsə baş versə, iş vaxtı qurtarmış olur və hər hansı iş görülə bilmir. İki ay öncə agentliyi 12 təklif verdim. Bu təklif cəld reaksiya mexanizminin yaradılması ilə bağlı idi. Zəhərlənmə olanda, ya da təhlükəli qida olanda dövlət məmuru ora girsin və nəzarət etsin. Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xətti var. Ora zəng edəndə deyir ki, zəhərlənmə ilə bağlı 1-i yığın. Operativ reaksiya versə, sevinərəm. Çünki insanlar zəhərlənəndə onlara cəld reaksiya verilməlidir”.

E.Hüseynov bildirdi ki, Q.Təhməzli xalqla işləməlidir. Müsahibimiz bu yaxınlarda keçirilən tədbirlərdən birində onunla qarşılaşdığını və sonuncunun görüşən kimi onu tənqid etdiyini dedi: “Mənə dedi ki, sən elmi danışmırsan. Mənsə onlara təklif edirəm ki, KİV-lə işləsinlər. Agentlik bu sahədə olan problemləri kompleks şəkildə həll etməlidir. Ən müxtəlif xəstəlikləri olanları işə götürürlər. Vərəm xəstələri var ki, restoranlarda insanlara qulluq edir. Yalançı tibbi kağızları alırlar və beləcə problem guya yoluna qoyulur. Bundan başqa, malların saxlanma şəraiti yoluna qoyulmalıdır. Həm personal, həm zallar, həm mətbəx lazımi şərtlərə uyğun olmalıdır. Ola bilər, personal, idarəetmə üçün ayrıca standart alınsın, hər şey İSO 2002 standartına uyğun olsun”.

Qaynar xətdən cavab gəldi – 15-30 gün ərzində zəhərlənmə şikayəti araşdırılacaq

“Yeni Müsavat” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə zəng edərək, qida zəhərlənmələri ilə bağlı 1 nömrəsinə yönləndirilib. Operator xanım əməkdaşımızın sualına cavab olaraq bildirib ki, əgər hansısa iaşə obyektindəki zəhərlənmə faktı ilə bağlı müraciət, şikayət olarsa, qeydə alınır və 15 iş günü ərzində araşdırılır. Amma əlavə öyrənmə, araşdırma üçün əlavə 15 gün də artırılır. Bu da ümumilikdə yoxlanma tələb edən müraciətlərə görə 30 iş günü deməkdir.

Tahir Əmiraslanov: “Bizim restoranlarda yemək olmaz, təhlükəlidir… ”

Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qida Təhlükəsizliyi Agentliyinin bu qısa müddətdə gördüyü işləri dəstəkləyir. Onun sözlərinə görə, çox da böyük olmayan kollektivlə gördükləri işlər təqdirəlayiqdir. Amma müsahibimiz kafe-restoranlarda qida təhlükəsizliyi sahəsində problemlər olduğunu da istisna etmədi: “Sizin yadınızdadırsa, 2010-cu ildə və ondan sonra da dəfələrlə deyirik ki, bizim restoranlarda yemək olmaz, təhlükəlidir. Kütləvi zəhərlənmə, kütləvi ölüm halları ola bilər. Dövlətimiz turizm sahəsinə böyük diqqət yetirir. Cənab prezident nə qədər qanunlar imzalayır. Ölkə nə qədər maliyyə xərcləyir bu sahəyə. Allah eləməsin, bir turist bu restoranda zəhərlənsə, bu, necə böyük qalmaqal olacaq. Hesab edək ki, ekskursiya zamanı bələdçi turistə məlumat verəndə 14-cü əsr yerinə 16-cı əsr dedi. Ya da yolda turist maşını gedəndə bir çuxura düşdü, bunlar ciddi problem deyil, üstündən keçilə bilər. Amma turist gündə 3 dəfə yemək yeyir. Bunun tam qorunması vacib məsələdir. Bizim balalarımız da Bakıda yemək yeyirlər. Bağçada, məktəblərdə, uşaq kafelərində. Bunlar nəzarətdən mütləq keçilməlidir. İtaliyada bütün restoranlar İtaliya Kulinariya Agentliyindən sertifikat alıblar. Özbəkistanda da eyni proses bağçalarda, sosial obyektlərdə də başlanıb”.

T.Əmiraslanov bu sayaq xoşagəlməz hallarla bağlı Qida Təhlükəsizliyi Agentliyinə və Turizm Agentliyinə müraciət etdiklərini dedi. Onun sözlərinə görə, təhsilsiz adamlar özlərinə aşpaz deyirlər: “Xörək bişirənlər özlərini aşpaz kimi təqdim edilir. Burada təhlükələr var. Tutaq ki, adam restoranda zəhərləndi, mədəsini yudular. Amma restoranlarda problem bununla bitmir ki. Bir adamın sənədi yoxdur, sənədsiz işə götürülür. Bu adamlar həkimdən keçmir, qara yara, sarılıq xəstəliyini yayırlar. Yarım ildən sonra da bizim kimi müştərilərin, o restoranda yemək yeyən insanların səhhətində bu xəstəliklər üzə çıxacaq. Bilməyəcəyik ki, haradan yaranıb”.

Müsahibimiz dedi ki, gələcəkdə bu sektorda çalışan yüz minlərlə insan sıraya düzülərək təqaüd ala bilmədiyini deyəcək. Çünki bu obyektlərdə qeydiyyatdan keçməyən, vergi verməyən nə qədər insan var və bu da dövlətçilik üçün ziyandır: “İctimai iaşə obyektlərinin vergilərini azaltmaq lazımdır. Bir kilo əti restoranda satmaq istəyən obyekt sahibi 30-50 dəfə əlavə xərc çəkir. Aşpaza maaş verməlidir, soba almalıdır, kommunal xərcləri ödəməlidir, yer tutmalı, zalın xərcini çəkməli, ofisianta maaş verməlidir və sair. Bütün bunlar astronomik xərclərdir. Restoran sahibləri də maraqlı deyil ki, sənədləşdirsinlər. Kompleks yanaşma lazımdır. Qida Agentliyinin istəyi bundan ibarətdir ki, hər şey sivil dünyada olduğu kimi olsun”.

T.Əmiraslanov hesab edir ki, agentlik bu qədər cidd-cəhdlə iş başlayıbsa, onu alqışlamaq lazımdır: “Bu agentlik kimisə tutub cəzalandırmaq üçün yox, ölkəni qorumaq üçündür. Bildiyim qədər, orada hətta ayağını əyri qoyan bir neçə mütəxəssisi də işdən kənarlaşdırıblar. Amma onların sayı azdır. Əhali, mətbuat, hamımız kömək etməsək, bunlar düzəlməyəcək. Düşünün ki, ölkədə aşpazlığı oxumaq üçün ən savadsız məzunlar gedir. Tutaq ki, aşpazlıq məktəbində əla oxuyur. Amma bir çox proqramları da əlavə olaraq bilməlidir. O proqramlarda bağça uşağının qidalanması üzrə normativ yoxdur. Gəlib bizdə oxuyub, bağça uşaqlarının qidalanması üzrə kurs keçiləcək. Uşağın qidası necə olmalıdır. Sement zavodunda fəhlənin qidası necə olmalıdır. Aşpazlar bunu bilməlidir. Kurslarda olmalıdır”.

Müsahibimiz sonda onu da vurğuladı ki, Azərbaycanın əksər restoranlarında Azərbaycan mətbəxi yoxdur. Ekspertin sözlərinə görə, restoranlarda Azərbaycan səhər yeməyinin tətbiq olunmaması da sual doğuran məqamdır: “Sistemin özündə müəyyən səhvlər var. Bu ətaləti aşmaq üçün bir-iki gün azdır. Mən bu gün agentliyin yanındayam və onlara dəstək verirəm”.